Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 21:05
"Mədəniyyət Naziri Anar Kərimovla telefon danışığımız olub. O zaman hələ yeni nazir təyin olunmuşdu. Dedim ki, Habil müəllimin niyə adı əbədiləşdirilmir? Onunla bağlı niyə nazirlik tərəfindən tədbirlər keçirilmir? Cavabında dedi ki, narahat olmayın Şərqiyyə xanım, mən tapşırıq verəcəm, bu işlə məşğul olacaqlar. Nə tapşırıq verdi, nə səs-səmir çıxdı, elə bil ona heç zəng etməmişdim mən"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, kamança ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. O daha sonra Habil Əliyevin 18 il yaşadığı evi muzeyə çevirdiyini bildirib.
"Biz o vaxt Nərimanovda yaşayırdıq. Habilin bütün şəkilləri orada idi. Arxivi çox böyükdür. Bu fikir məndən gəldi ki, evi muzeyə çevirək. Onun əsas ev muzeyi doğulub boya-başa çatdığı Ağdaş şəhərindədir. Muzeyin açılışına o vaxt cənab prezident də gəlmişdi. Orada nə qədər heykəlləri, büstləri, rəsm əsərləri var. Lətif Kərimov onun üçün şəkili olan xüsusi xalça toxuyub" deyə o bildirib.
Şərqiyyə xanım Habil Əliyevin müəllimlik fəaliyyəti ilə məşğul olmamasını belə izah edib.
"O vaxt Habili konservatoriyaya çağırmışdılar, təxminən bir ay getdi-gəldi. Dedi ki, Şərqiyyə bu mənim işim deyil. Mən bu gün segahı başqa cür ifa edirəm, sabah isə başqa cür. Həmçinin də şur muğamını. Dedi ki, tələbəyə onun hansını öyrədim?! Tələbəyə nə deyim? Deməz ki, "ay müəllim dünən belə dedin, bu gün belə". Çünki onun fantaziyaları çox idi. Dedi ki, mən ifa edəcəm, lentlərim arxivlərdə qalsın, tələbələr istifadə etsinlər, kamança alətini yaşatsınlar. Nəvələrinə bir neçə kamança hədiyyə etmişdi. İndi evdə iki dənə kamançası var. Bir kamançasının üstü sədəf və qızıldandır. Heç vaxt özündən razı olmazdı, özünü öyməzdi. Çox vaxt məndən soruşardı, böyük konsertlərdən də gələndə soruşardı ki, Şərqiyyə necə ifa etdim? Səhvim falan olmadı ki? Deyirdi ki, mənim bir nömrəli jürim sənsən (gülür). Bir gün ikimiz də evdə idik, televiziyada Habilin müsahibəsi gedirdi. Daha sonra kamançada ifa etdi. Gördüm ki, gözlərindən yaş süzüldü. Çətinliklə də olsa mənə dedi ki, Şərqiyyə, 61 ildir bir yerdəyik, mən heç vaxt məndən yoxdur, mən bir dənəyəm deməmişəm. Amma indi deyirəm, Azərbaycan musiqisi bir də belə ifa görməyib, görməyəcək də. Yoxluğu bir saniyə də hiss olunmur, elə bir evdədir. Elə bilirəm ki, hardasa indi gələcək, yaxud zəng edəcək. Bəzən fikirləşəndə ki, o torpağın altındadır, ağlayıram, kövrəlirəm. Öz-özümə deyirəm ki, o niyə getdi? Yaşayardı hələ! Deyirdi ki, mən ölümdən qorxmuram, bu qədər yaşım var, nə qədər yaşayacağam? Deyirdim ki, otur oturduğun yerdə, o qədər öləsi adamlar var ki. (gülür). Canı narahat olanda deyirdi ki, ay Şərqiyyə, mən sizləri qoyub, hara gedim?" deyə Şərqiyyə xanım bildirib.