Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 09:51
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Oktyabrın 15-də türkdilli dövlətlərin rəhbərləri bir araya gələrək regionun bugünkü reallıqlarını müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçdilər.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.
O bildirib ki, təməli 10 il əvvəl - 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü türkdilli ölkələr arasında iqtisadi əlaqələrə kiçik və orta sahiblkarlığa həsr edildi:
“Ötən 10 il ərzində Türkdilli ölkələr arasında təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və informasiya sahəsində imzalanan əməkdaşlıq sazişləri, birgə verilən bəyanatlar türkdilli dövlətlərin birliyini bir daha nümayiş etdirib. Türk Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradacaq”.
Deputat vurğulayıb ki, ilk dəfə olaraq Özbəkistanın da Türk Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması türk dünyasının bir araya gəlməsində atılan addımların davamı oldu:
“Regional təhdidlər və yeni çağırışlar fonunda yaxın gələcəkdə təşkilat daxilində siyasi inteqrasiyanın güclənməsi ölkələrin beynəlxalq münasibətlər sistemində manevr qabiliyyətlərini artıracaq. Türkdilli dövlətlərin ortaq mövqeyinin, dostluq, qardaşlıq əlaqələrinin ikitərəfli və çoxtərəfli müstəvidə daha da güclənməsi bu quruma üzv ölkələr arasında əməkdaşlığın bir az da möhkəmləndirilməsinə töhfələr verir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin