Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Televiziyalarımızın bir bəlası var, aparıcılar əndrabadi vurğularla danışırlar...” - FOTOlar

“Televiziyalarımızın bir bəlası var, aparıcılar əndrabadi vurğularla danışırlar...” - FOTOlar

Tarix: 14 Fevral 2023 13:45

"Cavanlarla işlədiyimə görə onları çox yaxşı başa düşürəm. Həyəcan mütləq olmalıdır. Biz də cavanlıq illərimizdə efir qarşısına çıxanda həyəcanlı olmuşuq. Baxmayaraq ki, 55 ildən çoxdur ki, bu sənətdəyəm, amma yenə də kamera qarşısında eynilə o həyəcanı keçirirəm. Bunsuz mümkün deyil. Sən sənətdə nəyəsə nail olmaq, nəyisə qət etmək istəyirsənsə mütləq cavabdehlik hissin olmalıdır".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. 

"Bu gün aparıcılar çox çətin şəraitdə çalışırlar. Həm studiya, həm çöl çəkilişlərində olurlar, montaja girirlər. Bütün bunlardan xəbərdaram. Biz isə o vaxt təkcə öz üzərimizdə çalışırdıq ki, yalnız səlis nitq ilə danışaq. Artıq hərəkətlər, aksesuarlar, saç düzümləri qadağan idi. Saçımı mütləq yığmalı idim ki, gözümə bir tük də olsa belə maneçilik törətməsin ki, tamaşaçıya fikrimi düzgün çatdıra bilim. Bu gün də təcrübələrimi gənclərlə bölüşürəm. Bizim televiziyalarımızın bir bəlası var. Onlar danışıq dilindən uzaqdırlar. Adi danışıq tərzində danışanda başqa cür danışırlar, kağız parçasını əllərinə götürən kimi əndrabadi vurğularla danışırlar" deyə xalq artisti bildirib.

Şərqiyyə xanım bildirib ki, ona efirə geri qayıtmağı ilə bağlı təklif də gəlib.

"Bu təklif mənə də gəlmişdi. Təklif etmişdilər ki, 3-4 bizim nəsildən olan diktorlarlar oturub, kiminləsə həmsöhbət olsunlar. Nədənsə biz bu təklifdən imtina etdik. Boynuma alım ki, efirə çıxmaq üçün bir az tənbəlləşmişəm. Düşünürəm ki, artıq o dövrümüz keçib. Gecələr oturub mətn üzərində işləmək də çətindir. Yaş öz sözünü deyir" deyə diktor bildirib.

Xalq artisti bildirib ki, həmkarları ilə vaxtaşırı görüşür.

"Mən nisbətən televiziyaya gec gəlmişdim. Bu gün də mənə deyirlər ki, "sən bizim sonbeşiyimizsən". O kollektiv məni tez qəbul etdi və biz dostlaşdıq. Hər gün bir-birimizlə zəngləşirik. Onları öz doğmalarım, bacılarım bilirəm. Vaxtaşırı görüşürük də. Bir bilsəniz şəhərdə bizi nə qədər saxlayıb, şəkillər çəkdirirlər. Bu gün televiziyalarda kollektivlik nisbətən zəifləyib" deyə xalq artisti bildirib.

Milli.Az


Etiketlər:  Televiziyalarımızın bir bəlası var aparıcılar əndrabadi vurğularla danışırlar FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ