Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - SƏBƏB

Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - SƏBƏB

Tarix: 20 Yanvar 2023 08:42

Sinir sistemi problemlərinə görə vəfat edənlərin sayı dörd dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda üstünlük təşkil edən xəstəliklərin adı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən xəbərə görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, bəzi infeksion və parazitar xəstəliklər, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. Niyə məhz bu xəstəliklərdən? Bəzi ekspertlər bunu atmosferin çirkli olması ilə əlaqələndirirlər, səbəb budurmu?

Qeyd edək ki, DSK-nın açıqladığı məlumatları iki il öncənin statistik göstəriciləri ilə müqayisə edəndə, eyni vəziyyətin olduğunu görürük. Misal üçün, 2020-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. Məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-noyabr aylarının 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz), hepatit B virusu ilə (29,4 faiz), hepatit C virusu ilə (19,8 faiz), sifilis ilə (13,5 faiz), su çiçəyi ilə (8,2 faiz), ağciyər vərəmi ilə (2,4 faiz) xəstələnmə halları azaldıb. Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı qonokokk infeksiyası üzrə 45,8 faiz, hepatit B virusu üzrə 30,8 faiz, hepatit C virusu üzrə 18,2 faiz, sifilis üzrə 13,8 faiz, su çiçəyi üzrə 9,0 faiz, ağciyər vərəmi üzrə 3,2 faiz azalıb.

Yeri gəlmişkən, ötən il Azərbaycanda qeydə alınan ölüm hallarının da 54 faizi (41 min 708 nəfər) qan dövranı sistemi xəstəliklərindən qaynaqlanıb. Bu xəstəliklər ənənəvi olaraq Azərbaycanda ən çox qeydə alınan ölüm səbəbi kimi də dəyərləndirilir. Ölüm doğuran ikinci xəstəlik onkoloji xəstəliklərdir (yenitörəmələr). Ötən il Azərbaycanda 8 min 509 nəfər bu xəstəliyin qurbanı olub. Bu o deməkdir ki, ölkədə vəfat edən hər doqquz nəfərdən birini məhz onkoloji xəstəliklər səbəb olur. Bu xəstəlikdən vəfat edənlərin sayı son üç ilə nəzərən nisbətən azalsa da, daha əvvəlki illərlə müqayisədə çox yüksəkdir. 2011-ci ildə Azərbaycanda əhalinin hər 100 min nəfərindən yenitörəmələr səbəbi ilə 66-sı vəfat edirdi. Ötən il həmin rəqəm 84 olub. Nəzərə almaq lazımdır ki, son illərdə hər il onkoloji xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 10 min nəfəri ötür.

Ötən il üzrə ölüm səbəblərinin sayı ilə bağlı rəqəmlər arasında ən diqqətçəkəni sinir sistemi xəstəlikləridir. Belə ki, 2021-ci ildə sinir sisteminin xəstəliklərinə görə vəfat edənlərin sayı öncəki illərlə müqayisədə dörd dəfəyə yaxın artıb. Ötən il Azərbaycanda 2 min 504 nəfər məhz sinir sistemi xəstəliklərindən dünyasını dəyişib. 2020-ci ildə eyni səbəbdən ölənlərin sayı 740 nəfər, 2019-cu ildə isə 848 nəfər olmuşdu. Ümumiyyətlə, indiyədək Azərbaycanda bir ildə sinir sistemi xəstəliklərindən vəfat edənlərin sayı maksimum 1338 nəfər olub və heç bir zaman 2021-ci ildəki qədər yüksək rəqəm qeydə alınmayıb.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, hazırkı dövrdə bütün dünyada aktual olan problemlərdən biri kimi insan  sağlamlığına təsir edən və ölümlə nəticələnə bilən xəstəliklər hər kəsin sağlamlıq maraqları sırasındadır: "ÜST mənbələrinə istinadən demək olar ki, ölümlərin ümumi statistikasında  əsas qlobal ölüm səbəbləri üç geniş səbəblə əlaqələndirilir: ürək-damar (ürəyin işemik xəstəliyi, insult), tənəffüs (xroniki obstruktiv ağciyər xəstəliyi, aşağı tənəffüs yollarının infeksiyaları) və neonatal patologiyalar - o cümlədən doğuş,  asfiksiya və doğuş travması, neonatal sepsis və infeksiyalar, erkən doğuşun ağırlaşmaları. Ölüm səbəblərini üç kateqoriyaya bölmək olar: yoluxucu (infeksion və parazitar xəstəliklər ), yoluxucu olmayan (xroniki) və travmalar.  Adətən qeyri-infeksion xəstəliklər sağlamlığın itirilməsi və həyat keyfiyyətinin aşağı düşməsində rolu çoxdur,  bu, xüsusən də pandemiyadan qabaqkı dövrlərin statistikasında bu özünü qabarıq göstərir.  Lakin hazırkı dövrlərdə də infeksion xəstəliklərlə yanaşı yenə də bu qrup xəstəliklər həm dünya stasistikasında, həm də ölkəmizdə xüsusi çəkiyə malikdir. Ürəyin işemik xəstəlikləri, şəkərli diabet, insultlar, arterial hipertenziya, qan dövranı xəstəlikləri hər zaman olduğu kimi indi də aktualdır. Çünki hazırkı müasir həyat tərzi, adinamiya-fiziki aktivliyin az olması, zərərli vərdişlər ( tütünçəkmə, və s.)  qeyri- düzgün qidalanma tərzi, stress qeyd olunan xəstəlik hallarının baş verməsində  risk faktorları hesab olunurlar. Yoluxucu xəstəliklərə gəldikdə isə bunlar arasında rast gəlinən, ən çox tənəffüs yollarının xəstəlikləridir və mövsümi olaraq bir sıra virus xəstəliklərinin baş verməsi və eyni zamanda  COVİD-19 virusunun tənəffüs yollarına təsirləri kifayət qədər müşahidə olunmaqdadır".

Həkim-pulmonoloq Əsəd Beydullayev mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, ağciyər xəstəlikləri daha çox üstünlük təşkil edir: "Açığını desəm, xəstəliklərin statistikası, hətta ağciyər xəstəliklərinin də məndə statistikası yoxdur. Sadəcə, bir ağ ciyər həkimi olaraq deyə bilərəm ki, ötən il, ondan əvvəlki il də üst tənəffüs yolu xəstəlikləri digər xəstəliklərə nəzərən daha çox üstünlük təşkil edib. Digər həkimlərin də müşahidələrini nəzərə alaraq bunu deyirəm. Səbəb isə koronavirus dönəmində xəstənin hava-damcı yolu ilə yoluxması və onun üst və alt tənəffüs yollarını zədələməsi idi. Digər orqanlarda da fəsadlar ortaya çıxırdı. Amma bunlar daha gec və az olurdu. Əsasən ağciyərlər zədələnir. Odur ki, ağciyər xəstəlikləri ilə bağlı daha çox müraciətlər olur. Bu, birinci səbəbdir. Ağciyər xəstəliklərinin artmasında ikinci səbəb kimi isə insanlarda təşvişin çox olmasıdır. Təşviş fonunda cüzi bir öskürək zamanı kompüter tomoqrafiya müayinəsinə üz tuturlar. Bu insanlar chek-up müayinə olundular, çox sayda xəstəliklər aşkarlandı, halbuki bu xəstəlik gizli gedirdi, xəstəliyin olacağı heç bilinmirdi. Bu da ağciyər xəstəliklərinin artması, xüsusilə də onkoloji xəstəliklərin artmasının göstəricisi oldu. Yəni xəstəlik  daha erkən aşkarlanmış oldu, amma artma kimi qeyd olundu. O səbəbdən də hesab edirəm ki, ağciyər xəstəlikləri daha çoxdur. Dediyim kimi, xəstəlik hava-damcı yolu ilə yoluxduğundan üst tənəffüs yolları ilk olaraq zədələnir. İnsanlar bununla birlikdə burun, boğaz, qulaq problemlərindən də şikayətlənir. Keçən il də, ondan əvvəlki il də koronavirus pandemiyası davam etdiyinə görə onun fəsadlarından biri də insanlarda qanın laxtalanması ilə bağlı yaranan problemlər özünü göstərdi. Bu fonda ürək-damar xəstəliklərində artım müşahidə edildi, xüsusən də tromb-emboliyalarda, laxtalanmanın artması ilə bağlı olan xəstəliklərdə". 

Həkim Bakının havasının çirkli olmasının xəstəliklərin artmasına səbəb olduğunu dedi: "Çox sayda avtomobillər var, davamlı tıxaclar olur. Avtomobil tıxacda dayanır və yanacağın tüstüsü ətrafa yayılır, əlbəttə, bu amil xəstəliklərin artmasına səbəb olur. Məsələn, astma xəstələrini misal göstərə bilərik, əgər adi halda kəskinləşmələr bu qədər olmayacaqdısa, bu cür çirkli havada daha çox yaranır. Rayondan olan müraciətlərlə müqayisə etsək, Bakıdan sağlamlıqla bağlı daha çox şikayət var. Bundan əlavə, uzun müddət siqaret çəkənlərdə olan xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşmələri çoxalır. Misal üçün, çirkli havalar səbəbindən bu xəstəliyi olan adamlarda boğulmalar tez-tez olur. Eyni zamanda  Bakıdakı çirkli hava körpə uşaqlarda problemlər yaradır. Bilirik ki,  avtomobillərdən ayrılan tüstünün tərkibində qurğuşun var və ağır olduğuna görə həmin tüstü aşağıda qatılaşır. Bu da körpə uşaqların nəfəsinə getmək şansını artırır. Odur ki, mən tövsiyə edirəm, avtomobil nəqliyyatı çox olan küçələrin kənarında uşaqları gəzdirməsinlər. Təbii ki, böyük şəhərdə yaşamağın mənfi tərəfi çirkli havada davamlı nəfəs almaqdır. İnsanlar maşınların daha az olan vaxtı, axşam və ya səhər gəzintilərinə üstünlük versinlər. Bir də küləkli havada insanlara çölə çıxmamağı məsləhət görürəm. Küləkli havalarda tənəffüs yolu xəstəlikləri olan insanlar daha çox əziyyət çəkirlər".

Milli.Az


Etiketlər:  Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər SƏBƏB


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ