Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar? - VİDEO

Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar? - VİDEO

Tarix: 11 Aprel 2023 16:21

 "Çox danışma - çox düşün. Yaxşı həyat qanunudur". Qədim Roma imperatoru Mark Avrelinin deyimi sanki paslanmayan polad təkidir - illər keçsə də, rövnəqini itirmir.

Əfsuslar olsun ki, ölkəmizdə çox düşünüb az danışanların sayı az düşünüb çox danışanların sayından dəfələrlə artıqdır.

Hərşeyşünaslıq, verilən konkret suala mümkün qədər mücərrəd, qarışıq cavab verilməsi bir para "ekspert"lərlə yanaşı, bəzi millət vəkillərimizə də sirayət edib.

Onlar üçün deyilən kəlmələrin məzmunu, o kəlmələrdəki fikrin bitkinliyi və səbatı önəmli deyil. Əsas odur ekranda görünəsən, danışasan.

Jurnalist sual verdimi - Cəlil Məmmədquluzadənin məşhur personajlarından biri təki, "dəxi susma, danış, hərdənbir də barmağını qovza ki, dərin molla desinlər".

Siyasi elmlər, soyuqqanlı təhlil, erudisiya, mahiyyətdən bəhs edib problemi anlaşılan tərzdə təqdimat və s. - bütün bunlar həmin şəxslər üçün sxolastika ilə "Əl Əbcəd"in qarışığıdır ki, mümkün qədər uzaq dururlar.

Milli Məclisin deputatı Arzu Nağıyev kimi.

Məsələn, A.Nağıyev Azərbaycan-Gürcüstan münasibətlərinin indiki vəziyyəti və perspektivlərindən danışarkən "münasibətlərin rola təsirinin münasibətlərinin nəticəsi", "26 nəfər Gürcüstan əsilli azərbaycanlımızın 44 günlük Vətən müharibəsində şəhid olması ilə bağlı görüşlər keçirilirdi deyər, Bakı-Tbilisi müzakirələrini "söhbətlər aparılırdı" kimi təqdim etmək, iki dövlət arasında zirvə görüşlərini "bütün istiqamətlərdə, o cümlədən həsas təbəqə ilə bağlı" formasında şərh edər, İranın Azərbaycanla bağlı siyasətindən danışanda "onlar ölkəmizdə bir neçə dəfə İslam dövləti qurmaq istəyiblər" söyləyər.

Yaxud Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olması üçün təklif edilmiş "3+3" (Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, Türkiyə, İran) müzakirələr formatında A.Nağıyev Gürcüstanı "lider ölkə" saya bilər, erməni işğalı illərində həmin torpaqlardakı 67 məscidimizin 65-nin erməni qəsbkarlar tərəfindən viran qoyulmasını "ermənilər 60 məsciddə inək saxlayırdılar" kimi deyə bilər.

Hər şey ola bilər.

Təki danışılsın, suallara cavablar verilsin.

O cavablar nə dərəcədə məntiqidir, səhihdir və ən azı, anlaşılandır - vacib deyil ki.

Əsas məsələ ekranlarda görünməkdir.


Etiketlər:  Arzu Nağıyev danışır bəs sizə oldu həmkarlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ