Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN-dən növbəti mənasız sülh təşəbbüsü - “ictimaiyyət nümayəndələri” separatçı ermənilərə nəsə edə bilər ki?!

Rusiya XİN-dən növbəti mənasız sülh təşəbbüsü - “ictimaiyyət nümayəndələri” separatçı ermənilərə nəsə edə bilər ki?!

Tarix: 13 Dekabr 2022 09:27

Elşad Həsənov: "İki ölkənin ictimaiyyət nümayəndələrinin görüşü nəyisə dəyişməyəcək, bu, baş aldatmaq məqsədi daşıyır"

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS Agentliyinə müsahibəsində bəyan edib ki, Rusiyanın təşəbbüsü ilə hazırda Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri və ekspert dairələri arasında təmaslara hazırlıq gedir: "Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub".

Qonçar üçtərəfli parlamentlərarası dialoqun da fayda verə biləcəyini söyləyib. O əlavə edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları nizamlanma üçün əsas olaraq qalır. D.Qonçar onu da vurğulayıb ki, 9-10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərinin kompleks normallaşması üçün yol xəritəsini təşkil edir.

Maraqlıdır, Ermənistan 10 noyabr və digər razılaşmalara əməl etmirsə, bunları nümayişkaranə şəkildə pozursa, o zaman ictimaiyyət nümayəndələri arasında təmaslar nəyi dəyişəcək?

"Rusiya, yaxşı olardı ki, sülhməramlıların öz missiyaları ilə məşğul olmasına diqqət etsin"

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, prinsipcə, Rusiya XİN rəsmisi D.Qonşar yeni bir söz deməyib: "Brüsseldə keçirilən bir sıra görüşlərdə də Şarl Mişel bəyan edib ki, Azərbaycan və Ermənistanda əhalini sülhə hazırlamaq, bununla bağlı müvafiq işlər aparmaq lazımdır. O cümlədən, vətəndaş nümayəndələrinin görüşlərini təşkil etmək lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, bundan əvvəl də ictimaiyyət nümayəndələrinin görüşləri təşkil olunub, amma bunun bir nəticəsi olmayıb. Niyə? Ona görə ki, Ermənistan real kompromis addımların atılmasında maraqlı deyil. Məsələn, 10 noyabr razılaşmasına görə, Ermənistan silahlı birləşmələri Qarabağdan çıxarılmalı idi. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konkret addımlar atmalı idi. Ancaq bunların heç birinə Ermənistan əməl etməyib. Baxmayaraq ki, bununla bağlı Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq edib. Erməni separatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq aparmasına imkan vermir. O cümlədən, Qarabağdakı Rusiya sülhməramlıları erməni separatçılarının provokasiyalarına mane olmurlar. Belə olan halda, əlbəttə,ki, iki ölkənin ictimaiyyət nümayəndələrinin görüşü nəyisə dəyişməyəcək. Bu, sadəcə baş aldatmaq məqsədi daşıyır. Rusiya, yaxşı olardı ki, sülhməramlıların öz missiyaları ilə məşğul olmasına diqqət etsin. Artıq proseslər Azərbaycanın antiterror əməliyyatları keçirməsinə doğru gedir. Çünki erməni separatçıları açıq-aşkar təxribatlarla məşğuldular. Onu da nəzərə almaq lazımdır ki, Moskvanın emissarı Ruben Vardanyan bilavasitə Azərbaycan tərəfinin monitorinq aparmasına qarşı çıxıb. Belə bir şəraitdə D.Qonçarın ictimaiyyət nümayəndələrinin görüşü ilə bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur. Belə təmaslar o zaman səmərə verir ki, bunun üçün hərtərəfli zəmin olsun. Hər iki tərəf kompromislərdə maraqlı olsun. İndi belə təmaslardan söhbət gedə bilməz. Çünki Ermənistan tərəfi qarşıdurmalarda maraqlıdır".

Bu baxımdan siyasi ekspert hesab edir ki, görüləsi işlər çoxdur.


Etiketlər:  Rusiya XİN dən növbəti mənasız sülh təşəbbüsü ictimaiyyət nümayəndələri separatçı ermənilərə nəsə edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ