Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron Azərbaycanı ittiham etdi, ardınca Bakıya zəng vurdu - niyə?

Makron Azərbaycanı ittiham etdi, ardınca Bakıya zəng vurdu - niyə?

Tarix: 30 Sentyabr 2022 17:24

Fransanın gərginliyi tətikləyən davranışları "bəhrəsini" verdi; Yelisey sarayındakı görüşdən az sonra erməni ordusu təxribata əl atdı; politoloq: "Fransa və ABŞ-ın Qarabağ məsələsinə qarışmasını qəbul etməyəcəyik"

Ermənistanın 13 sentyabr gecəsi cəbhə boyunca əl atdığı təxribatlara Azərbaycan Ordusunun sarsıdıcı zərbələr endirməsindən sonra həyəcanlanaraq BMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edən Fransa bölgədə gərginliyin artması üçün öz "töhfə"lərini verməkdədir.

Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, təsadüfi deyil ki, bir neçə günlük sükutdan və nisbi sakitlikdən sonra Kəlbəcər istiqamətində Ermənistan ordusunun təxribatı məhz Ermənistan rəhbərliyinin Parisdəki görüşlərindən sonra, 28 sentyabrda baş verdi. Göründüyü kimi, Ermənistan hakimiyyəti hətta Ter-Petrosyanın xəbərdarlıqlarından, Azərbaycanla sülh imzalamaq çağırışından nəticə çıxarmayaraq, bölgəyə hansısa şəkildə müdaxilə etmək istəyən Fransa kimi qarışdırıcı havadarlarının fitnə-felinə uyaraq növbəti sarsıdıcı zərbələr üçün özünə zəmin hazırlayır.

Xəbər verildiyi kimi, düşmən təxribatı nəticəsində bir hərbçimiz yaralanıb, Ermənistan ordusunun isə üç hərbçisi məhv edilib. Bu gərginlikdə tətikləyici rol oynayan heç şübhəsiz ki, həm də Parisin ermənipərəst siyasəti oldu.  Xatırladaq ki, Yelisey sarayında baş nazir Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşdən əvvəl iki ölkə başçısı media nümayəndələri üçün açıqlamalar veriblər. Fransa prezidenti öz çıxışında deyib ki, son günlər Paşinyanla dəfələrlə telefonla danışıb, çünki "Ermənistan sentyabrın 13-də və 14-də silahlı toqquşmalarına görə yenidən yas saxlayır və vəziyyət həqiqətən də kritikdir". Makron Azərbaycanı sərhəddə çoxlu itkilərə səbəb olan genişmiqyaslı hərbi əməliyyatlara görə ittiham edib, "Ermənistan ərazisi hədəfə alınıb, mülki infrastruktur dağıdılıb", deyib. "Bu qəbuledilməz vəziyyət qarşısında Fransa öz öhdəliklərini üzərinə götürüb. BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransa Təhlükəsizlik Şurasının iclasını çağırdı və orada vəziyyət iki dəfə sentyabrın 14-də və 15-də müzakirə edildi. Şura üzvləri hərbi əməliyyatların tezliklə dayandırılmasını və atəşkəs rejiminə hörmət edilməsini tələb ediblər. İşğal olunmuş mövqelərin olduğunu nəzərə alan Fransa Azərbaycan qüvvələrinin öz başlanğıc mövqelərinə qayıtmasını tələb edib" - Fransa prezidenti ardınca bildirib.

Makron sentyabrın 14-də Azərbaycan Prezident İlham Əliyevlə telefonla danışdığını yada salıb. Sitat: "Əliyevə dedim ki, sərhədin demarkasiya edilməməsi başqa ölkənin ərazisinə irəliləməyə haqq qazandıra bilməz. Bundan əlavə, mən sentyabrın 13-dən açıq şəkildə bildirdim ki, Fransa gücdən istifadənin nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu ola bilməyəcəyinə əmindir və dialoqu dərhal bərpa etmək lazımdır. Bütün həll olunmamış, çoxlu sayda məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar müxtəlif formatlarda, xüsusən də AB-nin himayəsi altında aparılır və yenidən başlamalıdır".

Nikol Paşinyan da Yelisey sarayında "cəsarətlənib". Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü Bakını Xankəndi ilə müzakirələrə çağırıb: "Dağlıq Qarabağ məsələsinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək həllini də əhəmiyyətli sayırıq. Düşünürəm ki, Azərbaycanla Dağlıq Qarabağın müzakirələrə başlaması faydalı olar. Bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədri kimi Fransanın rolunu qeyd etmək istəyirəm".

Göründüyü kimi, Paşinyan bir kənara, Makron da heç bir əsaslı səbəb göstərmədən Azərbaycanı başqa ölkənin ərazisinə "təcavüzdə" (!) günahlandırıb. Fransa rəhbəri Prezident Əliyevə nə dediyini açıqlayır, amma cavabında nələr eşitdiyi barədə susur. Çünki əminliklə demək olar ki, Azərbaycan Prezidenti Makrona lazım olan bütün sözləri deyib. Ədalətli mövqedən, Avropa Birliyinin vasitəçiliyi ilə danışıqların davam etməsinin zəruriliyini vurğulayan Makron açıq-aşkar tərəf olduğunu bəyan edir. Makron danışıqların davam etdirilməsi ilə bağlı dediklərində səmimidirsə, dəstəkçisi olduğu Paşinyandan tələb etməlidir ki, sərhədin dəqiqləşməsini və sülh müqaviləsinin hazırlanmasını yubatmasın.

Maraqlıdır ki, sentyabrın 27-də Makron Prezident İlham Əliyevə yenidən zəng edib. Fransa prezidenti Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar. Makronun mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, Fransa dövlət başçısı azərbaycanlı həmkarını atəşkəs rejiminə qayıtmağa və qoşunları əvvəlki mövqelərində saxlamağa çağırıb. Makron həmçinin Prezident Əliyevə "baş nazir Paşinyanın bütün həll edilməmiş məsələlər üzrə danışıqları davam etdirməyə hazır olduğunu və Fransanın onlara töhfə verməyə hazır olduğunu bildirib", - deyə "Turan"ın yaydığı məlumatda deyilir. Fransanın müdafiə naziri Sebastyen Lekornu isə Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edib. Lekornu bildirib ki, həmsöhbətlər Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə ediblər. Fransanın müdafiə naziri "vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətinin təcili olaraq Ermənistana göndəriləcəyini" açıqlayıb. Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey də bu həftə Azərbaycan və Ermənistana səfər edəcək.

Makronun həm sülh çağırışı, həm erməni tərəfini tutması kimi ziddiyyətli mövqeyi necə izah edilə bilər? Paşinyan nələrə razılaşıb ki, Fransa prezidenti yenidən Bakıya zəng edib? Bütün bu sualların cavabları olduqca maraqlıdır...

[İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan Şahinoğlu]

Elxan Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a bildirdi ki, Fransa yenə də bölgədə fəallaşmağa çalışır: "Prezident Makronun Ermənistanın baş nazirini Parisə çağırmaqda da məqsədi bu idi ki, Fransanın guya Cənubi Qafqazda maraqlarının olduğunu göstərsin. Amma Fransa nə vaxta qədər ki, ermənipərəst mövqedən çıxış edəcək, bölgədə ciddi qəbul edilməyəcək. Yəni Fransa Azərbaycanla Ermənistan arasında eyni məsafəni qorumur, ermənipərəst mövqe sərgiləyir. Doğrudur, Fransa prezidenti Paşinyanla görüşdə Azərbaycana mesajlar göndərdi, amma bizi çox da ittiham etmədi. Makron dedi ki, tərəflər arasında sülh, danışıqların genişləndirilməsi lazımdır. Ona görə də  Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Bris Rokfeyin bölgəyə səfəri Azərbaycandan başlayacaq". E.Şahinoğlunun sözlərinə görə, mümkündür ki, hətta Azərbaycan Prezidenti Fransaya səfərə dəvət olunsun: "Amma Fransa artıq inandırıcılıq qabiliyyətini bölgədə itirib. İkinci bir tərəfdən, biz Fransanın vasitəçiliyini qəbul etmirik. Azərbaycan və Ermənistan Avropa İttifaqının vasitəçiliyini qəbul edir. Amma rəsmi Bakı Fransanın vasitəçiliyini qəbul etmir. Çünki rəsmi Parisin ortaya qoyduğu ermənipərəst mövqe var. Bu başqa məsələdir ki, Fransa öz siyasətini korrektə etsə, münasibət dəyişə bilər. Əlbəttə, Fransa Avropa İttifaqının aparıcı dövlətlərindəndir, Azərbaycan bu qurumla əməkdaşlığın davamında maraqlıdır. Ona görə də Bris Azərbaycanda İlham Əliyevlə görüşəcək. O, Fransa xarici işlər nazirinin Cənubi Qafqaz üzrə təmsilçisidir, biz onu Minsk Qrupunun həmsədri kimi qəbul etmirik. Necə ki, ABŞ Dövlət Departamentinin nümayəndəsini həmsədr kimi qəbul etmirik. Əgər Fransa Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçi olmaq istəsə, burada müəyyən qədər zəmin yaratmaq olar. Yox, əgər yenə də Qarabağ mövzusunu müzakirə etmək istəyirlərsə, bu mövzu artıq bizim üçün də qapanıb. Ona görə də Fransa və ABŞ-ın Qarabağ məsələsinə qarışması doğru deyil, biz bunu qəbul etməyəcəyik".

Politoloq Qafar Çaxmaqlı hesab edir ki, Ermənistanın baş nazirinin və dövlət yetkililərinin Amerikaya və Fransaya səfərləri özlərinə müttəfiq arayışlarıdır: "Ermənistan dörd ölkənin üzərində durur: ABŞ, Fransa, İran, Hindistan. Bu ölkələrlə əlaqələrin qurulması həm də Ermənistan ordusunun yenidən qurulması və silah təminatı üçün edilir. Azərbaycanla sərhədlərdəki çatışmalardan sonra bu siyasət aktivləşib. Fransa hər zaman Ermənistanın yanında olduğunu ifadə edir, siyasi və hərbi cəhətdən Ermənistana dəstək verdiyini də gizlətmir. Paşinyan-Makron görüşündə müzakirə edilən məsələ Fransanın hansı formada dəstək verəcəyidir. Fransa həm BMT Təhlükəsizlik Şurasında, həm də Avropa Birliyi çərçivəsində Ermənistana sevgisini nümayiş etdirir. Makronun bu görüşdən sonra İlham Əliyevə telefon açması da ondan xəbər verir ki, bizim mövqeyimiz gələcəkdə də belə olacaq. Əsas məqsəd də ATƏT-in Minsq Qrupu çərçivəsində bölgəyə müdaxilə edərkən maneələrin biz tərəfdən aradan qaldırılmasıdır. Fransada Ermənistanın müdafiə naziri Papikyanın apardığı danışıqlar silah almaq tədbirləridir, indi Ermənistana fransız hərbi heyət gəlir, ehtimal ki, hansısa anlaşmaya gediləcək". Q.Çaxmaqlının sözlərinə görə, bütün bunlardan sonra Fransa Azərbaycan maneələrini aşmaq istəyir: "Makronun Əliyevə zəngi də bununla bağlıdır. Bir sözlə, Fransanın bölgəyə burnunu soxmaq cəhdləridir. Ermənistan Fransanın bu mövqeyindən ürəklənəcək və təxribatların sayı da artacaq. Bizim mövqeyimiz ortadadır və haqlılığımızı dilə gətirməkdən çəkinməməliyik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. Maraqlı gedişdir... Makron anlayır ki, 44  günlük müharibə dönəmində olduğu kimi, bu gün də Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq heç bir nəticə verməyəcək, əksinə, gərginlik Ermənistanın başında çatlayacaq...

Azərbaycanın dövlət başçısının mövqeyi qətidir, dəyişməzdir, sonuncu dəfə elə bugünlərdə bir daha xatırlatdı: heç bir zəng, heç bir təzyiq Azərbaycanı haqq yolundan dayandıra bilməz! Eyni zamanda Azərbaycan Ordusunu "əvvəlki mövqelərə qayıtmağa" çağıran Fransa və digərlərinin iddiaları da mənasızdır, bütün xəritələrə görə Azərbaycan Ordusu öz ərazisindədir, üstəlik, sərhədlər delimitasiya və demarkasiya edilməyib, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindəndən...


Etiketlər:  Makron Azərbaycanı ittiham etdi ardınca Bakıya zəng vurdu niyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ