Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 17:52
Qonşu Türkiyədə bu gündən yeni bir qanun - "sosial media qanunu" qüvvəyə minib. Özündə bir çox məsələlərləri ehtiva edən qanuna əsasən, bundan sonra sosial mediada dezinformasiya yayan şəxslər 3 ilə qədər müddətə həbs ediləcəklər. Əslində, son vaxtlar fake, həqiqəti əks etdirməyən xəbərlərə elə Azərbaycanda da çox rast gəlirik. Bizdə necə, belə bir qanunun qəbul olunması gözləniləndirmi?
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu gündən etibarən Türkiyədə dezinformasiya yaymaq istəyənlər bir neçə dəfə düşünməli olacaqlar. Çünki belə şəxslər 3 ilə qədər müddətə həbs edilə bilərlər...
Bu, Türkiyədə yeni qəbul edilmiş "Dezinformasiya ile mübarizə qanunu" ilə mümkün olacaq. Avropa Jurnalistlər Dərnəyinin sədri Adnan Fişenk deyir ki, ölkəsi bu qanunu qəbul etməli idi, çünki son vaxtlar sosial mediada və onlayn platformalarda dezinformasiya faktları çoxalıb.
Qanunda diqqət çəkən məqamlar çoxdur. Məsələn, bundan sonra Türkiyədə sosial mediada uşaq və yeniyetmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək. Rəsmi ünvanı olmayan sayt xəbər saytı hesab olunmayacaq. Facebook, instagram, tvitter, youtube və tiktok kimi sosial şəbəkələr Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək və ofisin rəsmi təmsilçisi də Türkiyə vətəndaşı olacaq.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyir ki, buna bənzər addım ölkəmizdə də atılmalıdır. Çünki hazırda ölkəmizdə də informasiya məkanı o qədər genişlənib ki, kənar müdaxilələrin olması qaçılmazdır.
Qeyd edək ki, Türkiyədə qəbul edilmiş yeni qanuna əsasən, internet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab edilir və onlara da müvafiq kart verilir. Bütün xəbər saytları yayımladığı xəbərləri arxivdə saxlamağa məcburdur. Dövlət qurumu xəbəri silməyi saytdan tələb edə bilər. Mənbə xəbəri sildikdən sonra bütün saytlar silməlidir. Rəsmi elan və reklamlar xəbər saytlarında da yayımlanacaq.