Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 13:00
Daha bir ticarət şəbəkəsinə daxil olan üç marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışına dəstək göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Sonxeber.net-a verilən məlumata görə, "Bravo" supermarketlər şəbəkəsinə daxil olan üç hipermarketdə bu məqsədlə daimi satış yerləri yaradılıb. Hazırda bu satış yerlərində 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, sular və limonadlar, un, ədviyyat, bal, kofe, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Bravo"ya daxil olan hipermarketdə mikro və kiçik sahibkarların məhsullarının satışı üçün yaradılmış satış yeri ilə tanış olub.
Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. 2022-ci ilin yanvar ayından etibarən KOBİA-ya bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan 96 müraciət daxil olub. Hazırda bu dəstək mexanizmi çərçivəsində müxtəlif ticarət şəbəkələrində 7 daimi satış yeri yaradılıb ki, burada 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOBİA-ya daxil olmuş müraciətlərə uyğun olaraq sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.
İri ticarət şəbəkələrində məhsullarının satışını təşkil etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya elektron qaydada müraciət edə bilərlər (https://smb.gov.az/az/contact-form/sale-form). Bu dəstək çərçivəsində ticarət şəbəkəsində bir sahibkarın istifadəsinə verilən satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Müraciət edənlərin sayı və məhsula olan maraq nəzərə alınaraq satış sahəsindən istifadə müddəti daha 3 ay uzadıla bilər. Mikro və kiçik sahibkarlıq subyektlərinin istifadəsinə verilən satış yerlərinə görə icarə haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır.