Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 17:34
Bakının Xətai rayonu ərazisində yerləşən bəzi evlərin üzərində olan beton plitələr qəzalı vəziyyətə düşüb.
Tavan hissə istismar müddətini başa vurub, evlərin içərisini nəmişlik basıb. Yağışlı havalarda su birbaşa evlərə damır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, Zığ şosesi, keçmiş "Oksigen" zavodunun ərazisindən gedir.
Zavodun ərazisində yaşayan 4 ailənin həyatı təhlükədədir. Cəbrayıl və Qubadlı rayonlarından olan bu ailələr zavodun içərisində birotaqlı evlər tikərək burada məskunlaşıblar. Ancaq bir müddətdir yaşadıqları evlərdə vəziyyət acınacaqlı hal alıb.
Sakinlər deyirlər ki, ən ciddi problem zavodun tavan hissəsinin qəzalı vəziyyətə düşməsidir. Dəfələrlə tavandakı beton plitələr uçaraq evin üzərinə düşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, şikayətçi olan ailə başçılarından Sərvər Novruzov təklif olunan mənzilin otaq sayı ilə razılaşmadığı üçün köçürülmədən imtina edib. Digər sakin Talıb Əhmədov köçürülmə obyektində qeydiyyatda olmadığı üçün ona mənzil təqdim edilməyib. Anar Mirzəliyev və Elbrus Mirzəliyev isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olduqları üçün onlara Bakıda yeni mənzillər təqdim olunmayıb.
Qeyd edək ki, həmin ünvanda yaşayan 97 məcburi köçkün ailəsindən 87-si 2018-ci ildə Qobu park yaşayış kompleksinə köçürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: