Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 08:02
ABŞ Türkiyəyə F-16 qırıcıları satmaqdan imtina edərsə, uduzan tərəf olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın cümə axşamı bildirib ki, Ankaranın müdafiə sənayesi də daxil olmaqla, alternativləri var.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, bir qrup amerikalı senatorun ABŞ prezidenti Co Baydenə Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük ərizəsini təsdiqləyənə qədər Türkiyəyə qırıcı təyyarələrin satışını təxirə salmaq tələbini belə şərh edib.
"Bu, bizim problemimizdən daha çox onların problemidir. Təbii ki, biz ABŞ-la müdafiə sahəsində əməkdaşlıq etmək istəyirik, lakin onlar imtina yolu ilə getsələr, bu, onların seçimidir. Biz bu məsələdə güzəştə getməyəcəyik. Türkiyənin hava hücumundan müdafiə və müdafiə sənayesinin digər növləri ilə bağlı alternativləri var, biz bu sənayeni inkişaf etdiririk. Bizim pilotsuz uçuş aparatlarımız öz imkanlarını bütün dünyaya nümayiş etdirib. Nəticədə müdafiə sənayesində öz imkanlarımızı inkişaf etdiririk və bu sahədə Amerika şirkətləri uduzan tərəf olacaq", - Kalın qeyd edib.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan təyyarələrini modernləşdirmək üçün 40 ədəd "F-16 Block 70" qırıcısı və 80 ədəd "Block 70" dəsti almağa çalışır. Ankara Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə əlaqədar beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin istehsalı üzrə Amerika proqramından çıxarıldıqdan sonra F-16 almaq istəyini açıqlayıb.