Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2 dəqiqəyə uduzan millinin ən zəif bəndi...

2 dəqiqəyə uduzan millinin ən zəif bəndi...

Tarix: 25 Mart 2023 17:38

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinə uğurlu başlanğıc edə bilmədi.

Milli.Az matc.az-a istinadən bildirir ki, qrupun iddialı komandalarından Avstriyanın qonağı olan yığmamız rəqibə cəmi 25 dəqiqə müqavimət göstərə bildi.

Təəssüf ki, fərdi səhvlər daha təcrübəli və keyfiyyətli avstriyalıların qısa müddətdə üstünlüyü ələ almalarına və bunu hesabda da əks etdirmələrinə səbəb oldu. Nəticədə ilk yarıda ardıcıl gələn iki qol matçın müqəddəratını həll etdi.

Canni De Byazinin kollektivi komanda şəklində 20-25 dəqiqəlik üstün çıxışla azarkeşləri ümidləndirə bildi. İndividual səhvlər isə komanda oyununu da puç etdi və millimiz ilin ilk qarşılaşmasında böyükhesablı məğlubiyyətə (1:4) düçar oldu.

Bəs həmin fərdi səhvlərə kimlər yol verdi?

Yusif İmanov - Debütant olduğundan, bütün günahı onun üstünə atmaq, məğlubiyyətə səbəbkar göstərmək ədalətli olmaz. Düzdü, çərçivədə həyəcanlı görünürdü, bəzi səhvlərlə yadda qaldı, hətta ikinci qola mane ola bilərdi. Ancaq Şahruddin Məhəmmədəliyevin yoxluğunda Yusifə şans vermək ən doğru addım idi.

Bəxtiyar Həsənalızadə - "Sabah"ın digər futbolçusu olan Bəxtiyar, şübhəsiz ki, millinin ən zəif bəndi idi. Buraxılan ilk topda mövqeyini itirmişdi, ikinci qolda topu rəqibə hədiyyə etdi. Belə vəziyyətdə meydanda qalması həm özünə, həm də milliyə ziyan vurardı. Baş məşqçi də fasilədən sonra onu əvəzlədi.

Bəhlul Mustafazadə - Elə ciddi səhvlərlə diqqət çəkmədi. Hətta bəzi epizodlarda rəqibin hücumlarını yarımçıq kəsdi.

Elvin Cəfərquliyev - Əslində, birinci hissədə yığmanın ən fəallarından idi. Tez-tez sol cinahdan hücuma atılır, rəqib müdafiəçilərinə çətin anlar yaşadırdı. Ancaq passivində sarı vərəqə olduğundan, Byazi riskə getməyərək, fasilədə onu da əvəzlədi.

Höccət Haqverdi - Yenə müdafiənin sağında yer verilən "Neftçi"nin futbolçusu şablon oyunundan kənara çıxmadı. Höccəti nadir hallarda cinahdan hücuma qoşulan görmək olardı. Müdafiə olunarkən də etibarlı olduğunu demək olmaz.

Eddi İsrafilov - Dağıdıcılıq funksiyasını üzərinə ötürən Eddi də işinin öhdəsindən layiqincə gələ bilmədi. Epizodlara gecikməsi, ağır hərəkətlərlə yadda qalması avstriyalılara mərkəzdən istədikləri oyunu qurmaq imkanı verirdi.

Riçard Almeyda - O da bir çoxu kimi, yarım saatlıq alqışalayiq futbol sərgilədi. İnsaf naminə Almeyda oyun planından qopmadı. Sadəcə, komandanın ümumi performansının aşağı olması oyun qurucusunun əl-qolunu bağladı. Nəticədə ikinci hissədə o da gözləniləndən aşağı səviyyədə oynadı.

Emin Mahmudov - Kapitana "Neftçi"dəki kimi sərbəstlik verilmişdi və pleymeyker funksiyasını icra edirdi. Ancaq nə hücumçuları topla təmin edə bildi, nə də müdafiə olunarkən lazımi dəstəyi verdi. Komandanın təsəlli qolunun müəllifi olsa da, bu, Mahmudovun zəif çıxışını ört-basdır etməyə yetmədi.

Ramil Şeydayev - Həmişəki kimi meydanda ən çox qaçanlardan biri idi. Öz bildiyi oyunu göstərir, meydanboyu hərəkətli idi. Təəssüf ki, ilk yarıda əlinə düşən qol imkanından yararlana bilmədi.

Ozan Can Kökçü - O da yaxşı günündə deyildi. Birinci hissədə meydanda varlığı ilə yoxluğu bilinmirdi. Nəticədə ikinci hissədə oyuna qoşulmadı, əvəzləndi.

Renat Dadaşov - İlk dəqiqələrdə müəyyən dərəcədə fəal göründü. Ancaq bir neçə epizodda topa toxunmaqla kifayətləndi. Ümumi götürdükdə İsveçrədəki təsirli performansından əsər-əlamət yox idi.

Namik Ələskərov - Fasilədən sonra Ozan Canı əvəzləyən Namik Ələskərovun ondan heç bir fərqi olmadı. Ələskərov klubu "Sabah"da olduğu kimi, millidə də gözə dəymədi.

Azər Əliyev - İkinci hissədə müdafiənin sol cinahında yer alan Əliyev debüt matçında qol ötürməsi verməklə yadda qaldı.

Anton Krivotsyuk - Bəxtiyarı əvəzləyən Anton həmkarı ilə müqayisədə daha hazırlıqlı görünürdü. Ancaq ona qədər artıq oyunun taleyi həll olunmuşdu.

Elvin Camalov - Onun yarım saatlıq çıxışı Eddidən daha uğurlu alındı. Orta sahədəki boşluğu bir qədər aradan qaldırmağı bacardı. Ancaq 0:3 hesabını dəyişməyə onun da gücü çata bilməzdi.

Aleksey İsayev - Oyununa qiymət verəcək qədər meydanda olmadı. Cəmi 13 dəqiqəyə heç nə edə bilməzdi.

Milli.Az


Etiketlər:  2 dəqiqəyə uduzan millinin ən zəif bəndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ