Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2022 14:10
Bu günlərdə ölən Pele idmanın şahı üçün çox böyük futbolçu olub. O qədər böyük futbolçu olub ki, haqqında müxtəlif əfsanələr, rəvayətlər, hekayələr dolaşır. Onlardan biri də hərbi münaqişəni dayandırmaq bacarığı haqqında söhbətlərdir.
Sonxeber.net bildirir ki, 1967-ci ildə Nigeriyada federal hökumətlə separatçı Biafra Respublikası arasında vətəndaş müharibəsi başlayıb. Hadisələrə müdaxilə etmək mümkün olmayıb. Toqquşma zamanı heç kim heç nəyi, hər hansı milli və ya mənəvi dəyəri nəzərə alınmayıb. İnsanlıq adına acı günlər olub. Hesablamalara görə, Nigeriyada üç il ərzində gedən amansız döyüşlərdə aclıq və etnik təmizləmələr nəticəsində bir milyondan çox insan həlak olub. Bu əsl soyqırımı idi.
Hadisələr baş verdiyi vaxtda - 1969-cu ilin yanvarında Pelenin formasını geyindiyi "Santos" klubu Afrika turu zamanı sərgi matçı üçün Nigeriyaya gəlib. Nigeriya Futbol Assosiasiyası yerli komandaya qarşı oyun üçün braziliyalılara 11 min funt-sterlinq təklif edib və müsbət cavab alıb. Baş tutan oyun yerli komanda üçün uğurlu alındı. Pelenin dubl etdiyi görüş 2:2 hesabı ilə nəticələndi. Ertəsi gün onlar Nigeriyanı tərk etdilər. Ancaq Benin şəhəri ulduzları yenidən dəvət etmək üçün pul axtarırdı. Bunu reallaşdırmaq üçün hər şey edirdilər.
Bu məqsədlə "Santos"a 6 min funt-sterlinq təklif edildi. Ancaq Braziliya təmsilçisi ilkin olaraq razılıq verməsə də, sonradan bu məbləğlə razılaşdı. Onlar fevralın 4-də geri döndülər. Meydan sahibləri bu dəfə məğlub oldular - 1:2. Azarkeşlərin sevimlisi Pele fərqlənə bilmədi. Rəvayətə görə, matçın əsas şərti bir neçə günlük atəşkəs olub. Buna səbəb braziliyalı futbolçuların təhlükəsizliyini təmin etmək idi.
Bu iddia realdır? Pele müharibəni dayandıra bilibmi? Pele təfərrüatları yaxşı xatırlamır. İki oyun oynasa da, bir matç haqqında danışır və tez-tez tarixləri qarışdırır. 1977-ci ildə "Mənim həyatım və gözəl oyun" adlı avtobioqrafiyasına yazdığı ön sözdə Pele vətəndaş müharibəsi zamanı atəşkəsdən bəhs edib. Ancaq kitabın on üçüncü səhifəsində 1967-ci il haqqında yazarkən, Laqosu (Nigeriyanın ən böyük şəhəri) ilk dəfə ziyarət etdiyini bildirir.
Pelenin sözlərinə görə, 1967-ci il may ayının sonunda menecerlər Afrika və Avropaya iki aylıq tur təşkil etdilər. Məhz həmin tarixlərdə Nigeriyanın bəzi ştatlarında səfərbərlik elan edildi. Biafranı blokadaya almaq üçün Niger çayına qoşunlar cəlb edildi. İyulun əvvəlində uzun sürən ilk döyüşlər başladı, bəzi şəhərlər hava bombardmanlarına məruz qaldı. Lakin Pele baş verənlər barədə heç nə qeyd etməyib. Ancaq vurulan qollardan və afrikalıların heyranlığından qeydlər edib. Daha sonra qəfil ABŞ turuna və 1970-ci ilə keçir.
2007-ci ildə nəşr olunan başqa bir tərcümeyi-halında Pele Laqosdakı matçı xatırlayıb, lakin Benin Siti haqqında heç nə qeyd etməyib. Kitab atəşkəs iddialarını isə rədd edib:
"Bunun tamamilə doğru olduğuna əmin deyiləm, lakin nigeriyalılar matçımız zamanı Biafranların Laqosu işğal etmədiyinə əmin oldular."
"Santos"un rəsmi saytında separatçı Biafra bölgəsi ilə sərhəddə yerləşən Benin şəhərində keçirilən matçdan bəhs edilib. Braziliyalılar matçın hesabını və tarixini düzgün qeyd ediblər, lakin onlar futbola görə hərbi əməliyyatların dayandırılmasına dair informasiya qeyd etməyiblər. Ancaq 1990-cı ildə Pelenin 50 illik yubileyində "Plasar" jurnalında dərc olunmuş məqalədə bu məsələyə bir neçə cümlə ilə toxunulub. "Biafra Respublikası ilə müharibə vəziyyətində olan Nigeriya da "Santos"u görmək istəyirdi. Tərəflər müvəqqəti atəşkəsə razılaşıblar ki, nigeriyalılar Pelenin oyununu görə bilsinlər" - deyə publisist Mişel Lourens yazıb.
Son 11 ildə Pele Nigeriyadakı vətəndaş müharibəsini iki dəfə xatırlayıb. 2011-ci ildə CNN Pelenin 1969-cu ildəki hadisələrə toxunduğu bir müsahibə yayımlayıb. "Mən fəxr edirəm ki, biz müharibəni dayandırdıq. İnsanlar futbola ac idilər və "Santos"un Afrikada necə oynadığını görmək üçün münaqişəni dayandırdılar"- deyə braziliyalı əfsanə bildirib.
Maraqlıdır ki, turu işıqlandıran yeganə braziliyalı jurnalist - "A TRIBUNA" qəzetinin əməkdaşı Cilberto Markes heç vaxt belə böyük bir faktı vurğulamayıb. 1974-cü ildə Pelenin özündən, təkcə Laqosda deyil, həm də Biafrada oynadığı barədə məlumat ortaya çıxıb. Hesab edilir ki, Pelenin özü belə qəsdən söz-söhbət yayıb. Hətta illər sonra hər şeyi qarışdırıb. Ona görə də bəzi suallar ortaya çıxıb.
Pelenin onilliklərdir davam edən bu hekayəsindəki reallıqları tapmaq hələ də mümkün deyil. Xatirələr, yazılar, informasiyalar çoxdur. Bütün bunları təkzib edən mənbələr də var. Amma onlardan hansı həqiqətdir? Ayırd etmək mümkün deyil. (publika)