Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin çamadanında nə vardı?

Putinin çamadanında nə vardı?

Tarix: 4 Fevral 2023 08:09

"Üçüncü dünya müharibəsinin veteranları olmayacaq"
(ABŞ-ın keçmiş vitse-prezidenti Uolter Mondeylin)

Rusiya-Ukrayna müharibəsində yenidən "atom ritorikası" güclənməyə başlayıb ki, bu, Almaniya və ABŞ-ın Kiyevə müasir tanklar vermək qərarından sonra gözlənilən idi. Rusiya prezidenti Vladimir Putinin Stalinqrad döyüşünün 80 illiyi ilə bağlı Volqoqradda çıxışında "Döyüş meydanında bizi məğlub etməyə ümid edənlər sanki başa düşmürlər ki, onlar üçün Rusiya ilə müasir müharibə başqa cür ola bilər. Biz onların sərhədlərinə tanklarımızı göndərmirik, lakin cavab vermək üçün imkanlarımız var və bu, təkcə silah və ya silahlı texnika deyil. Bunu hamı başa düşməlidi" xəbərdarlığının mənası da aydındır.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Putinin Moskvadan kənara nüvə çantası ilə getməsinə məhz Britaniyanın "Mirror"("Güzgü") nəşrinin qorxaq reaksiya verməsi də başadüşüləndir. Təbii ki, nüvə ritorikasının güclənməsi ən çox Avropa ölkələrini narahat edir, müharibə onların "qulağının dibində" gedir axı... Amma ingilisləri narahat edən təkcə bu deyil. Ukraynada müharibə başlayanda ilk dəfə Britaniya bu hədəni dilə gətirmişdi. Rusiya dövlət televiziyasında yayımlanan proqramda isə Dmitri Kiselyov Britaniyanı hədələyərək, bu ölkənin necə vurulacağını hətta xəritədə izah etmiş, "niyə onlar kiçik bir ada olduqları halda böyük Rusiyanı nüvə silahı ilə hədələyirlər? Bir atışla Boris və İngiltərə yox olar" demişdi. Nə qədər qəribə səslənsə də, "nüvə silahını işə salarıq" ifadəsi də ilk dəfə rəsmi Londonda səslənib. İngiltərənin sabiq xarici işlər naziri Liz Tras baş nazir postuna namizəd olarkən demişdi ki, zərurət yarandıqda nüvə silahından istifadə baş nazirin vacib öhdəliyidir. Sonra isə əlavə etmişdi: "Mən bunu etməyə hazıram". Putin bundan əvvəl də, bundan sonra da dünyanı nüvə silahı ilə qorxudub, amma heç bir dövlət lideri artıq siyasi səhnədə çəkilmiş bu qadın kimi ağılsız fikir söyləməyib.

 

Bir neçə gün əvvəl isə sonuncu ukraynalıyadək müharibə etmək həvəsindən hələ də əl çəkməmiş Boris Conson deyib ki, sən demə, Putin müharibədən bir neçə gün əvvəl onu hədələyibmiş. Ukraynaya müdaxilədən çəkindirmək istəyən o zamankı baş nazirə "Boris, raketlə bu məsələlərin həlli bir dəqiqə çəkir" deyibmiş. Kreml bu iddianı təkzib etdi, amma əsas bu deyil. Maraqlı bu "nüvə atışmasının" daha çox məhz tarixən barışmaz rəqiblər-İngiltərə və Rusiya arasında daha çox müşahidə olunnasıdır.

İndi də "Mirror" kimi nüfuzlu nəşr məğər bilmirmi ki, Putin 20 ildir o çamadanla gəzir? Əlbəttə bilir, amma bunun təqdimatını elə edirlər ki, sanki Putin keyfi istəyəndə o çamadanı açdıra, hədəfi tuşladıb, məsələn, Britaniyanı vəd etdikləri kimi suya batırar. Halbuki bir az məlumatlı adamlar bilir ki, əvvəllər "Kazbek", indi isə "Çeget"adlanan nüvə çamadanın işə salınması tək Putinə bağlı məsələ deyil, bunun üçün müdafiə naziri və Baş Qərargah rəisinin də razılığı olmalıdır. Çamadanda "əsas düymə" basılarsa, nüvə silahından istifadəyə icazə verən kod əvvəl Strateji Raket Qüvvələrinin komanda məntəqələrinə ötürülür. Ancaq raketlərin buraxılması əmri hər iki mənbənin(yəni Şoyqu və Gerasimovdan)təsdiq kodu gəldiyi halda buraxıla bilər. O səbəbdən, Britaniya nəşri onsuz da insanların gərgin olan əsəblərini bu cür spekulyasiya ilə daha da gərməsi əslində, dünyanı barmağına dolamaqdır...

Rusiyanın 2014- cü ildə qəbul edilmiş və 2020-də yenilənmiş hərbi doktrinasında(bu silaha sahib bütün dövlətlərin də eyni və ya yaxın məzmunlu sənəd mütləq qəbul edib)nüvə silahından istifadənin dörd mümkün halını qeyd edir. Bu dövlət sirri deyil və açıq mənbələrdə var. 1) Rusiyanın və ya onun müttəfiqlərinin ərazisinə ballistik raketlərin buraxılması; 2)Rusiya və ya onun müttəfiqlərinə qarşı nüvə silahından və ya digər kütləvi qırğın silah növlərindən istifadə; 3)Rusiyanın nüvə potensialını təhlükə altına alan mühüm hökumət və hərbi obyektlərinə hücum; 4) Dövlətin mövcudluğunu təhlükə altına alan adi silahların tətbiqi ilə Rusiyaya qarşı təcavüz.

O vaxtlar "Kazbek" adlanan nüvə silahının bir çamadanda komplekləşdirməsinin tarixi də məlumdur. Bu qərar SSRİ-nin ABŞ-ın gözlənilməz nüvə zərbəsindən ciddi şəkildə qorxduğu 1970-ci illərdə qəbul edilib. O zaman ölkə rəhbərliyi raketlərin buraxılması əmrini yalnız Strateji Raket Qüvvələrinin komanda məntəqəsinə gəlməklə verə bilərdi və Avropadan 400 kilotonluq döyüş başlığı olan ballistik raketlərinin hədəfə çatmaq müddəti 7 dəqiqə idi. SSRİ rəhbərliyi isə ahıl və xəstəhal olduğundan silahın işəsalma qaydaları avtomatlaşdırıldı. Brejnev üçün nüvə çamadanı hazırlanırdı və onun idarə edilməsi mümkün qədər sadələşdirildi ki, yaşlı baş katib hansı düymənin nə olduğunu başa düşə bilsin.

Düzdür, Brejnev və Andropova daşınan nüvə çamadanı nəsib olmadı. "Çeget"in sınaq əməliyyatı 1983-cü ildə müdafiə naziri Dmitri Ustinov və Baş Qərargah rəisi Nikolay Oqarkovla başlayıb. Bir il sonra isə "Çeget" daha bir qoca baş katib- Konstantin Çernenkoya verilməklə bərabər, sistemin müxtəlif rejimlərdə tam miqyaslı sınaqları davam etdi. Tam işlək çamadan isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova qismət oldu. "Çeget"in Rusiyanın nüvə arsenalını məhv etmək səlahiyyətinə malik olan şəxslərin özü ilə aparmaları mütləq şərtdir. Adətən, həmin çamadanın yaxınlığında xüsusi rabitəsi olan avtomobil də olur...

Nüvə silahının tətbiqi ən azı Avropanın məhvi deməkdir. Qərb koalisiyasında "Rusiyanın qarşısından qaçsaq, qorxdular deyəcəklər" düşüncəsi, "dayansam, Rusiya qorxdu" fikri qarşı-qarşıyadır. NATO və ABŞ-ın belə götürəndə, Ukrayna müharibəsində itirəcəyi heç nə yoxdur. Rusiyanın isə var...

Yeltsin "Prezident marafonu" kitabında nüvə çamadanı ilə bağlı maraqlı hadisədən bəhs edib. Yeltsin yazır ki, 1991-ci ildə Moskva yaxınlığındakı ovda xarici qonaq qayıqda gördüyünün nüvə çamadanı olduğunu zənn edib. Ov zamanı daima ondan uzaq durmağa çalışıb. Yeltsin bir az məclis qızışanda çamadanı ona gətirməyə göstəriş verib. Çamadanı gətiriblər və zarafatı xoşlayan Yeltsin açıb oradan iki şüşə araq və turşu çıxarıb...

Necə də yaxşı zamanlar varmış...


Etiketlər:  Putinin çamadanında vardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ