Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 16:12
Azərbaycanın varlığını bütün dünya qəbul etmək məcburiyyətindədir və Ermənistan bunu həzm etməlidir.
Bunu TurkicWorld-a açıqlamasında Türkiyənin "Gap" jurnalistlər birliyinin rəhbəri Zeynel Abidin Kıymaz bildirib.
"Zaman-zaman dünyanın müxtəlif yerlərində bəzi hadisələrə idmançıların reaksiyaları olur, lakin bir dövlətin bayrağını təhqir etmək, onu yandırmaq yolverilməzdir. Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır-atletika yarışında Azərbaycan bayrağının yandırılmasına səbəb olanları şiddətlə qınayıram və bu tip zorakılıqlar qəbuledilməzdir", - deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, idman fəaliyyətlərində siyasi motivlərin olması idmanın ruhuna ziddir.
Z.A.Kıymaz Mustafa Kamal Atatürkdən sitat gətirərək: " Mən idmançının ağıllı, çalışqan və əxlaqlısını sevirəm", - deyə bildirib.
O, həmçinin, Ermənistanın Azərbaycan ərazilərində təxribat törədərək Azərbaycan əsgərlərinə atəş açması hallarını qınayıb.
Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.
Baş Prokurorluqda Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.