Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, ETTELAAT-ın Azərbaycana qarşı oyunudur''

''Bu, ETTELAAT-ın Azərbaycana qarşı oyunudur''

Tarix: 24 Fevral 2023 08:39

Güney Azərbaycan İstiqlal Partiyasının bayrağı eyni Azərbaycanın bayrağıdır. Sadəcə, üzərində sərhəd var - Araz. Onu da qaldırıb, bütövləşəcəyik. Əvvəllər, Azərbaycan Respublikasının bayrağı ilə nümayişlərə, müxtəlif tədbirlərə qatılırdıq. Lakin dövlətimiz üçün diplomatik problemlər yaranmasından ehtiyat edərək, bayrağın üzərindən qondarma xətt çəkdik ki, fərqli olsun.

Sonxeber.net bildirir ki, bu sözləri axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım deyib.

O, həmçinin, federalçıların ayrı bayraq götürdüyünü vurğulayıb:

"İranın ərazi bütövlüyünü qəbul edənlər, Azərbaycan bayrağına zidd olaraq, Eritreyanın bayrağını tərs çevirərək, üzərinə ay-ulduz qoyub, Güney Azərbaycanın bayrağı kimi təbliğ edirlər. Onların federalçı olduqları nizamnamələrində yazılıb və İran ərazisinin qorunmasının gərəkliyini vurğulayıblar. Biz o bayrağı - Eritreyanın oxşarı olan bayrağı götürmərik. Biz ikiyə bölünsək də, azərbaycanlıyıq. Bir bayrağımız var-Azərbaycan bayrağı. Əslində, onun Azərbaycana heç bir aidiyyəti yoxdur. Biz partiyanın bayrağı ilə Kanadada, Amerikada, Avropa Birliyində dəfələrlə görüşlərdə iştirak etmişik. Hətta bayrağımızın hansı məna kəsb etdiyini də bilirlər. Lakin bunun qarşısına keçməyə çalışan bir sıra irançı qruplar var. Azərbaycanın bayrağı Güneydə dalğalanmasın deyə, Güneyə başqa bayraq sırıyırlar. Bayrağa bənzəri olmasını da istəmirlər. Bu SEPAH-ın, ETTELAAT-ın oyunudur".

İran rejiminin bu oyununu sadə insanların anlamadığını deyən partiya sədri bildirib ki, bayraq məsələsinə diqqətli yanaşmaq lazımdır:

"Onlar istəyir ki, Cənubi və Şimali Koreya kimi ayrı bayraqlarımız və rəmzlərimiz olsun. Çünki Güney Azərbaycan 40 milyondur. Sabah Güneyin məclisi və bayrağı olsa, Azərbaycanla birləşmək istəsə, təbii olaraq deyə bilər ki, siz bizim bayrağımızın altına gəlin. Yəni, bu, Azərbaycanın tarixi bayrağını sıradan çıxartmağa bir təşəbbüsdür. Bəzi insanlarımız bunu anlamırlar, bilmirlər. Azərbaycanın yüz illərdir öz bayrağı var və hər yerdə də tanınıb, qəbul edilib. Bütün azərbaycanlıların bayrağıdır, Güneydə hərəkat bayrağı bir az fərqli olmalıdır. Fərqliliyi bir balaca olmalıdır ki, göstərsin, bu işğaldadır, haranı təmsil edir. Dövlətimizə bir problem yaratmasın. İki alternativ var idi: biri qara ay-ulduzlu, o biri də bizim təqdim etdiyimiz - Azərbaycanın öz bayrağı. Üzərində qondarma sərhəd göstərilib. Biz birləşdiyimizdə sərhəd qaldırılır, millət də birləşir, dövlət də. Onlar isə bunu qəbul edə bilmir. Çünki irançıdırlar. İndi Azərbaycan dövləti və prezidenti də Güneyin haqqından danışır. Hər şeyi kənara qoyub, Azərbaycan bayrağı ilə çıxaq".

O, Azərbaycan bayrağının Güney-Quzey olaraq səsləndirilməsinin əleyhinə olduğunu bildirib:

"Saleh Kamrani xəbərində yazır ki, Quzey Azərbaycanın bayrağı Güney Azərbaycanda dalğalandı. Bu, Azərbaycanın bayrağıdır. Hamımızın bayrağıdır. Güney, Quzey - fərq etməz. Harada azərbayacanlı varsa, bu bayraq onun bayrağıdır. Nə haqla Azərbaycan bayrağını eybəcər hala salırlar? Rəngini, tərkibini dəyişlər? Onun ay-ulduzundan başqa, nəyi Azərbaycana aiddir? Bu bayrağı saxlamaq üçün qan tökmüşük, şəhidlər vermişik. Hər yoldan keçən bunu dəyişə bilməz. Heç kimə icazə vermərəm".


Etiketlər:  ETTELAAT Azərbaycana qarşı oyunudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ