Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 19:05
Bakı. Samir Əli - Trend:
3-6 Oktyabr tarixlərdə İstanbulda təşkil olunan 4-cü Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin də qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyəti təmsil edib.
Trend-in məlumatına görə, maddi-mədəni sərvətlərimiz sayılan ecazkar gözəlliyə malik Azərbaycan kəlağayısı və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atları ilə “Bir millət, iki dövlət” şüarı altında “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya qonaqlar tərəfindən xüsusi zövqlə izlənilib.
Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan tədbiri ziyarət edib. Qarabağ atlarının çıxışını izləyib. Şoudan sonra Bilal Ərdoğan Azərbaycan nümayəndə heyəti ilə görüşüb və ölkəmiz haqqında xoş təəsüratlarını, Qarabağ atlarının Türkiyə ərazisində ilk dəfə məhz bu tədbirdə çıxışından məmnunluğunu bildirib. Şouda Türkiyənin siyasi xadimləri ilə yanaşı, bir çox tanınmış simaları da iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən çoxlu sayda tamaşaçının izlədiyi və müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı tədbir 4 gün davam edəcək.
Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. 4 gün ərzində bir milyondan artıq insanın Atatürk Hava Limanı ərazisində təşkil olunan tədbirlərdə iştirakı gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin