Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 11:57
Bakı. Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı hər birimizə çox böyük güc, inam və qürur verdi.
Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün Milli Məclisdə “Qarabağ Azərbaycandır!” mövzusunda dinləmələrdə deyib.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin bu çıxışı hər bir vətənpərvər insana örnək olmalıdır: “Hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı öz mövqeyini səsləndirməyi bacarmalıdır”.
R.Rzayev qeyd edib ki, Prezident İlham Əliyev bu çıxışını elə bir platformada etdi ki, bütün dünyanın diqqəti orada idi: “Məhz Valday forumunda cənab Prezident ermənilərin nöqtəsinə yaxşı bir nida işarəsi ilə bir daha bütün dünyaya bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycan Ermənistana işğalçı siyasətini davam etdirməyə imkan verməyəcək və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq”,
Komitə rəsmisi vurğulayıb ki, bu gün Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün yaşayır: “Onların həyatının yaxşılaşdırılması üçün cənab Prezidentin həyata keçirdiyi işlər göz qabağındadır”.
R.Rzayev əlavə edib ki, dünyanın aparıcı dövlətləri Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə, qarşı tərəfi sülhə dəvət etməsinə aydın qiymət verməlidir: “Onlar ədalətli yanaşmalarını ortaya qoymalıdırlar, yoxsa Azərbaycan Silahlı Qüvvələri hər an hazırdır ki, antiterror əməliyyatı həyata keçirərək ərazi bütövlüyümüzü təmin etsin".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin