Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dollar ucuzlaşacaq?

Dollar ucuzlaşacaq?

Tarix: 11 Aprel 2023 01:04

Son zamanlar dolların digər valyutalar qarşısında zəifləyəcəyi haqqında proqnozlar və iddialar tez-tez səsləndirilir. Belə ki, proqnozlara əsasən, qlobal bazarlarda dollar ucuzlaşma tendensiyasındadır. Bloomberg Dollar İndeksi, ABŞ Mərkəzi Bankının (FED) bu il uçot dərəcəsini endirəcəyi gözləntiləri ilə keçən sentyabr ayında pik həddinə çatdıqdan sonra 10% düşüb.

Bununla bağlı oxu.az-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, ABŞ dollarının digər valyutalar qarşısında dəyər itirməsi və dəyər qazanması məsələsində bir neçə faktor var. Ötən illərdə dollar dəyər qazansa da, artıq bu hərəkətlilik zəifləməyə başlayıb:

"ABŞ dolları ötən illərdə bütün valyutalar qarşısında dəyər qazandı. Bu, Amerika Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi - FED) inflyasiya ilə bağlı apardığı siyasətin nəticəsi idi. Uçot dərəcəsinin artırılması ABŞ dollarının dəyər qazanmasını sürətləndirdi. Eyni zamanda Rusiya-Ukrayna məsələsi ilə bağlı risk çox yüksəldiyinə görə dollar digər valyutalardan güvənli valyuta hesab edildi və investorların alışının artması ilə qarşılaşdı. Bütün bunlar dolların dəyər qazanmasına gətirib çıxardı.

İndi risklərlə bağlı məqamlar bütün valyutalarda mövcuddur. Amma bu dollara təsirini bir az tez göstərdi. Nəticədə ABŞ valyutası dəyər itirməyə başladı. Həm resessiya qorxusu, həm risklər, üstəlik Amerika Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı qərarı, uçot dərəcəsində stabillik kimi faktorları nəzərdən keçirdikdə, cari ildə ABŞ valyutasının digərləri qarşısında dəyər itirdiyini müşahidə edirik".

Ekspert qeyd edib ki, ABŞ dollarının ticarətdə istifadə imkanlarının azalması faktoru da göz qabağındadır:

"Çin, Rusiya və digər ölkələr bir-biri ilə qarşılıqlı ticarətdə milli valyutadan istifadə etdiyindən, bu, ABŞ dollarına ehtiyacın kəskin azalacağı, dolların dəyər itirəcəyini haqqında fikirləri gücləndirir.

Əslində dolların hökmranlığına qarşı addımlar təxminən 20 ildən çoxdur başlayıb. Bir çox ölkələr öz aralarında milli valyuta ilə ticarət apararaq, dolların dominantlığını azaltmaq istəyirlər. Amma bu, istənilən səviyyədə effekt vermir, dolların dominantlığını ortadan qaldıra bilmir.

İstənilən halda, indiki situasiyada görünən odur ki, qlobal proseslər valyutalar üzərində dalğalanmanı, hərəkətliliyi davam etdirir. Dolların zəifləyəcəyi haqqında proqnozların özünü hansı səviyyədə doğruldacağı növbəti proseslərdən asılı olacaq".

Qeyd edək ki, baş ofisi Londonda yerləşən və aktivlərin idarə edilməsi ilə məşğul olan "Eurizon SLJ Capital" ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanın azalması ilə faiz dərəcələrini azaltmağa başlayacağı və gələn il dolların 10-15 faiz ucuzlaşa biləcəyi ilə bağlı proqnozunu bölüşüb. "Eurizon SLJ Capital" ekspertləri paylaşdıqları məlumatda dolların növbəti 4-6 rübdə enişini davam etdirə və 10-15 faiz ucuzlaşa biləcəyini proqnozlaşdırıblar.


Etiketlər:  Dollar ucuzlaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ