Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 23:44
22:44
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Sonxeber.net xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər sayəsində yanğınların geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınıb. Hazırda közərmə ocaqlarının söndürülməsi işləri davam etdirilir.
Yanğınların söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər cəlb olunub.
Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.
---------
21:20
Bu gün axşam saatlarında Astara rayonunun Ovala kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Sonxeber.net-a bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb sözügedən kənddə yaşayan vətəndaşın həyətyanı sahəsində yandırdığı xəzəllərin güclü külək nəticəsində yaxınlıqdakı meşəyə yayılmasıdır.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.