Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2023 18:34
Millət vəkili Fazil Mustafa Azərbaycan milli komandasının Estoniyaya qarşı dünən keçirilən matçı barədə fikirlərini bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, deputat Avro-2024-ün seçmə mərhələsinin 1:1 hesabı ilə yekunlaşan bu görüşü barədə özünün Feysbuk səhifəsində paylaşım edib.
Fazil Mustafa yazıb ki, Estoniya ilə görüşdə gözləntimiz məğlubiyyət idi: "Şükür heç-heçə oldu. Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda. Meydanda oynayanların çoxu azərbaycanlıdır və Azərbaycan adına oynadıqlarını dərk etməlidirlər. Sən fədakarlıq et, uduzsan da tamaşaçı fədakarlığını alqışlayacaq".
O qeyd edib ki, hər şeyi baş məşqçi Canni De Byazinin boynuna atmaq olmaz: "Bir gün vaxt vardı. Məşqdən də önəmli dünən oturub kollektiv şəkildə Ermənistan millisinin oyununu seyr etmək lazım idi. Sadəcə Ermənistan adına oynayan insanların məsuliyyət və əzmkarlığını dərk etmək baxımından vacib idi. Hələ Xorvatiyanı demirəm. Türkiyə yığması da xorvatların oyununu izləməliydi. Öyrənmək üçün. Onsuz da xorvatlar Türkiyədə qalib gəlib dərs vermişdilər. Ay-ulduzlular Latviya ilə oyunda özlərindən o qədər müştəbeh idilər ki, təsadüf olmasaydı, son dəqiqədə heç-heç ilə sevinəcəkdilər. Hələlik hər ikisi də məyusedici bir komandadır".