Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 21:08
DÇ-2022-nin süpriz komandası
Dekabrın 18-də başa çatacaq DÇ-2022-nin əsas sensasiyası Mərakeş yığmasıdır. Afrika təmsilçisinin uğur hekayəsində əsas qəhrəman isə baş məşqçi Valid Reqraqidir. Onun komandaya gəlişi və yaşananlar, gözlənilən və ya planlaşdırılan şəkildə olmayıb. Çünki millini mundiala qədər təcrübəli məşqçi Vahid Halilhodziç çalışdırırdı. Məhz 70 yaşlı məşqçinin rəhbərliyi ilə komanda Qətərdəki yarışa vəsiqə qazanmışdı. Ancaq onunla komandanın əsas futbolçuları arasındakı münaqişə Mərakeş Futbol Federasiyasını (bundan sonra MFF) və ictimaiyyəti narahat edirdi. Gözlənilməz olan isə turnirin başlamasına üç ay qalmış bosniyalı mütəxəssisin qovulmasıdır. Komanda bundan sonra Valid Reqraqiyə həvalə edildi. Və beləcə, yeni uğur hekayəsinin təməli qoyuldu.
Belə bir vəziyyətin Mərakeş millisinə mənfi təsir edəcəyi gözlənilirdi. Lakin Reqraqi nəinki ölkəsi, hətta Afrika qitəsi adına yeni tarix yazdı. Yığma yarımfinala gedən yolda İspaniya və Portuqaliya kimi Avropa nəhənglərini mübarizədən kənarlaşdırmaqla bütün dünyaya gücünü nümayiş etdirdi. Diqqətçəkən məqam isə "atlas aslanları"nın bu mərhələyə qədər, sadəcə 1 top buraxmasıdır. Belə olan halda mundialın sürpriz komandasının yaradıcısı ilə tanış olmaq lazım gəlir.
Fransadakı mərakeşli
Avropada Mərakeşdən olan insanlar çoxdur. Valid Reqraqi onlardan biridir. Parisətrafı qəsəbələrdə fəhlə ailəsində anadan olan Validin atası xəyal edirdi ki, o, gələcəkdə ofis işçisi olacaq. Valideynlər bunu kasıb bir ailənin uğur hekayəsi kimi görürdülər. Ancaq Reqraqi futbolu seçdi. Onun karyerası Fransanın aşağı liqalarından başladı. "Tuluza" və "Ayaçço" onun əsas liqaya yüksəlməsinə səbəb oldu. Daha sonra müdafiəçinin yolu La Liqadan da keçdi. Bir neçə mövsüm "Rasinq"dən oynayan Valid, sonradan Fransaya qayıtdı.
Bəzi afrikalı futbolçulardan fərqli olaraq o, Fransa millisinə çağırılmadı. Nəticədə Reqraqi Mərakeş millisində oynamaq qərarına gəldi. 2004-cü ildə Valid yığma ilə Afrika Kubokunun finalına yüksəldi, burada mərakeşlilər turnirin ev sahibi Tunisə uduzdular. Bununla belə Valid üçün həmin turnir əla alındı. Nəticədə adı turnirin simvolik komandasına daxil edildi.
Qvardiolayla Mourinyonun qarışığı
Reqraqanın məşqçilik karyerası 8 il çıxış etdiyi Mərakeş millisində başladı. 2012-ci ildə Rəşid Taussi köməkçi kimi onu yanına çağırdı. Onun millidəki macərası cəmi 1 il çəkdi. Valid daha sonra Mərakeş klublarına rəhbərlik etməyə başladı. 4 il sonra Reqraqi ölkəsinin top-məşqçisi hesab edilirdi. FUS ilə ölkə kubokunu qazandıqdan sonra ona "mərakeşli Qvardiola" ləqəbi verildi. Validi, eyni zamanda Mourinyonun varisi də adlandıranlar da var idi.. Amma məşqçi hər zaman öz fəlsəfəsinin olduğunu bildirir və "Qvardiola və Mourinyonun qarışığıyam" deyirdi. Oyun tərzi ilə Pepə bənzəyən Valid, mətbuat konfranslarında Joze kimi çıxışlar edirdi.
Adını tarixə yazan adam
Ölkəsindəki uğurlu çıxış onun xaricə gedən yolunu açdı. Qətərin "Əl-Duhail" klubunun rəhbərliyi gənc mütəxəssisə etimad göstərdi. Valid gözləntiləri doğrulduraq bu ölkədə də titul qazandı. Onun komandası Xavi Ernandesin rəhbrəlik etdiyi "Əl-Sədd"i məğlub etməklə diqqət mərkəzinə düşdü. Onun bu uğuru Mərakeşin ən titullu klubu "Vidad"a yolunu açdı. Bu komandada hər şey uğurlu alındı. Komanda Afrika Çempionlar Liqasının qalibi oldu. Reqraqi bu turniri qazanan ikinci mərakeşli məşqçi kimi tarixə düşdü.
Milli komandanın xilaskarı
Bu uğurdan sonra o, milli komandanın baş məşqçi postuna namizəd kimi göstərilməyə başlanıldı. Çünki ölkənin bir nömrəli komandasında işlər yaxşı getmirdi. Fubol ictimaiyyəti Reqraqinin millini Qətərə aparması üçün MMF-yə təzyiq göstərməyə başladı. Həmin vaxt yığmadakı gərginlik pik həddinə çatmışdı. Vahid Halilhodziç ilə futbolçular arasındakı münasibətlər pozulmuşdu. Nəticədə bir neçə futbolçu məşqçinin istefasını tələb etməyə başlamışdı. Yığmadan uzaqlaşan futbolçuların sayı getdikcə artırdı. Çıxılmaz vəziyyətə düşən federasiya hadisələrin qarşısını almaq üçün Halilhodziçlə yolları ayırdı. DÇ-2022-yə 3 ay vaxt qaldığından, komandanı tanıyan məşqçiyə etibar etmək lazım idi. Belə olan halda ictimaiyyətin də təklifi nəzərə alındı. Nəticədə milli Valid Reqaqiyə tapşırıldı.
Təyinatından dərhal sonra qollarını çırmalayaq işə başlayan mütəxəssis, əvvəlcə komandanın lideri Hakim Zişeyi milliyə qaytardı. Bundan sonra millidən uzaq düşən digər futbolçular da yeni baş məşqçinin münasibətindən ilhamlanaraq sıraya döndülər. Bununla da ölkədə komandaya inam yarandı.
"Çalışın onları sevindirək"
Futbolçularının əksərinin Avropanın top liqalarının aparıcı klublarında oynaması Validin işini asanlaşdırırdı ki, mütəxəssis bu məqamdan maksimum istifadə etdi. Futbolçularıyla şəxsi münasibətlərinə xüsusilə diqqət yetirən çalışdırıcı onlara daha yaxın olmağa çalışdı. Bunun məntiqi nəticəsi kimi mundialdan əvvəl federasiyadan ailələrinin Qətərə aparılmasını xahiş etdi və bildirdi ki, bu, onların uğur qazanmasında rol oynayacaq. Bu məqamı nəzərə alan qurum nəinki futbolçuların, hətta məşqçilərin, eləcə, Validin ailəsini Dohaya apardı. Bu səbəbdən məşqçi futbolçularına hər oyundan öncə "ailələrmiz bizimlədir, çalışın onları sevindirək" deyir. DÇ-2022-dən əvvəl "Bəlkə dünya çempionu olduq" sitatıyla gündəmə gələn Reqraqiyə əvvəlcə qeyri-ciddi yanaşılsa da, indi onun dedikləri real görünür.
Afrika futbolunda yeni tarix
36 ildən sonra ilk dəfə pley-offa vəsiqə qazanan, Afrikanın tarixində ilk dəfə mundialın yarımfinalında oynayacaq Mərakeş millisinə indi nəinki bir qitə, müsəlman aləmi, hətta bütün dünya azarkeşlik edir. Xorvatiya, Belçika, İspaniya və Portuqaliya ilə görüşlərdə qapısının toxunulmazlığını təmin edən "atlas aslanlar"ı mübarizliyi və inamlı oyunu ilə DÇ-2022-ni fəth etməyə davam edir. İndi onları finaldan cəmi bir oyun ayrır. Valid Reqraqinin komandası artıq tarix yazıb. Ən yeni tarixi yazmaq isə öz əllərindədir. Bunun üçün prinspial görüşdə son dünya çempionu Fransaya müqavimət göstərmək lazımdır. (publika)