Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vardanyan “nazir” olmağa razılaşdı, Araik aradan çıxmağa hazırlaşır

Vardanyan “nazir” olmağa razılaşdı, Araik aradan çıxmağa hazırlaşır

Tarix: 21 Oktyabr 2022 16:38

Avropa və Amerika sanksiyalarına düşməməyi bacaran ehtiyatlı rus bankirə nə üçün "krallıq"sız "taxt" lazımdır?

Rusiya vətəndaşlığından imtina edərək bir müddət əvvəl "Qarabağı xilas etmək naminə" Xankəndidə məskunlaşan milyarder Ruben Vardanyanın təcili olaraq Xankəndini tərk edib Moskvaya getməsi barədə məlumat yayılmışdı. Oktyabrın 20-də Vardanyan Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimdə "dövlət naziri" postu tutmağa razılaşıb. Novator.az-ın məlumatına görə, o, oktyabrın 20-də yaydığı açıqlamada fəaliyyətə noyabrın əvvəlində başlayacağını bəyan edib.

Yada salaq ki, bir neçə gün əvvəl separatçı rejimin başçısı Araik Arutyunyan ona  "ən geniş səlahiyyətlərə" malik "dövlət naziri" ("hökumət başçısı") vəzifəsi təklif etmişdi. Bununla belə, Vardanyan sosial şəbəkələrdə bildirmişdi ki, hələlik o, yalnız təklifi nəzərdən keçirir, çünki onun Qarabağdakı mövqeyi təkcə "yuxarıdan gələn təkliflər" əsasında deyil, həm də "xalqın iradəsi əsasında" olmalıdır. Qeyd edək ki, Vardanyana "vəzifə" oktyabrın 6-da Praqada keçirilən dördtərəfli danışıqlar ərəfəsində təklif edilib.

İrəvandan Xankəndinə qayıdan Araik "siyasi qüvvələr"in nümayəndələrini öz qərargahına dəvət edib. Bildirilir ki, Araik Nikol Paşinyan və digər İrəvan rəsmilərinin fikirlərini Qarabağ separatçılarının diqqətinə çatdırıb. Ona İrəvanda bildirilib ki, hazırda vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə Qarabağ separatçılarının deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır. Araikə o da çatdırılıb ki, bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Qarabağ separatçılarının isə öz məsələləri ilə məşğul olmasıdır. Bununla belə, Ermənistan rəsmiləri Qarabağ separatçılarına maliyyə dəstəyini davam etdirməyə söz veriblər. Araik qapalı keçən görüşdə onu da əlavə edib ki, Praqa danışıqlarındakı razılaşmalara görə, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır. Bundan sonra beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur və danışıqlar aparılır. Paşinyan separatçıları əmin edib ki, "xilas naminə ayrılma" vacibdir, yalnız bu halda həm Ermənistanı, həm də "artsax"ı xilas etmək olar. Lakin Paşinyan və komandası Ermənistan sülh müqaviləsini imzalayarsa və Bakının tələblərini yerinə yetirərsə, "artsax"ın ayrılmaqla necə xilas ediləcəyini ətraflı açıqlamayıb.

Yayılan məlumatlarda bildirilir ki, İrəvanda Qarabağ separatçılarına "taxt-tacı" təhvil verməyə hazırlaşmaq tapşırılıb. O halda milyarder Ruben Vardanyan Araik Arutyunyanın ona təklif etdiyi "yüksək vəzifə" ilə niyə razılaşıb? Avropa və Amerika sanksiyalarına düşməməyi bacaran ehtiyatlı rus bankirə nə üçün "krallıq"sız "taxt" lazımdır? Ermənistanda çıxan "Hraparak" qəzeti yazır ki, Vardanyanın "dövlət aparatında" işləməyə başlamazdan əvvəl Moskvada həll etməli olduğu yarımçıq biznes işləri var. Üstəlik, Vardanyan bu təyinatın xeyrinə olub-olmayacağını bilmədiyi üçün tərəddüd edir. Amma başqa versiyalar da var. Xüsusilə Ruben Vardanyanın əslində Moskvaya nə üçün getdiyi məlum deyildi. Doğrudanmı, orada kommersiya işlərini qaydasına salır, yoxsa təyin olunmazdan əvvəl Rusiyanın siyasi dairələri ilə məsləhətləşib?"

Milli.Az xəbər verir ki, deputat Sahib Alıyev yeni müsavat-a açıqlamasında maraqlı fikirlər söylədi: "Hiss olunur ki, haylara geosiyasi alət kimi baxanlar Azərbaycanla Türkiyənin formalaşdırdıqları geosiyasi reallıq çərçivəsində Ermənistanın bizim torpaq bütövlüyümüzü tanımaqdan başqa yolunun qalmadığını görüb, indi daha çox Qarabağdakı separatçı rejimin subyektliyini artırmağa, İrəvanın kölgəsindən çıxarmağa çalışırlar. Həmin separatçılarla danışıqlarda "beynəlxalq mexanizm", yaxud "beynəlxalq dəstək" kimi ifadələr də ona görə işlədilir. Məqsəd də budur ki, rəsmi Bakının Xankəndidə yaşayanlarla danışıqlarda özlərinin də hansı yollasa, iştiraklarını təmin etsinlər, ardınca isə həmən o "xilas olmaq üçün ayrılma" metoduna əl atılsın. Fransa Prezidenti Makron "Qarabağın işğalı", "beynəlxalq ictimaiyyətin təsdiqləmədiyi ərazi" sözlərini elə-belə işlətmirdi. Yəni onların məqsədi heç də danışıqların uğurlu gedişini təmin etmək deyil, onu uzatmaq, arada gərginliklər yaratmaq, sonda isə Qarabağdakı hayların xilas olmaları üçün ayrılmaqdan başqa yollarının qalmadığını bildirib "müstəqilliklərini" tanımaqdır". Deputat bu məsələyə münasibətdə dövlətimizin qətiyyətli mövqedən çıxış etdiyini vurğuladı: "Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hayları geosiyasi alət gözündə görənlərin bu məkrindən yaxşı xəbərdardır, ona görə də qətiyyətlə bildirir ki, Xankəndi və digər ətraf rayonlardakılar bizim torpaqlarımızda yaşadıqlarından onlarla danışıqlarda heç bir vasitəçiyə ehtiyacımız yoxdur və oradakılarla artıq ünsiyyətdəyik". Ruben Vardanyanın separatçıların "dövlət naziri" təyin edilməsi məsələsinə tərəddüdlü yanaşmasına gəldikdə, S.Alıyev bildirdi ki, o maliyyə fırıldaqçısı ora bunun üçün göndərilməyib: "Araik Arutyunyana, eləcə də onun ətrafındakı digər separatçı ünsürlərə Bakıda yanaşmanın necə olduğunu bilənlər, onu da yaxşı anlayırlar ki, elələri ilə hər hansı bir danışıq aparılmayacaq. Əvvəl Ermənistana rəhbər təyin edilməsi nəzərdə tutulan Vardanyan bunun üçün, yəni Qarabağ hayları adından danışıqlar aparmağa hazırlanıb. Xatırladım ki, bu maliyyə fırıldaqçısının ABŞ və Fransada özünün etdiklərini edən digər hay mənşəli maliyyə fırıldaqçıları ilə də sıx əlaqəsi var. Rusiyadan milyardlarla dollar vəsait məhz onların əli ilə yuyulub. Vardanyanın Rusiyada yuxarılara çıxışı olduğu kimi, onun ABŞ və Fransadakı maliyyə fırıldaqçısı soydaşları da öz ölkələrinin elitası ilə işbirliyi qurub. Qarabağın subyektliyinin artırılması ilə bağlı məkrli plan reallaşarsa, məhz Vardanyanın indi aralarında sərt qarşıdurma olan Minsk Qrupunun keçmiş həmsədrlərinin hamısının bu və ya digər dərəcədə ürək qızdıra biləcəkləri "lider" olması ehtimalı daha çoxdur və fikrimcə, bunun razılaşdırılması istiqamətində iş aparılır. Amma bir daha vurğulayıram, dövlət başçımızın mövqeyi ortadadır. Qarabağdakı ermənilərin gələcəyi onların öz əlindədir, istəsələr, orada qalıb digər Azərbaycan vətəndaşları necə, onlar da elə yaşaya bilərlər. İstəməsələr, Vardanyanla məsləhətləşərlər, o, haranı desə, ora da gedərlər. Yəni bu, Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında yaşayanların artıq şəxsi işləridir. Məncə, Vardanyan məhz bu baxımdan öz soydaşlarının işinə daha çox yarayar. Sözügedən tiplə bağlı digər planlar alınmayacaq. Azərbaycan qoymayacaq!"

Yazı çapa hazırlanarkən erməni mediası xəbər yaydı ki, Qarabağdakı terrorçuların başçısı Araik Arutyunyan Rusiyaya səfərə hazırlaşır. Məlumata görə, Arutyunyanın başçılıq etdiyi "nümayəndə heyəti" İrəvan səfərindən narazı qayıdıb. Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü Arutyunyanı peşman edib. Məlumata görə, İrəvandakı son görüşdə Paşinyan separatçılara açıq mətnlə deyib ki, o, artıq "Artsax məsələsi"ndə heç nə edə bilməz. Erməni mediasının iddiasına görə, ümumiyyətlə, son vaxtlar Ermənistan hakimiyyət orqanlarının nümayəndələri açıq şəkildə Qarabağ məsələsində söz sahibi olmadıqlarını deyirlər. Ancaq "Past" qəzetinin məlumatına görə, Xankəndidəki separatçılar "boş oturmaq fikrində deyillər və konkret addımlar hazırlayırlar". Bu mənada Arutyunyanın başçılığı ilə separatçıların yaxın günlərdə Rusiya "siyasi rəhbərliyi ilə görüşmək üçün" Moskvaya yola düşəcəyi bildirilir. "Nümayəndə heyətinin əsas məqsədi "artsax" məsələsinin gələcək taleyi ilə bağlı hər hansı izahat və aydınlıq əldə etməkdir. Həmçinin bizə bildirdilər ki, hazırda Moskvada gözlənilən görüşün keçirilməsi üçün hazırlıq gedir. Qəzetin mənbəsi onu da bildirir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimal edilir" - sözügedən xəbərdə iddia olunur.

İstisna deyil ki, ermənilər yuxuda gördüklərini tirajlayırlar. Çünki Rusiya Prezidenti Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu şəxsən bəyan edib və bu mövqe sənədlərdə də əksini tapıb. Amma istənilən halda, baş verənləri görməzdən gəlmək olmaz və Xankəndi şəhərində qurulan tamaşanın ssenaristlərinə mesajlar verilməli, bu oyunbazlığın dayandırılmasının ən birinci ermənilərin özünə fayda gətirəcəyi başa salınmalıdır.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə şübhə etmir ki, Vardanyanın Qarabağa gəlişi Rusiyadakı dairələrin planıdır: "Rusiyanın erməni mənşəli milyarderi Ruben Vardanyan sentyabr ayında Rusiya vətəndaşlığından imtina edərək erməni separatçılarının nəzarət etdiyi Xankəndinə köçüb. Moskva Qarabağ separatçılarının lideri Araik Arutyunyanı Ermənistanın baş naziri Nikol Paşinyanın adamı kimi qiymətləndirir. Buna görə də Moskva Araik Arutyunyanı Ruben Vardanyanla dəyişmək planını reallaşdırmaq barədə düşünür. Əslində Araik Arutunyan bunun əleyhinə deyil. O, İkinci Qarabağ müharibəsindən sonra Qarabağı tərk etmək istəyir. Təsadüfi deyil ki, Araik Arutyunyan bir neçə gün əvvəl Ruben Vardanyana "dövlət naziri" vəzifəsini təklif etmişdi. Bu, Qarabağ separatçıları arasında ikinci "vəzifə" sayılır, "baş nazir səlahiyyətləri" var". E.Şahinoğlunun qənaətincə, görünür, bu təklifin Moskva ilə razılaşdırılmasına ehtiyac olub  və böyük ehtimalla bu məsələni müzakirə etmək üçün Rusiyaya gedibmiş: "Ruben Vardanyan "dövlət naziri" vəzifəsinə razılaşdısa, demək, Araik Arutyunyanın istefa verməsi ehtimalı artdı. Bu zaman Araik Arutyunyanın "vəzifəsi" avtomatik Ruben Vardanyana keçəcək". Araik Arutyunyanın Moskva səfərinə tədarük görməsinə gəldikdə, politoloq qeyd etdi ki, o, bir neçə gün İrəvanda görüşlərdə iştirak etdi, başda baş nazir Nikol Paşinyan olmaqla, xarici işlər naziri və parlamentin spikeri ilə fikir mübadiləsi apardı: "Araik Arutyunyana izah etdilər ki, Ermənistan Qarabağ yükünü daşıya bilməyəcək, separatçıları yalnız Rusiya xilas edə bilər. Ona görə də Araik Arutyunyan Rusiyanın mövqeyini öyrənmək üçün Moskvaya getmək barədə düşünür". Amma E.Şahinoğlu hesab edir ki, Arutyunyan Moskvada da bütün suallara cavab tapa bilməyəcək: "Moskva Araiki Ruben Vardanyanla əvəz etmək istəsə də, separatçıların istəkləri əsasında Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirməyi düşünmür. Əlbəttə, Moskva Qarabağ məsələsinin tamamən Azərbaycanın xeyrinə həllini yubatmağa çalışır, ancaq Kremldə onu da anlayırlar ki, Ukraynada ağır məğlubiyyətlərlə üzləşən Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açması rəsmi Moskvanın maraqlarına cavab vermir".

Milli.Az


Etiketlər:  Vardanyan nazir olmağa razılaşdı Araik aradan çıxmağa hazırlaşır


RƏYLƏR