Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İndi Azərbaycanda baş rejissor yox, məmur teatrı var”

“İndi Azərbaycanda baş rejissor yox, məmur teatrı var”

Tarix: 3 Dekabr 2022 12:30

"Tərəf müqabillərimin bir çoxunu itirmişəm. Bu gün mənə Yaşarsız, Telmansız, Səməndərsiz səhnədə çıxış etmək çox çətindir. Peşəkarları ətrafında görməmək faciədir. Mən Tofiq Kazımovun tələbəsi olmuşam. Ondan əvvəl də Rza Təhmasib, Adil İsgəndərov müəllimim olub. O vaxt teatr baş rejissorun teatrı idi. İndi Azərbaycanda baş rejissor yox, məmur teatrı var. O vaxt AZDRAMA-ya deyirdilər ki, Tofiq Kazımovun teatrı, Gənc Tamaşaçılar Teatrına Zəfər Nemətovun teatrı, həmçinin də Musiqili Komediya teatrına Şəmsi Bədəlbəylinin teatrı deyirdilər. Teatr yaradıcı insanların əlində idi. Onlar da aktyorları tapıb, üzə çıxarırdılar, maraqlı ansambl yaradırdılar".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, "Şöhrət" ordeni laureatı İlham Namiq Kamal deyib. O, daha sonra əlavə edib.

"Aktyor səhnəyə çıxıb gülüş də yarada bilir, göz yaşı da, dramatik vəziyyət də. Bax sənət budur. Əsas odur ki, sən başqalaşa, cilddən-cildə daxil ola bilirsən. O vaxt satirik monoloqlar var idi, yazırdılar, ifa edirdik. İndi nəinki satirik, heç yumoristik monoloqlar da yazılmır. Yüngül, bəsit komediyalarda sözaltı mənalar da olmalıdır. Biz dövrün, zəmanənin çatışan, çatışmayan cəhətlərini yumor vasitəsilə insanlara çatdırmalıyıq" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, komediya filmlərinə dəvət alsa da çəkilmir. Səbəb isə...

"Bir neçə dəfə filmlərə dəvət almışam. Deyirlər ki, öz geyimlərini, kostyumlarını gətir, onlarla çəkiləcəksən. Belə çıxır ki, mən bütün qarderobumu çəkiliş meydançasına daşımalıyam?! Ssenari də bir qəpiyə dəyməz və üstəlik də mən gedib o kostyumumu korlayım?! Ucuz ətin şorbası olmaz. Tamaşaçıya sağlam ssenari və filmlər lazımdır. Kino sənətkarı tamaşaçı ilə yüksək səviyyədə doğmalaşdırır. Tofiq Kazımov deyirdi ki, aktyor tamaşaçının gözü qarşısında yaşlanmalıdır" deyə sənətkar bildirib.

Xalq artisti daha sonra görkəmli aktyor Əliağa Ağayevin vəfatından danışıb.

"Əliağa Ağayev və Nəsibə Zeynalova qüdrətində Azərbaycanda aktyor olmayıb. O vaxt tamaşaçıların bir çoxu deyirdi ki, Əliağa Ağayev "Evləri köndələn yar" televiziya tamaşasına çəkiləndə ürəyi tutub, infarkt keçirib. Bu əsla belə deyildi. Onun dünyadan köçməsi də çox qəribə olub. Dünyanın heç bir ölkəsində aktyor gülən vəziyyətdə rəhmətə getməyib. Əliağa müəllim çox sağlam idi. Dostları ilə oturub bir lətifə danışıb. Lətifəni bitirəndən sonra elə gülən yerdə də dünyasını dəyişib. İndi bilmirəm o ətrafa gülüb getdi, yoxsa çatışmazlıqlara?! Amma bir reallıq var ki, o bu dünyaya gülərək gözlərini bağladı" deyə sənətkar bildirib.


Etiketlər:  İndi Azərbaycanda baş rejissor məmur teatrı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ