Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2023 20:56
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavada fərdi qaydada vətəndaşlıq verib.
Sonxeber.net xəbər verir ki, Hikmət Cavadov feysbuk hesabında bu barədə yazaraq Zelenskiyə təşəkkürünü bildirib:
"Artıq Ukrayna vətəndaşıyam və bundan şərəf duyuram!
2002-ci ildə özüm üçün Ukraynanı kəşf edərək ucsuz-bucaqsız mavi göylər altında göz işlədikcə uzanıb gedən günəbaxan tarlalarının mənzərəsindən valeh olduğumu xatırlayıram. Bu ölkənin əsrarəngiz təbiəti məni ovsunlamışdı, özümü nağıllar aləmində hiss edirdim. Möhtəşəm məbədlər, tarixi qəsrlər, şəhərlərdəki özünəməxsus memarlıq nümunələri, kənd yerlərinin bənzərsiz siması nəzər-diqqətimi özünə çəkərək əvvəllər də haqqında çox eşitdiyim, oxuduğum bu sehrli ölkəni bir daha kəşf etməyə məni sövq edirdi.
Gözəl təbiəti ilə yanaşı Ukraynanın insanlarına da heyran oldum. Mənəvi gücünə, açıq qəlbinə, mehriban xasiyyətinə bələd olduğum ukraynalılar arasında özümü yad hiss etməmişəm və etmirəm. Bu ölkə və bu millət elə ilk günlərdən mənə doğma oldu.
Odur ki, burada qalıb elmi və ictimai fəaliyyət göstərmək qərarına gəldim. Kiyev şəhərinə köçdüm, iki ildən sonra da aspiranturaya qəbul edildim. 2004-cü ildən etibarən bu günədək Ukrayna Milli Elmlər Akademiyası Koretski adına Dövlət və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsinədək yüksəlmişəm. 2008-ci ildə namizədlik, 2018-ci ildə doktorluq işimi müdafiə etmişəm. 2005-2012-ci illər ərzində "Demokratiya nəbzi" adlı beynəlxalq təşkilatın sədri olmuşam. 2012-ci ildən bu günədək Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna rəhbərlik edirəm".
H.Cavadov əlavə edib ki, bu gün Ukrayna bütün dünyaya mərdlik, igidlik, dəyanət, mənəvi yenilməzlik nümunəsini ortaya qoyur:
"Taleyin hökmü ilə çox ağır sınağa çəkilən Ukrayna bu xalqın azadlıq ruhunu sındırmağa çalışan məkrli və amansız düşmənlə vuruşmalı oldu. Və bütün dünya Ukrayna xalqının azad və müstəqil olmaq uğrunda bu müqəddəs davasını həyəcanla izləyir. Məlumdur ki, uzun illərdir rəhbərlik etdiyim Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ölkənin ərazi bütövlüyünün müdafiəsində yaxından iştirak edir. Çoxumuz üçün Ukrayna ana vətən olduğu üçün bu vətənimizi son damla qanımızadək müdafiə etmək əzmimizi sözdə yox, işlərimizlə isbat edirik. Məsələn, mən özüm Narıncı İnqilabın, Ləyaqət İnqilabının fəal iştirakçılarından olmuşam, Ukraynanın gələcəyinə inanmışam və inanıram. Ona görə də informasiya müharibəsində əlimdən gələn töhfəni verməyə çalışır, mülki əhaliyə və orduya humanitar yardım aksiyaları təşkil edirəm.
Hələ 2009-cu ildə Ukrayna vətəndaşlığını qəbul etmək imkanım olsa da, ölkənin bu çətin günlərində insanlıq mövqeyimin ifadəsi olaraq bu addımı ataraq Ukrayna vətəndaşı oldum.
Ukrayna vətəndaşlarının bir qismi ölkəni tərk ediblərsə də, mən bu ölkəyə, bu xalqa sonsuz etimad bəsləyərək onun gözəl gələcəyinə əsla şübhə etmirəm. Bu ağır dövrdə Ukrayna vətəndaşı olmaqdan böyük şərəf duyuram. Ukrayna vətəndaşlığı şərəfinə layiq görüldüyüm üçün prezident Volodimir Zelenskiyə minnətdaram.
Eşq olsun Ukraynaya! Qələbə bizimdir!"