Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kirayə mənzil qiymətlərində ''zəlzələ''

Bakıda kirayə mənzil qiymətlərində ''zəlzələ''

Tarix: 3 Mart 2023 08:34

Paytaxt ərazisində mənzilin bir kvadratmetri 4-5 min manata qədər arta bilər

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra bu ölkədən Azərbaycana 8897 nəfər gəlib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumatda belə bildirilir. Son günlər Türkiyədən ölkəmizə gələn vətəndaşların sayının artması Bakıda kirayə mənzil qiymətinin artmasına səbəb olub. Hazırda paytaxtda kirayə mənzillərin qiyməti ərazidən asılı olaraq dəyişir. Bakının mərkəzi ərazilərində 1 otaqlı ev əvvəllər 500-550 manata təklif edilirdisə, indi həmin mənzillərin qiyməti 600-700 manat arasında dəyişir.

Hazırda kirayə mənzillərin qiyməti ötən aylarla müqayisədə 10-15 faiz bahalaşıb. Bu arada iddia olunur ki, Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Ekspertlərə görə, hökumət sözügedən planı həyata keçərsə, əmlak bazarında qiymətlər ciddi şəkildə artacaq.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Yeni Müsavat"a dedi ki, paytaxt Bakıda artıq 2016-cı ildən başlayaraq pilot layihələr üzərindən söküntü işləri gedir: "İstismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzlənir. Bu proses təqribən 2-3 il vaxt alır. Köhnə çoxmənzilli binalar sökülərkən o binada yaşayan sakinlər məcburən üç illik, iki il yarımlıq mənzillər kirayələyirlər. Bina sökülən zaman həmin binalarda digər kirayə verilən mənzillər də artıq kirayə bazarına çıxmış olur. Nəticə etibarilə köhnə binalar sökülüb, yerinə yeni tikili binalar tikiləndə, artıq yeni tikili binalardakı mənzillərin dəyəri iki dəfə baha olur. Yəni köhnə Xruşovka tipli mənzillərdə birotaqlı kirayə mənzilin qiyməti təxmini 300-400 manatdırsa, bu, yeni tikililərdə 500-600 manata təklif olunur. Əlavə olaraq yeni tikili binalarda kommunal pulları da kirayə qiymətinin üzərinə gəlsək, artıq kifayət qədər baha qiymətə təklif olunur. Həmçinin 2 və 3 otaqlı mənzillərdə də, yeni tikili binalarla köhnə tikili binalar arasında demək olar ki, iki dəfəyə qədər qiymət fərqi var. Artıq 2016-cı ildən bəri xeyli sayda köhnə çoxmənzilli binalar sökülərək yeni tikili binalarla əvəzlənir. Şəhərin mərkəz ərazilərində bir çox fərdi yaşayış yerlərindən ibarət olan yaşayış massivləri də demək olar ki, mərhələli şəkildə sökülür. Nəticə etibarilə Bakının mərkəzinə yaxın ərazilərdə artıq ucuz qiymətə kirayə mənzil satan olmur. Düşünürəm ki, yaxın on ildə söküntü işləri sürətlə gedərsə, artıq paytaxt ərazisində kirayə mənzillərin qiyməti fantastik dərəcədə baha olacaq. Buna müxtəlif səbəblər göstərilir. Paytaxtda çox sayda ali təhsil müəssisələri olduğuna görə bölgələrdən hər il minlərlə tələbə təhsil almaq üçün gəlir. Ali təhsil müəssisələrimizin böyük əksəriyyətinin yataqxanaları olmadığına görə, yaxud yataqxanalarda yer məhdud sayda olduğuna görə məcburən həmin tələbələr kirayə mənzil bazarına müraciət edirlər. Bu gün həmin kirayə mənzillərin baha olması səbəbindən məcburən tələbələr Bakı ətrafına ucuz evlərə üz tuturlar ki, bu səbəbdən də onlar gün ərzində ən azı 2-3 saatlarını yollara sərf etmiş olurlar. Təbii ki, əgər tələbə yataqxanaları yenidən bərpa olunarsa, hansı ki, o yataqxanalarda bu günə qədər məcburi köçkünlər yaşayırdılar. Həmin məcburi köçkünlərin böyük əksəriyyəti dövlət tərəfindən evlə təmin olunub. Azad olunmuş torpaqlarımızda da artıq tikinti işləri gedir. Həmin yataqxanalar bərbad vəziyyətdə olsa da, onların torpaq sahələri var. Əgər tələbə yataqxanaları inşa olunarsa, həm tələbələrin ev problemi aradan qalxar, həmçinin kirayə mənzil bazarında qiymətlərdə enmələr müşahidə oluna bilər".

Ekspert deputat Vahid Əhmədovun açıqlamasına da münasibət bildirib: "Millər vəkilinin təklifi təbii ki, təqdirəlayiqdir. Lakin biz reallığa əsaslansaq, bu gün Bakının mərkəz və ətraf ərazilərində çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı olan torpaq sahələri məhdud saydadır. Satışda olan torpaq sahələrinin də qiymətləri fantastik dərəcədə baha olduğuna görə bu, birbaşa tikintilərin, mənzillərin satış qiymətinə öz təsirini göstərir. Bu gün mərkəzə yaxın ərazilərdə demək olar ki, yeni tikili binalar üçün yararlı torpaq sahələrinin bir sotu 50 min manatdan 150 min manata qədər dəyişir. Orta hesabla bir yeni tikili binanın tikintisi üçün təxminən 10 milyon manat tələb olunur ki, bu da birmənalı olaraq mənzillərin satış qiymətində artımlara gətirib çıxarır. Bu səbəbdən yeni tikili binaları tikən tikinti şirkətləri daha çox köhnə binaların söküntüsünə üstünlük verirlər. Həmçinin bu binaların sökülməsi paytaxt ərazisində olan qəzalı binaların sökülərək yeni tikili binaların əvəzlənməsinə xidmət edir ki, vətəndaşların da mənzil problemi aradan qalxmış olur. Təbii ki, bu prosesi birbaşa özəl sektor apardığına görə həmin sökülən mənzil sakinlərinə görə 2-3 il müddətinə kirayə pulu ödəyir. Təbii ki, bu cür halda tikinti şirkətləri əlavə xərclər çəkmiş olurlar. Onlar məcburən o sakinlərə ev vermə səbəbindən artıq həmin binaları təqribən 15-16-17 mərtəbəli tikirlər ki, binanın bir hissəsini köhnə sakinlərə versinlər. Digər hissəsini də satıb tikintiyə qoyduqları vəsaiti götürsünlər. Həmçinin əlavə gəlir əldə edə bilsinlər. Lakin binaların 9 mərtəbəli tikilməsi şərt kimi qoyularsa, artıq tikinti şirkətləri üçün söküntü işlərini aparmaq maraqlı olmaz. Çünki tikintinin xərci həddən artıq çox olduğuna görə tikinti şirkətləri məcburən hündür mərtəbəli  binalar tikirlər ki, tikdikləri binanın təqribi 5-6 mərtəbəsini köhnə sakinlərə versinlər. Təbii ki, bir şərt kimi qoyulsa ki, 9 mərtəbəli binalar tikilməldir, o zaman paytaxt ərazisində yeni tikili binaların qiymətində ən azı 2-3 dəfə qiymət artımı müşahidə olunacaq. Bu gün Bakı ərazisində mənzilin bir kvadratmetri 1500-2000 manata təklif olunursa, o halda qiymətlər 4-5 min manata qədər arta bilər. Bu da insanların ev probleminə ciddi təsir göstərər, əlçatan olmaz. Başqa tərəfdən də, tikinti şirkətləri iflasa uğraya bilər, bu sahəyə olan maraqlar tamam sönə bilər. O baxımdan, düşünürəm ki, bu təklif kənar ərazilərdə mümkündür. Amma paytaxtda bu layihələrin reallaşması gerçək görünmür. Bu cür layihə ilk olaraq "Ağ şəhər" layihəsi oldu, ərazi dövlət tərəfindən söküldü və  köçürüldü. Tikinti şirkətlərinə boş ərazilər verildi. Təklif və tələb olunub ki, verilmiş layihə üzrə tikilsin. Yəni təxminən 7-8-9 mərtəbəli binalar. Təbii ki, tikinti şirkətləri torpağa pul vermədiklərinə görə şərt kimi qoyulan həmin binaları tikdilər və satış qiymətləri də standart bazar dəyərləri ilə uyğunlaşdı. Dövlət yenə də boş sahələri verərsə, tikinti şirkətləri 9 mərtəbəyə qədər bina tikə bilər. Əks halda, Azərbaycan tikinti sektorunun çökməsi baş verə bilər. Qəzalı vəziyyətdə olan binalar daha da qəzalı vəziyyətə gəlib çıxa bilər".


Etiketlər:  Bakıda kirayə mənzil qiymətlərində zəlzələ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ