Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 17:06
Tanınmış modelyer Elnarə Bəkirova atası Kamran Bəkirovun qətli ilə bağlı cinayət işinin istintaqından narazıdır.
Sonxeber.net xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən vətəndaşın dediyinə görə, atasının qətlinin rayon prokurorluğunda deyil, Baş Prokurorluqda araşdırılmasını istəyir.
O deyib ki, atası xüsusi amansızlıqla Mustafa Zeynalov və Namiq Əliyev tərəfindən öldürülüb: "Atam o iki nəfərlə görüşə gedərkən üzərində kompüter çantasında 300 000 manat pul olub. Atamın öldürülməsinin səbəbi də həmin pulun ələ keçirilməsidir. Belə ki, Mustafa və Namiq atamın başına küt alətlə vurub, əlindəki pulu zorla alıb, daha sonra onu öldürüblər. Əvvəlcədən kirayə götürdükləri Ləhiş bağlarındakı evlərdən birinin quyusuna atıblar. Atam mütəşəkkil dəstə tərəfindən planlaşdırılmış ağır bir cinayətin qurbanıdır. Onunla Mustafa arasında olan vatsap danışıqlarından da məlum olur ki, atamla onun arasında 2021-ci ildən mütəmadi əlaqə olub. Hesab edirəm ki, atamın ölümündə əli olan başqa şəxslər də var və onlar azadlıqda gəzir. İbtidai istintaq orqanının qeyri-peşəkarlığı nəticəsində məsuliyyətə cəlb edilmirlər".
E.Bəkirova müraciətində iddia edib ki, Sabunçu Rayon Prokurorluğunun Vüsal adlı müstəntiqi cinayətin başvermə səbəbləri, cinayətkarların dairəsi kimi əhəmiyyətli halları kənarda qoyaraq əsasən pulla bağlı suallar verir: "Belə başa düşdüm ki, müstəntiqi narahat edən məsələ hadisə zamanı atamın üzərində olan 300 000 manat pulun kimə məxsus olmasıdır. Müstəntiq çalışır ki, mən atamın maddi vəziyyətinin pis olduğunu və həmin pulun ona məxsus olmadığını deyim. Atam kifayət qədər yüksək maddi imkana malik olub. Tikinti materiallarının satışı ilə məşğul olan ticarət mərkəzinin sahibi olub. Öldürüldüyü gün üzərində olan 300 000 manat onun özünə məxsusdur. Həmin pul bacım oğlunun kompüter çantasında olub və pulu bacım Günel də evdə görüb. Atam ona çantada 300 000 olduğunu bildirib".
Şikayətçi bildirir ki, ölümündən bir gün əvvəl atası ilə evdə görüşüb, atası ona yüksəkvəzifəli bir şəxslə iş quracağını deyib: "İşin nə olduğunu demədi. Həmin şəxslə görüşəcəyini bildirdi. Nədənsə atamın həmin şəxslə görüşməsini şübhəli hesab etdim və bildirdim ki, külli miqdarda pulla görüşə getmək təhlükəlidir. Atam adamın güvənilir şəxs olduğunu dedi. Görüşə getməmişdən əvvəl də əmim Vəkil Bəkirova qeyd yazıb. Orada Mustafa Zeynalovun adı, nömrəsi və 300 000 manat qeyd olunub. Atam "Saat 11-dək qayıtmasam, həmin nömrə ilə əlaqə saxla" deyib. Biz həmin gün Mustafaya zəng edəndə o, iki nəfərin adını çəkdi. Dedi ki, atam onlarla birlikdə ola bilər. Bundan sonra polisə müraciət etdim. Mustafa bölmədə cinayəti həmin iki nəfərin təşkil etdiyini, atamın həmin şəxslərlə problemi olduğunu, özünün icraçı olduğunu etiraf etdi.
Həmin adları müstəntiqə bildirmişəm. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi də məsuliyyətə cəlb olunmalıdır. Kimdir atamın dediyi vəzifəli şəxs? Niyə məsuliyyətə cəlb edilmir? Həmin adam vəzifəli şəxsdirsə, istintaqa təsir etmək imkanları var. Atamı öldürənlər barəsində yeni ittihamlar verilməli olduğunu düşünürük. Bütün bunları nəzərə alaraq cinayət işinin Sabunçu Rayon Prokurorluğunun icraatından götürülüb Baş Prokuorluğun İstintaq İdarəsinə verilməsini istəyirik.
Bundan başqa, baş vermiş hadisədən sonra ailəlikcə özümüzü təhlükədə hiss edirik. Atam iş adamı olduğu üçün çox adamın ona borcu olub. Bu səbəbdən anam, bacım, 4 övladımız və mən həyatımız üçün təhlükə hiss edirik. Bizim təhlükəsizliyimizin təmin edilməsini xahiş edirik".
Elnarə Bəkirovanın iddiaları ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirildi ki, Kamran Bəkirovun öldürülməsinə dair cinayət işinin istintaqı Sabunçu Rayon Prokurorluğunda davam etdirilir: "İş üzrə 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişində Elnarə Bəkirova zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq Cinayət Prosessual qanunvericilikdə müəyyən edilən hüquqları izah olunub və ifadəsi alınıb. Hazırda cinayət işi üzrə istintaq davam edir. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Bundan başqa, Elnarə Bəkirovanın sosial şəbəkə və mediada yayılmış oxşar məzmunlu müraciətində göstərdiyi xüsusatlar istintaqın gedişində tam, hərtərəfli və obyektiv yoxlanılaraq müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".
Xatırladaq ki, aprelin 6-da Sabunçu rayonunda 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
Prokurorluqdan bildirilib ki, hadisə Nardaran qəsəbəsində pul mübahisəsi zəminində baş verib. K.Bəkirovun küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.