Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 23:42
"Aİ-nin Ermənistandakı yeni missiyasına əlvə qüvvə cəlb olunması bizim tərəfimizdən nəzərdən keçirilmir".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bunu "Sputnik Ermənistan"a müsahibəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.
"Digər tərəfdən, biz qərbli həmkarlarımızın, o cümlədən faktiki olaraq NATO-nun əlavəsinə çevrilən Avropa İttifaqının indi hansı xətti tutduğunu yaxşı bilirik. Onların Rusiyaya, onu strateji məğlubiyyətə uğratmağa münasibəti də məlumdur. Aydındır ki, təkcə Ukrayna ilə bağlı vəziyyətdə deyil, həm də daha geniş kontekstdə müvafiq addımlar atılır. Mən ABŞ dövlət katibinin müavini Karen Donfridin bu yaxınlarda verdiyi bəyanata diqqət çəkirəm. Burada o, Rusiya və İranın regionda fəallaşmasına diqqət çəkir və buna görə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır. Belə görünür ki, onları Azərbaycan və Ermənistan xalqlarının maraqları yox, Rusiya və İranın regionda fəallaşması narahatlıq doğurur", - deyə səfir bildirib.
Kopırkinin sözlərinə görə, bu yanaşma Rusiyanı da narahat edir. "Biz normallaşmaya kömək edən istənilən səylərin, addımların tərəfdarıyıq. Amma biz görürük ki, burada tamamilə fərqli vəzifələr, davamlı sülhün bərqərar olmasına imkan verməyən məqsədlər qarışıb", - deyə o, qeyd edib.
Kopirkin spekulyasiyalara və mövcud problemlərə baxmayaraq, Rusiyanın Ermənistanın müttəfiqi olaraq qaldığını söyləyib.
"Bu, Rusiya Federasiyasının həm ikitərəfli münasibətlər sahəsində, həm də regional problemlərin həllində gördüyü addımları müəyyən edir. Rusiya Ermənistan, onun vətəndaşları üçün, Ermənistan isə Rusiya üçün çox önəmlidir və Rusiyanın həyatında, onun inkişafında və möhkəmlənməsində ermənilərin rolu böyükdür. Bu da milli həyatımızın çox dəyərli hissəsidir. Bizim bir-birimizə ehtiyacımız var. Və bu həqiqət bizim düşmüş olduğumuz ən çətin vəziyyətdə və təlatümdə həmişəkindən daha aktualdır", - deyə rusiyalı diplomat fikrini yekunlaşdırıb.
Xatırladaq ki, yanvarın sonunda Aİ bu il fevralın 20-dən Ermənistanda yerləşdiriləcək yeni müşahidə missiyasının göndərilməsini təsdiqləyib. Missiya 100 ekspert və müşahidəçidən ibarət olacaq. Bu, Aİ-nin ardıcıl ikinci missiyasıdır.