Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə sədri və bacısının şok əməlləri: ''Qızıl alverindən qazanc...''

Bələdiyyə sədri və bacısının şok əməlləri: ''Qızıl alverindən qazanc...''

Tarix: 6 Noyabr 2022 12:00

Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Zərinə Məmmədova ifadə verib.

O bildirib ki, zərərçəkmiş Gülnaz Məmmədovanın qızıdır, təqsirləndirilən şəxslər onlara ümumilikdə 189 min 500 manat ziyan vurublar.

Zərinə Məmmədovanın sözlərinə görə, 2021-ci ilin əvvəlində bacısı Aygünün vasitəsi ilə Aytacı tanıyıblar: "Aytac bacıma dedi ki, qızıl alveri ilə məşğul olurlar. Bizi də bu işə cəlb etdi".

Şahid deyib ki, həmin ilin yanvar-mart aylarında Aytac və İlknura pul veriblər: "Martın 8-də bizə gəlir verilməli idi, amma verilmədi. Dedilər ki, martın 21-ə kimi ödəniş olacaq. Amma ödəniş olmadı".

Şahid deyib ki, sonradan İlknur onların evində şikayət etməmələri üçün hədə-qorxu gəlib: "Dedi ki, Dövlət Təhlükəsizliyi Xidmətində adamı var, şikayət etsək də, nəticəsi olmayacaq. Aprel ayında şikayət etdik. Bizə dəymiş ziyan bu günə kimi də ödənilməyib".

Şahid deyib ki, sonradan Aytac onlara ziyanın ödənilməsi üçün torpaq sənədi verib: "Biz həmin sənədi yoxlatdıq. Sənədin saxta olduğu üzə çıxdı".

Prokuror Vüqar Quliyevin suallarını cavablandıran şahid deyib ki, anasının adına olan özünə məxsus evini, avtomobilini satıb, həmin pulu da Aytac və İlknura verib. Anası, bacısı və özü tərəfindən verilən pulların ümumi dəyəri 189 min 500 manat olub: 'Həmin puldan biz heç bir qazanc əldə etmədik".

Şahid deyib ki, 50 min manatlıq qızılın gəliri üçün 25 min manat qazanc əldə edəcəkdilər. Şahid əlavə edib ki, İlknurun onlardan pul almasını danışığı ilə video çəkiliş ediblər: "İlknur həmin videoda bizdən nə qədər pul aldığını etiraf edib. Aytac həmin vaxt Azərbaycanda olmadığı üçün onu çağıran bilməmişdik".

İlknur Turkut isə onun videoya çəkilməsini belə izah edib: "Həmin çəkilişdən xəbərim olmayıb. Onlara getmişəm. Mənə dedilər ki, anam xəstədir, nə desək təsdiq elə. Mən də onların dediyi kimi danışmışam. Çəkiliş aparılmasından xəbərim olmayıb. Ümumiyyətlə, onlara DTX söhbbətini etməmişəm".

Daha sonra zərərçəkmiş Gülnaz Məmmədovanın vəkili vəsatətlə çıxış edib. O deyib ki, həbsdə olan təqsirləndirilən İlknur Əliyeva zamindədir. Zamində olan təqsirləndirilən şəxs şahidlər təzyiq göstərir: "Sonuncu iclasda da müdafiə etdiyim Gülnaz Məmmədovaya və onun qızlarına söz atıb, təzyiq göstəriblər. Bu səbəbdən İlknur Əliyevanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun barəsində həbs qətinkan tədbirini seçilməsini istəyirik".

Vəkil həmçinin cinayət işi üzrə məhkəmənin sürətləndirilməsini istəyib. Məhkəmə vəsarəti təmin etməyib.

Növbəti proses noyabrın 1-də davam edəcək.

İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.

Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.

Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Etiketlər:  Bələdiyyə sədri bacısının şok əməlləri Qızıl alverindən qazanc


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ