Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 11:20
Rusiyanın bəzi etnik azlıqlarından olan hərbi qulluqçularının Ukraynadakı müharibədə ölmək riski ruslarla müqayisədə daha yüksəkdir. Bəzən hətta onlarla dəfə çox yüksək. Hərçənd həlak olanların əksəriyyəti ruslardır və etnik azlıqlarla bağlı risk hakimiyyətin şüurlu ayrı-seçkilik siyasətinin yox, daha çox regionlar arasındakı bərabərsizliyin nəticəsidir.
"Tuvada oğlunun Ukraynayla müharibədə həlak olması xəbərinə ananın ürəyi dözməyib! Dörd uşaq atasız və nənəsiz qalıb. Tıva Respublikası Milli Qvardiya İdarəsinin polis mayoru Vladimir Vyaçeslavoviç Şabalin Ukraynada həlak olub" - Sonxeber.net "bbc azərbaycan"a istinadən xəbər verir ki, "Yeni Tuva" "Teleqram" kanalı iyul ayında belə yazmışdı.
Buryatiyanın 20 min əhalisi olan Kyaxta şəhərinə aid bu yerli nəşr Ukraynada artıq 45 kyaxtalının həlak olduğunu bildirib. "Rusiya buryatları öldürür, Qazaxıstan və Qırğızıstan isə onları xilas edir" - hüquq müdafiəçiləri isə tez-tez belə deyirlər. Bir müddət əvvəl Dağıstanda səfərbərliyə qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Mediada yazılanlardan belə bir təəssürat yarana bilər ki, Rusiya cəbhəyə əsasən etnik azlıqların nümayəndələrini göndərir. Bəzi iddialara görə, Buryatiya, Tıva, Dağıstan, Çeçenistan kimi milli respublikalarda orduya cəlbetmə səviyyəsi (həm müqavilə, həm də səfərbərlik vasitəsilə) rusların yaşadığı bölgələrlə müqayisədə daha yüksəkdir.
Biz bu suala Rusiyanın Ukraynadakı canlı qüvvə itkilərinin BBC, "Mediazona" və könüllülər komandası tərəfindən tərtib olunmuş siyahısını araşdıraraq cavab tapmağ çalışdıq.
Həlak olanlarla bağlı statistikanın Rusiyanın bölgələri üzrə bölgüsü
Oktyabrın 21-nə olan məlumata görə, həlak olanların sayca ən çox olduğu 5 region Krasnodar diyarı (332), Dağıstan (321), Buryatiya (305), Başqırdıstan (258) və Volqoqrad vilayətidir (230). İtkilərin sayca ən az olduğu bölgələrsə bunlardır - Qaraçay-Çərkəz (19), Yamal-Nenets Muxtar Dairəsi (10), Maqadan vilayəti (7), Nenets Muxtar Dairəsi (4) və Çukotka Muxtar Dairəsi (2). Bu və digər regionlar üzrə məlumatlar 22-37 yaş arası hər 10 min kişiyə düşən ölümlərin regionlar üzrə nisbətini göstərən xəritədə təqdim olunur.
Gördüyümüz kimi, həqiqətən də milli respublikalar (Dağıstan, Buryatiya, Başqırdıstan) həlak olanların sayının ən çox olduğu regionlar arasındadır. Ancaq regionlarda əhali sayı əhəmiyyətli dərəcədə fərqlidir, ona görə də ölümlərin mütləq sayını deyil, adambaşına düşən ölüm sayını müqayisə etmək daha doğrudur.
Həlak olanların adambaşına düşən nisbəti
Həlak olanların adambaşına düşən sayını hesablamaq üçün biz 2010-cu il Ümumrusiya siyahıyaalmasının məlumatlarından istifadə etdik. Ukraynada həlak olan hərbçilərin əksəriyyəti gənclərdir. Ona görə də 10-25 yaşlı kişilərin 2010-cu ilə aid statistikasına istinad edirik - 2022-ci ildə bu koqorta 22-37 yaş arasında olub. Həlak olanların adambaşına düşən sayının ən çox olduğu iki region Buryatiya ( hər 10 min gənc kişiyə 28,4 nəfər) və Tıvadır (27,7 nəfər). Ardınca Pskov vilayəti (17,1 nəfər), Şimali Osetiya (16,8 nəfər), Altay Respublikası (16,3 nəfər) gəlir. Dağıstanda ölüm nisbəti 7,6, Çeçenistanda 7,1, İnquşetiyada 6,4 nəfər təşkil edir (Amma nəzərə almaq lazımdır ki, natamam məlumatlara görə Çeçenistanla və bəlkə, Şimali Qafqazın digər respublikalarıyla da bağlı təxminlər real göstəricilərdən az ola bilər).
Ən aşağı göstərici Moskva vilayətində (1,7), Yamal-Nenets Muxtar Dairəsində (1,7), Xantı-Mansi Muxtar Dairəsində (1,7), Sankt-Peterburqda (1,4) və Moskvada (0,3) qeydə alınıb.
Beləliklə, buryatiyalı və tuvalı bir gəncin Ukrayna müharibəsində həlak olmaq riski moskvalı gənclə müqayisədə 100 dəfə çoxdur.
Həlak olanların və nisbi ölüm riskinin etnik qruplar üzrə bölgüsü
Həlak olanların regionlar üzrə bölgüsü ölüm faizini birbaşa etnik qruplara görə müqayisə etməyə imkan vermir. Titullu etnik qrupların nisbəti milli respublikalara görə dəyişir. Məsələn, Buryatiyada gənclərin təxminən 60 faizi, Tıvada 10 faizi, Çeçenistan və İnquşetiyada isə bir faizdən azı etnik ruslardır. Könüllülərin topladıqları məlumatlarda həlak olanların etnik mənsubiyyəti qeyd olunmayıb. Bununla belə, biz ad və soyadlardan bəzi etnik qruplara mənsub olma göstəricisi kimi istifadə edə bilərik. Etnik mənsubiyyəti bu üsulla kodlaşdırmaq üçün əvvəllər hazırlanmış maşın alqoritmindən faydalanırıq (Bessudnov et al 2021). Sözügedən alqoritmin bəzi məhdudiyyətləri var - onu adları ruslaşmış bəzi etnik qruplara (məsələn, çuvaşlar və ya komilər kimi) tətbiq etmək mümkün deyil. Bundan başqa, etnik kimlik etnik adın olmasıyla çərçivələnmir, ona görə də alqoritmdən yalnız təxmini statistik hesablamalar üçün istifadə edilə bilər.
Birinci cədvəldə biz birləşdirilmiş etnik qruplar üzrə ölüm göstəricilərini təqdim edirik. Rusları, ukraynalıları və belarusları yalnız ad-soyad haqqında məlumata əsasən ayırmaq mümkün deyil, çünki bir çox ukraynalıların soyadları rus mənşəli, ruslarınki isə ukrayın mənşəlidir. Bundan başqa, biz başqırdları və tatarları bir qrupda, Şimali Qafqaz xalqlarını isə başqa bir qrupda birləşdirdik.
Cədvəldə dörd sütun var: birləşdirilmiş etnik qruplar üzrə ölənlərin sayı; Ukraynada həlak olan hərbi qulluqçular arasında etnik qrupların payı, Rusiya əhalisinin tərkibində etnik qrupların payı (2010-cu il siyahıyaalmasına görə 10-25 yaşlı kişilər arasında) və bu iki göstəricinin bölünməsi əmsalı (nisbi risk).
Nisbi risk ölənlər arasında etnik qrupun payının toplam kişi sayındakı payını neçə dəfə üstələdiyini göstərir. Bu göstərici vahiddən çox olarsa, deməli, etnik qrupun nümayəndələrinin həlak olanlar arasındakı payı toplam kişi sayındakı paydan çoxdur.
Cədvəldən göründüyü kimi, Ukraynada ölən hərbçilərin əksəriyyəti etnik ruslardır, amma onların həlak olanlar arasındakı nisbəti Rusiyanın kişi əhalisinin tərkibindəki rusların nisbətindən bir qədər azdır. Əksinə, həlak olan buryatlar və tuvalıların payı onların ölkə əhalisindəki payından 5 dəfə çox; başqırdlar, tatarlar və Şimali Qafqaz xalqlarında isə 20 faiz çoxdur.
Ölüm riskində etnik bərabərsizlik
Hərbi qulluqçuların Ukraynada ölməsi ehtimalında etnik bərabərsizliyi qiymətləndirməyin başqa bir yolu həlak olmuş ruslar və etnik respublikalardakı titullu millətlərin nümayəndələri arasında nisbəti müqayisə etməkdir. İkinci cədvəldə bu məlumatlar əks olunub. Burada biz hərbi ölənlər arasında qeyri-slavyan adların payını və milli respublikaların əhalisi arasında qeyri-slavyan əhalinin payını müqayisə edirik. Vahiddən böyük nisbi risk Ukraynada etnik azlıqların ölməsi riskinin eyni milli respublikalardan olan ruslarla müqayisədə daha yüksək olması deməkdir. Bu cədvəldə biz həlak olmuş hərbçilər arasında qeyri-slavyan adların payını və milli respublikaların əhalisi arasında qeyri-slavyan əhalinin payını müqayisə edirik. Vahiddən yuxarı nisbi risk Ukraynada etnik azlıqların həlak olması riskinin eyni milli respublikalardan olan ruslarla müqayisədə daha yüksək olması deməkdir.
Statistika göstərir ki, milli respublikalardakı ölüm nisbətində etnik bərabərsizlik bütövlükdə Rusiyayla müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır. Məsələn, bütün Rusiya üzrə buryatlar üçün Ukraynada həlak olmaq riski rusların ölüm riskindən təxminən 5 dəfə (500 faiz) çoxdur. Buryatiyada isə buryatlar üçün ölüm riski ruslarınkından cəmi 23 faiz artıqdır.
Demək olar ki, bütün milli respublikalarda nisbi risk göstəricisi vahidə yaxındır, bu, o deməkdir ki, respublikalar daxilində ruslar və titullu etnik qrupların həlak olmaq ehtimalı arasındakı fərq çox cüzidir (Bu, etnik mənsubiyyətin ad-soyada görə müəyyən edilməsi üsulunun natamamlığından da irəli gələ bilər).
Etnik bərabərsizlik ərazi bərabərsizliyinin nəticəsi kimi
Beləliklə, bəzi etnik azlıqların (xüsusən də buryatlar və tuvanların) Ukraynada həlak olmuş hərbçilər arasındakı payı əhalidəki paylarından daha çoxdur. Bu, nisbətən kiçik miqyasda tatarlar və başqırdlar kimi digər etnik qruplara, eləcə də Şimali Qafqaz xalqlarına da aiddir (Sonuncular haqda məlumatlar tam olmaya bilər). Bununla belə, Ukraynada ölən hərbçilərin əksəriyyəti etnik ruslardır və onların ölənlər arasında say nisbəti təxminən Rusiya əhalisinin nisbətinə uyğundur. Böyük ehtimal, buryatlar və tuvanlar arasında ölümün çox olması Şərqi Sibir və Uzaq Şərqin sosial və iqtisadi cəhətdən nisbətən az inkişaf etmiş bölgələrində müqaviləli hərbçilərin daha çox işə götürülməsiylə əlaqədardır.
Buryatiya və Tıvadan başqa, adambaşına ölüm göstəricisi daha yüksək olan regionlar arasında Altay Respublikası, Trans-Baykal ərazisi, Yəhudi Muxtar Vilayəti və Saxalin vilayəti də var. İqtisadi cəhətdən daha uğurlu milli respublikalarda (Yakutiya, Tatarıstan) hərbi xidmət gənclər üçün daha az cəlbedicidir və ona görə də bu bölgələr üzrə adambaşına düşən hərbçi ölümlərinin payı xeyli aşağıdır. Əhalisinin əksəriyyətini etnik ruslar təşkil edən Buryatiyada buryatların həlak olma nisbəti ruslara nisbətən daha yüksəkdir (20-25 faiz).
Çox güman ki, indiki halda etnik bərabərsizlik şüurlu ayrı-seçkilik siyasətinin yox, region bərabərsizliyinin nəticəsidir. Bu, təkcə indi Ukraynada döyüşən Rusiya ordusu üçün xarakterik əlamət deyil. Koreyada, Vyetnamda və İraqdakı müharibələr zamanı ABŞ Ordusunda da yoxsul şatatlardan və bölgələrdən olan hərbçilərin ölmə ehtimalı daha yüksək idi (Bu ərazilərdən hərbi xidmətə daha çox adam gedirdi).
--
*Oktyabrın 21-nə qədər adları açıq mənbələrdən (əsasən sosial şəbəkələrdən - həlak olanların ailə üzvlərinin, ictimai təşkilatların, regional hakimiyyət nümayəndələrinin paylaşdığı xəbərlərdən) toplanmış məlumatlara əsasən Ukraynada 7871 nəfər Rusiya hərbçisinin həlak olduğu təsbit edilib. Qeydlərdə ölənlərin adları və soyadları, eləcə də digər məlumatlar - doğum-ölüm tarixləri, xidmət sahəsi, rütbəsi, o cümlədən, bölgə göstərilir. Sonuncusu ölüm haqqında ilk məlumat verən səlahiyyətli orqanın (rəsmi məlumat olduqda) yerləşdiyi və ya mərhumun ailəsinin yaşadığı yerə görə qeyd olunub.
Bu məlumatlar natamamdır və Ukraynada həlak olmuş Rusiya hərbçilərinin hamısını əhatə etmir. Ölümü haqqında məlumat verilməyən, habelə itkin düşmüş şəxslərin adları qeyd olunmayıb. Bazaya daxil edilənlərin böyük əksəriyyəti hərbi əməliyyatların ilk 8 ayı ərzində (fevral-oktyabr) həlak olmuş müqaviləli əsgərlərdir. Açıqlanan məlumatların dolğunluq dərəcəsi regionlara görə dəyişir - məsələn, Şimali Qafqaz regionlarında insanlar sosial şəbəkələrdən daha az istifadə edirlər, könüllülərsə yerli dillərdə olan ölüm xəbərlərini izləyə bilməyiblər. Ancaq rəsmi məlumatların olmadığı indiki şəraitdə bu məlumat bazası Ukraynada həlak olmuş rusiyalı hərbçiləri kəmiyyətcə qiymətləndirməyə imkan verən yeganə mənbədir.