Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 12:54
Bundan 13 il əvvəldi, 2009-cu ilin avqust ayının 24 idi, beynəlxalq mediada, eləcə də ölkəmizin mətbuatında aşağıdakı başlıqlı belə bir xəbər yayılmışdı: "Zorlanan məhbusların məsələsi İran parlamentində müzakirə ediləcək".
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, söhbət İrandan gedirdi və xəbəri "Mehr" agentliyi yaymışdı.
Məlumatda bildirilirdi ki, İran parlamentində prezident seçkilərindən sonrakı hadisələrlə bağlı yaradılmış "özəl komitə"nin üzvləri olan deputatlar prezidentliyə sabiq namizəd Mehdi Kərrubi ilə görüşəcəklər və həbsxanalarda siyasi xadimlərin, həmçinin prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası zamanı həbs olunmuş sıravi vətəndaşların cinsi təcavüzə məruz qalmaları və işgəncələr nəticəsində ölmələrilə bağlı Kərrubinin iddia etdiyi faktları araşdıracaqlar.
O zamanlar İranda belə bir durum yaranmışdı: iş başında olan prezident Mahmud Əhmədinejadın prezident seçkilərində əslən Təbrizin Xamnə kəndində doğulan və ali dini lider Əli Xamneyinin bibisinəvəsi olan sabiq baş nazir (1981-89) Mirhüseyn Musəviyə uduzduğu iddaa olunub. Əslində Mehdi Kərrubi də prezidentliyə namizəd idi və o da şəhadət verirdi ki, Musəvi Əhmədinejada qalib gəlib. Fəqət Xamneyi "İranı iki qohum idarə edir" deməsinlər deyə, Əhmədinejadın tərəfini tutmuş, onun qələbə qazandığını elan edib. Bu isə kütləvi etiraz aksiyalarına səbəb olub. İnsanlar günlərlə küçələrdən evə yığılmayıblar. Axırda molla rejimi indiki kimi dinc xalqa qarşı hərbi qüvvələrdən istifadə edib, çox sayda ölənlərlə yanaşı, minlərlə fəal da həbs olunub.
Həbslərdən az sonra tutulanların bir çoxunun - gənc oğlanların və qızların zindanda cinsi zorakılığa məruz qalması barədə xəbərlər yayılmağa başlanıb. Seçkinin nəticələrinə etiraz edənlərə başçılıq etdikləri üçün ev dustağı edilmiş Kərrubi və Musəvi bu barədə açıqlamalar veriblər.
Bundan başqa, avqustun 22-də "Times" qəzeti həbsdə cinsi təcavüzə məruz qalmış 15 yaşlı Rıza adlı bir oğlanla müsahibə yayıb.
O zamanlar İranda ən böyük siyasi partiyalardan biri olan "Müşarikət" partiyası da bəyanat yayaraq bildirib ki, siyasi baxışlarına görə həbs olunmuş qadınları özləri və həmkarları haqda "əxlaqsız" etiraflar etməyə məcbur edirlər.
Zərərçəkənlərdən bir neçəsi Kərrubi ilə görüşüb və başlarına gələnləri ona yerli-yataqlı, utanıb-çəkinmədən danışıblar. Daha sonra onlardan bəziləri Avropa ölkələrinə keçə bilib və məruz qaldıqları cinsi təcavüz və işgəncələr barədə danışıblar.
Ancaq 13 il öncə hökumət rəsmiləri, o cümlədən İran parlamentinin spikeri Əli Laricani Kərrubinin iddialarını təkzib edir və bu barədə yayılan xəbərlərin doğru olmadığını bildirirdi.
Zorlananların sayının 30 nəfər (hər iki cinsdən) olduğu bildirilirdi.
Ancaq İran rəsmiləri dünyaya faş olan bu zorakılıq haqda xəbərləri sona qədər boyun almadılar və məsələ yavaş-yavaş unudulub getdi.
Budur, Məhsa Əmini adlı gənc qızın "əxlaq polisi" tərəfindən öldürülməsindən sonra İranda yenə etirazlar, yenə də həbs olunanlar var və məhbəsdə zorlananlar haqqında xəbərlər gəlir. Onlardan bəziləri artıq intihar ediblər. Məsələ yenə beynəlxalq qalmaqal şəklini alıb.
BMT-nin İnsan Hüquqları Şurası İranda baş verən zorakılıqlarla bağlı hərəkətə gəlib, noyabrın 24-də "İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda xüsusi sessiya keçirəcək. Bu sessiyanın keçirilməsini BMT-dən Almaniya və İslandiya xahiş edib. Bu dövlətlər BMT-nin İnsan Hüquqları Şurasına rəsmən müraciət ediblər və təşəbbüsü 44 dövlət dəstəkləyib. Təşəbbüsü müdafiə edən dövlətlərin sayının artacağı gözlənilir.
Çünki son iki ayda İranda etiraz aksiyalarında öldürülən günahsız insanların sayı 300-ü keçib, minlərlə yaralanan, iki o qədər həbsə alınan var və onların hamısının məhbəsdə işgəncə gördüyü, bir çoxunun zorlandığı, zorlananlardan bir neçəsinin intihar etdiyi bildirilir. Cinsi təcavüzə mərus qalan qızlardan bir neçəsi Türkiyəyə keçib və başlarına gələnləri bu ölkədəki qohumlarına danışıblar. Onlar adlarının və şəkillərinin çəkilməsini istəmirlər.
Görünür, əllərinə dörd divar arasında müdafiəsiz gənclər düşmüş seksual manyaklar - iranlı poqonlular da düşünüblər ki, zorlanan gənclər cəmiyyət içində rüsvay olmamaq üçün başlarına gətirilənləri ətraflarına, mediaya danışmayacaqlar, beləcə, bu ağır cinayətin üstü ört-basdır ediləcək.
Ancaq artıq bu sahədə vəziyyət dəyişib, 13 il öncə Reza adlı gənc bu tabunu qıraraq məruz qaldığı zorakılığı dünyaya duyurub və ondan sonra bu cür hərəkət edənlər artıb. Zorlamaya dair indiki ifadələr göstərir ki, artıq iranlı etirazçılar "camaat içində biabır olmaq"dan qorxmurlar və hər şeyi olduğu kimi danışırlar. Bir sıra Avropa dövlətləri bu cür insanları qəbul edir, sığınacaq verir, reablitasiya prosedurundan keçirir.
İranı isə BMT-nin İnsan Haqları Şurasında ağır müzakirələr və ciddi qətnamələr gözləyir. Bu dövlətə başa salacaqlar ki, müasir dünyada böyük bir ölkəni dünyadan təcrid edərək, onun insanlarını qırıb-çatmaq, həbsxanaya salıb zorlamaq, öldürmək olmaz, buna görə cavab verilməlidir.
BMT İnsan Haqları Şurasının İrana dair sessiyanı 25 noyabr ərəfəsində, ondan bir gün öncə keçirməsi təsadüfü deyil. 1999-cu il dekabrın 17-də BMT noyabrın 25-ni "Qadınlara olan zorakılığa qarşı beynəlxalq gün" elan edib. Bu isə bir tarixi hadisə ilə bağlıdır.
1959-cu ildə Dominikanda yaşayan və bu ölkənin diktatoru Rafael Truxilyoya qarşı etiraz aksiyalarına qoşulan 3 bacı - Patrisiya, Minriva və Traza tutulub, zindana salınırlar. Ancaq beynəlxalq birliyin etirazlarından sonra hökumət bacıları azadlığa buraxmalı olur. 1960-cı ilin noyabr ayının 25-də isə Dominikanın gizli polisləri Mirabal bacılarını oğurlayır, məhbəsdə zorlayandan sonra işgəncə ilə öldürürlər. Bu, etiraz aksiyalarını daha da şiddətləndirir, Truxilyo devrilir. 21 ildən sonra, 1981-ci ildə Amerika qitəsi və Karib dənizi qadınlarının konfransında bu üç qadının qətlə yetrildiyi gün - 25 noyabr qadınlara olan zorakılığa qarşı beynəlxalq gün elan olunur. İran zindanlarında isə təkcə etirazçı qadınları yox, kişiləri də zorlayıblar və bu, dünya üçün gerçək bir şokdur.
P.S. Bilgili şəxslərin dediyinə və beynəlxaıq medianın yazdığına görə, İranda çoxdan bir yazılmamış qanun var: əgər hər hansı bir cinayət törətmiş və edama məhkum edilmiş qız bakirədirsə, edamdan qabaq onu mütləq zorlayır, sonra asırlar... Bu qədər amansız və maniakal vəhşiliyi edənlərin sonra din-imandan danışması da başqa bir dərddir.