Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 09:20
"Xanımım Röya beş ay xəstəxanada yatıb, müalicələr aldı. Həkimlər onun bir aya yatağında oturacağını, sağalacağını deyirdilər. Onun danışığı da yaxşı idi. Sonradan isə onun danışığında problemlər yarandı. Bu beş ayı onun yanında, xəstəxanada idim. Gecələr də onunla birgə xəstəxanada qalırdım. Çünki o gecələr tək qalmaqdan qorxurdu".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı həyat yoldaşı Röya Zeynallı haqqında danışıb. İfaçı bildirib ki, xanımını Türkiyəyə müalicəyə aparmadığına peşman olub:
"Bakıdaki həkimlərə inandım, aparmadım. Orada müalicələr və xəstəxanalar çox bahalıdır. Bunun üçün sponsor tapmaq lazım idi, bu da mənlik deyil. Müğənnilər oyana-buyana gedib sponsor tapa bilirlər. Mən isə utanıram sponsor axtarıb, tapmağa. Röya xanım 69 yaşında dünyasını dəyişdi. Depressiyaya düşdüm. Necə olmalıyam ki? Röya xanım sevimli, qayğıkeş, ağıllı gözəl insan idi.
Onun sözlərinə mahnı yazmışdım. Hərdən o nəğməni ifa edirdim. Röya xanım çox utancaq bir insan idi. Deyirdi, heç kimə söyləmə ki, bu mahnının sözlərini mən yazmışam.
Çox istəyirdim ki, övladımız olsun. Amma problem vardı. Problem isə Röya xanımda idi".
C.Zeynallı bildirib ki, hamıdan qaçır, heç kimi görmək istəmir:
"Onun şəkillərinə baxıram. Qorxuram onu görməyə. Qaçıram hamıdan. Gözləyirəm ki, onun 40 günü tamam olsun. Fevralın 6-sı onun valideynlərinin və qardaşlarının yanında dəfn oldunuğu Qusarda 40 mərasimi olacaq. Ondan sonra mətbuata geniş müsahibə verəcəyəm".
İfaçı Azərbaycandan köçüb, ilk evliliyindən olan qızı ilə yaşayacağı haqda deyilənlərə isə "Yalandır, boş söhbətlərdir. Qızım Nataşanın həyat yoldaşı generaldır. Onlar Finlandiyaya köçüblər. Qızımın həyat yoldaşı sərhəddə çalışır" cavabını verib.