Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 12:52
Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri M.Əsgərov və E.Şahverdiyev gecə saatlarında həmin mağazaya daxil olaraq oradan 590 manat nağd pul, 821 manat dəyərində tütün məmulatları və danışıq kartları oğurlayıblar. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri ilə tanışına məxsus yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumilikdə 2000 manata yaxın dəyəri olan məişət əşyaları və motosiklet ehtiyat hissələrini oğurlayan Masallı rayon sakini Q.Əhmədov müəyyən edilərək saxlanılıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri ərazisində elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş 1000 manat dəyərində mis elektrik naqillərini oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Ü.Hüseynov olduğu müəyyən edilib.
Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.