Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov Qriqoryanı susdurdu - FOTO

Əli Əsədov Qriqoryanı susdurdu - FOTO

Tarix: 28 Oktyabr 2022 16:12

MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan çıxışında Azərbaycanın ünvanına bir sıra əsassız ittihamlar səsləndirib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bütün çıxışlardan sonra söz alaraq Ermənistanın baş nazirinin müavininin ittihamlarına cavab verib. Azərbaycanın 44 günlük müharibədə Qələbədən sonra Qarabağ münaqişəsinin başa çatdığını elan etdiyini bildirən Baş nazir deyib: "Azərbaycan işğal olunmuş ərazilərini özü azad edib və qonşu dövlətlə sülh sazişi imzalamağa hazırdır. Azərbaycanın irəli sürdüyü beş prinsip Ermənistan tərəfindən əsasən dəstəklənmişdi. Biz bu mövqedən çıxış edərək bu gün gündəlikdəki məsələlər barədə konstruktiv ruhda danışmağa çalışmışıq. Lakin Ermənistanın baş nazirinin müavini tərəfindən burada ölkəm barədə faktların qərəzli və kobud şəkildə təhrif olunması məni çıxış üçün bir daha söz almağa məcbur etdi.

Fəlsəfədə əxlaq deyilən bir anlayış var. Əxlaq həm insani, həm də dövlətlərarası münasibətlərə aiddir. Qonşu dövlətin ərazisini 30 il ərzində işğal altında saxlamış, keçmiş Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonu işğal etmiş, silahlı qüvvələri suveren qonşu dövlətin ərazisində daşı-daş üstündə qoymamış, dağıdıla biləcək nə varsa hamısını - şəhərləri, kəndləri, bütün canlı və cansız varlıqları, ekologiyanı, əxlaqi, mənəvi dəyərləri məhv etmiş ölkə bu gün guya bizim Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın ərazi bütövlüyünü pozan hansısa məqamlardan danışır".

MDB Hökumət Başçıları Şurası üzvlərinin diqqətinə çatdırılıb ki, bütün bu 30 il ərzində Ermənistanın siyasi isteblişmenti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymadan suverenlik, sərhədlər, işğal anlayışlarını xatırlamayıb.

Əli Əsədov daha sonra qeyd edib: "Bu proses dünən başlamayıb. Siz hamınız bunu bilirsiniz. Düşünürdük ki, münaqişə başa çatıb və biz dinc əməkdaşlığa hazırıq. Mən öz çıxışımda bununla əlaqədar dedim ki, biz Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin 2020-ci və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatlara tərəfdarıq. Təəssüf ki, Ermənistan rəhbərliyinin mövqeyi bizim üçün anlaşılmazdır. Prinsip etibarilə bu, onların işidir. Baş nazir bir söz deyir, onun müavini isə tamam başqa söz. Bu, Ermənistanın daxili siyasi mövqeyidir, bu, onların işidir. Lakin biz nəyəsə hədəflənməliyik".

Baş nazir iclas iştirakçılarını Ermənistan silahlı qüvvələrinin bu ilin sentyabr ayında törətdiyi təxribatlar barədə məlumatlandıraraq deyib: "Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər və Laçın rayonlarını atəşə tutublar. Bunlar Ermənistanın çıxdığı rayonlardır. Lakin belə bir məsəl var: "Gedirsən, get". Onlar Azərbaycanın digər əsas hissəsini - Daşkəsən və Zəngilan rayonlarını da atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycanın 71 hərbi qulluqçusu həlak oldu. Bizdə olan məlumata və Ermənistan mətbuatının yazdığına görə, erməni tərəfinin itkiləri təqribən 450 hərbi qulluqçudan ibarət olub.

Mən Ermənistan nümayəndəsinin də iştirakı ilə bir neçə dəfə demişəm ki, hər bir dövlət üçün qırmızı xətlər var. Azərbaycan Ermənistanla dinc əməkdaşlığa, sülh sazişi bağlamağa hazırdır. Lakin biz öz torpağımızın bir qarışını da verməyəcəyik".

Baş nazir Əli Əsədov deyib: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın Ermənistan tərəfindən olan rəhbəri bu gün deyir ki, bu proseslər getmir. Azərbaycan birinci gündən bu prosesdə iştirak edir. Ermənistan bu prosesi bir neçə dəfə pozub. Biz bu prosesi davam etdirməyə hazırıq. Azərbaycanın suveren ərazisi müzakirə mövzusu deyil. Qarabağ Azərbaycandır! Demişik ki, Azərbaycan ərazisində heç bir Dağlıq Qarabağ mövcud deyil. Qarabağ iqtisadi rayonu və Azərbaycanın erməni mənşəli vətəndaşları var. Əgər onlar Azərbaycan vətəndaşlığını tanıyarlarsa, bizim Prezident İlham Əliyevin dediyi kimi, əgər onlar Azərbaycan qanunlarına tabe olsalar, Azərbaycanın başqa millətlərdən olan bütün vətəndaşları kimi, onların da bütün hüquqları təmin ediləcək".

Baş nazir 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatı xatırladaraq qeyd edib ki, həmin sənədin bir bəndində nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur: "Həmin Bəyanata görə, Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, Laçın yolu fəaliyyət göstərəcək və Azərbaycan onun təhlükəsizliyinə zəmanət verir. Biz bütün öhdəliklərimizi yerinə yetiririk. Laçın yolu bu gün işləyir, dəhliz işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına getmək imkanımız yoxdur. Nəinki imkan yoxdur, hətta biz Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin aparıldığını görmürük. Ermənistanın baş nazirinin müavini həm də nəqliyyatın bərpası üzrə üçtərəfli qrupun həmsədridir. Orada 40-44 kilometr uzunluğunda kiçik bir sahə var. Ermənistan bir il doqquz ay ərzində istər dəmiryol, istərsə də avtomobil yolu üzrə heç bir real tədbir görməyib".
Baş nazir Ermənistan tərəfinin Azərbaycanı müharibə cinayətlərində kobud və əsassız şəkildə ittiham etməsinə də cavab verərək bildirib: "Bir daha deməliyəm ki, əxlaq deyilən bir anlayış var. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videoyazların həqiqiliyini, habelə bu kadrların videoya çəkildiyi yerləri, bu videoyazılarda təsvir edilən hərbi qulluqçuların şəxsiyyətlərini, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün başqa detalları tam, hərtərəfli təhqiq edəcək. Təhqiqatın nəticələrinə əsasən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatların gedişində törədilmiş müharibə cinayətlər ilə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən təhqiq edilir".

İclas iştirakçılarının diqqəti Birinci Qarabağ müharibəsinin gedişində Ermənistanın törətdiyi cinayətlərə də cəlb edilib. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsində erməni hərbi qulluqçular təkcə azərbaycanlı hərbi qulluqçulara deyil, dinc sakinlərə də misli görünməmiş divan tutublar. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Dörd minə yaxın azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat təqdim edilməyib. İşğaldan sonra biz həm hərbi qulluqçuların, həm də dinc əhalinin kütləvi məzarlıqlarını aşkar edirik.

Əli Əsədov bir daha bəyan edib ki, Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirəcək.

Ermənistanın baş nazirinin müavini M.Qriqoryan deyib ki, Ermənistan heç bir prosesi pozmur. Qeyd edilib ki, Ermənistan erməni tərəfinin təqdim etdiyi bütün faktlara adekvat qiymət almaq istəyir.

İclasın yekunlarına əsasən, bir sıra sənədlər imzalanıb.


Etiketlər:  Əli Əsədov Qriqoryanı susdurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ