Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 08:45
Ermənistanın indiki hökumətinin siyasəti ən azı 2020-ci ildən Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Kremlyönlü "Sputnik Armeniya" saytındakı bir məqalədə yazılıb. Məqalədə erməni ekspert Qarnik Davtyanın fikirləri alınıb.
Onun sözlərinə görə, Qərb güc mərkəzləri ilə görüşlər və danışıqlar bu məntiqə tabedir.
Davtyan Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın Böyük Britaniyaya səfərinə diqqət çəkib.
Onun fikrincə, Armen Qriqoryanın Böyük Britaniyanın Xarici Kəşfiyyatının rəhbəri, Mİ6-nın direktoru Riçard Murla görüşü bu səfəri xüsusilə diqqətəlayiq hadisəyə çevirir. Riçard Mur İngiltərənin Türkiyədəki keçmiş səfiri olub və Türkiyə-Britaniya strateji tərəfdaşlığının güclü tərəfdarı kimi ad qazanıb. Armen Qriqoryan həmçinin bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Leo Doherti ilə də görüşüb. Danışıqlar zamanı təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Davtyanın bildirdiyinə görə, "Böyük Britaniya ənənəvi olaraq Cənubi Qafqazda Türkiyə-Azərbaycan maraqlarının kuratoru və sponsoru kimi qəbul edilir. Və Ukrayna böhranı fonunda Rusiya ilə son dərəcə gərgin münasibətləri nəzərə alınsa, Londonun regiondakı siyasəti də Moskvanın rolunu zəiflətmək cəhdləri ilə əlaqələndirilir".
Erməni politoloqa görə, "rəsmi Londonun Rusiya sülhməramlılarını və ümumiyyətlə, Rusiya hərbi faktorunu bölgədən sıxışdırıb çıxarmaq istəyi aydın görünür".
Ekspertin rəyinə əsasən, "rəsmi Bakının Londona yönəlməsi də birbaşa Britaniya-Türkiyə münasibətləri ilə əlaqədardır. Londonla Ankara arasında əməkdaşlıq xüsusilə təhlükəsizlik sahəsində özünü büruzə verir və xüsusi xidmət orqanları səviyyəsində qarşılıqlı fəaliyyət son illərdə "şok" tempi ilə inkişaf edir".
"İngilislərin Türkiyə və Azərbaycanın maraqlarına daha çox xidmət etdiyini desək, mübaliğə olmaz. İndi isə onlar arasında bu qədər sıx koordinasiya fonunda Böyük Britaniyanın Ermənistanın təhlükəsizliyini necə təmin edə biləcəyini anlamaq çətindir. Ehtimal etmək olar ki, söhbət Rusiyanın maraqlarına qarşı yönəlmiş proseslərdən gedir. Hərçənd indiki mərhələdə bu anti-Rusiya "hazırlıqları" o qədər də gözə çarpan və hiss olunan olmaya bilər", - deyə erməni politoloq bildirib.
Onun fikrincə, "faktiki olaraq, Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün qorunması sahəsində hələ də ciddi bir iş görməyib, müttəfiqlərlə də işləyə bilməyib".
Qarnik Davtyana görə, "bütün sahələrdə fiasko fonunda Britaniya diplomatları və təhlükəsizlik rəsmiləri ilə görüşlər və danışıqlar çox şübhəli görünür".