Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tərtər işi'' üzrə həbs edilmiş daha 8 nəfərin hökmü ləğv edildi - YENİLƏNİB

''Tərtər işi'' üzrə həbs edilmiş daha 8 nəfərin hökmü ləğv edildi - YENİLƏNİB

Tarix: 2 Noyabr 2022 18:20

18:18

"Tərtər işi" üzrə məhkum edilmiş və işi ayrıca icraata verilmiş Emil Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərov APA- ya bildirib ki, qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin Emil Əliyev təqsirləndirilən şəxs statusuna qaytarılıb.

-------

18:02

"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərovun APA-ya verdiyi məlumata görə, qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

7 nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.

-------

16:40

"Tərtər işi"nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin hökmü ləğv edilib.

"Report"un məlumatına görə, bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, "Tərtər işi"nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub və iş baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Bildirilib ki, Gəncə Hərbi Məhkəməsində 11 nəfərin hazırlıq iclasına baxılacaq.

-------

13:35

"Tərtər işi" üzrə təqsirləndirilərək mühakimə edilən və bu gün apellyasiya şikayətinə baxılacaq 11 nəfərin adı məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bunlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əgsər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qssımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə həmin şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayacaq.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Milli.Az


Etiketlər:  Tərtər işi üzrə həbs edilmiş daha nəfərin hökmü ləğv edildi YENİLƏNİB


RƏYLƏR