Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 18:10
İsfahanda "Şəhid" dronlarının istehsal olunduğu zavoddan başqa eksperimental nüvə reaktoru, həmçinin nüvə yanacağının istehsalı üçün zəruri olan infrastruktur yerləşdiyi deyilir.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, İranın bir neçə şəhərində baş verən partlayışlar dünyanın informasiya məkanında diqqətlə izlənir. Hava zərbələri gecə saat 3-4 radələrində edilib. Tehran, İsfahan, Xoy, Səlim, Həmədan, Cavanrud, Rəşt şəhərlərində partlayışlar və irimiqyaslı yanğınlar qeydə alınıb.
Rəsmi Tehran İsfahan şəhərində hərbi-sənaye kompleksinin sursat istehsal edilən müəssisələrindən birinə dron hücumu olduğunu təsdiqləyir. İran Müdafiə Nazirliyinin məlumatına görə, təmir kompleksinə PUA hücumu həyata keçirilib, dəymiş zərər ciddi deyil. Musavat.com xəbər verir ki, Rusiya onlayn mediası qeyd edir ki, İsfahanda "Şəhid" dronlarının istehsal olunduğu zavod var. Eyni şəhərdə eksperimental nüvə reaktoru, həmçinin nüvə yanacağının istehsalı üçün zəruri olan infrastruktur yerləşdiyi deyilir. Qeyd edək ki, İranın "Şəhid" dronları bir müddətdir ki, Rusiya Ukraynadakı müharibədə istifadə edir. Üç gün əvvəl Ukraynanın bir neçə şəhərinə hücumda da istifadə edilib. İran hava hücumunun dəf edildiyini bildirir, amma partlayışlar Rusiyanın hava hücumundan qorunmaq üçün İrana verdiyi arsenalın gücsüz olduğunu təsdiqləyir.
"Kafkazskiy uzel" iddia edir ki, İran hərbçiləri arasında itkilər var, amma bu barədə Tehran hələ xəbər verməyi tələsmir. "İsrail partlayışlara səbəbinin naməlum olduğunu deyir, lakin İsraildən başqa İranı məhv etmək istəyən və bunu bacaracaq başqa heç kim yoxdur" deyə, sayt yazır.
Maraqlıdır ki, İrandakı partlayışlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(CİA) rəhbəri Uilyam Börns İsrail səfərinə təsadüf edir. Rusiyanın bəzi informasiya saytları yazır ki, İran-İsrail gərginliyi Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirə də bilər.
Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələrinin yanvarın 26-da İordan çayının qərb sahilində 10-da çox fələstinlinin ölümünə səbəb olan antiterror əməliyyatından sonra bölgədə vəziyyət gərginləşib. Bu basqın fələstinlilərin sərt reaksiyasına səbəb olub. Xüsusilə Fələstin Milli Administrasiyası təhlükəsizlik sahəsində İsrail hakimiyyəti ilə əməkdaşlığın koordinasiyasını dayandırdığını açıqlayıb. ABŞ kəşfiyyat rəisinin səfərində bu gərginliyi aradan qaldırmaq niyyəti də var.
CİA rəhbəri Uilyam Börns İsraildə Mossad kəşfiyyat agentliyinin rəhbəri ilə görüşüb. "The Times of Israel" yazır ki, Börnsin Fələstin nümayəndələri ilə də danışıqlar aparacağı gözlənilir. MKİ səfərin təfərrüatlarını və məqsədi şərh etməkdən imtina edib.
Fələstinin "Həmas" və "İslami Cihad" silahlı qruplaşmaları İsrail ordusunun tezliklə Cenindən geri çəkilməyəcəyi təqdirdə" ağır cavab" veriləcəyi ilə hədələyib. Fələstin muxtariyyətində Cenin qaçqın düşərgəsi Fələstin müqavimətinin simvolu hesab olunur.