Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 10:42
Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmaları daha əvvəl mundiallarda üç dəfə bir-birilərinə rəqib olublar.
Sonxeber.net "Report"a istinadən xatırladır ki, bunların ikisində Cənubi Amerika təmsilçisi, birində "xoruzlar" qələbə qazanıb.
Tərəflər ümumilikdə 12 dəfə görüşüblər. Altısında "tanqoçular", üçündə fransızlar qalib gəliblər. Üç qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Altıncı dəfə final matçında iştirak edəcək Argentina seçməsinin iki çempionluğu (1978, 1986) var. Cənubi Amerikalılar məğlub olacaqları təqdirdə, dördüncü gümüş medalını əldə edəcək və bu göstəricidə Almaniyaya çatacaq.
Avropa təmsilçisi tarixində dördüncü (1998, 2006, 2018) dəfə final görüşündə mübarizə aparacaq. İkiqat dünya çempionları 1998-ci ildən sonra həlledici matça ən çox qatılan yığmadır. Ötən turnirin qalibi olan Fransa ardıcıl ikinci cəhdində qızıl medala sahib çıxsa, bunu bacaran üçüncü (İtaliya: 1934-1938, Braziliya: 1958-1962) komanda olacaq.
Bu günədək mundialların finalında Cənubi Amerika və Avropa milliləri 10 dəfə qarşılaşıblar. Bunların 7-də amerikalılar, 3-də köhnə qitə komandaları sevinən tərəf olublar. Üç məğlubiyyətin də məhz ikisi Argentina yığmasına (1990, 2014: hər ikisi Almaniya) məxsusdur. Avropalıların əldə etdiyi digər qələbə (1998: Braziliya) isə Fransa kollektivinə aiddir.
Argentinalı ulduz futbolçu Lionel Messi bu oyunda meydana çıxmaqla dünya çempionatlarının tarixinə düşəcək. 35 yaşlı hücumçu turnirdə 26-cı qarşılaşmasını keçirəcək və bu göstəricidə almaniyalı Lotar Matteusu (25 matç) geridə qoyacaq.
Fransa yığmasının baş məşqçisi Didye Deşam isə ardıcıl iki dəfə bu titula sahib çıxan ikinci mütəxəssis olmağı hədəfləyir. 1934 və 1938-ci illərdə Vittorio Pottso İtaliya millisi ilə buna müvəffəq olub.
Qeyd edək ki, Argentina - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.