Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 19:44
Bakı. Trend:
YAP Xətai rayon təşkilatının ilk ərazi təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Trend-in məlumatına görə, günümüzün əsas çağırışlarından olan sosial şəbəkələrdə fəallığın artrılması mövzusundan geniş bəhs edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycanın bugünkü uğurlarından danışdı. Bildirdi ki, 28 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarının miqyası geniş olmaqla yanaşı, gələcəyə daha böyük hədəflərlə irəliləməyə əsas yaradır. Təəssüf doğuran hal budur ki, Azərbaycanı istəməyən qüvvələr öz çirkin niyyətlərini, uğurlarımıza kölgə salmaq cəhdlərini, ən əsası dünyada sabitlik, təhlükəsiz ölkə kimi qazandığı imicə zərbə vurmaq istəklərini daxili bədxahlarımızın vasitəsilə gerçəkləşdirməyə səy göstərirlər.
H.Mirələmov diqqəti 19 oktyabrda keçirilən icazəsiz aksiyaya yönəldərək bildirdi ki, bir qrup təxribatçı ünsürlər xaricdən aldıqları qrantların müqabilində ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa can atılar. Lakin xalq-iqtidar birliyinin möhkəmliyi, asayişi yüksək səviyyədə qoruyan hüquq-mühafizə orqanlarının fədakarlığı sayəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı bu ünsürlərin əsl sifətini bir daha gördü. Belə qüvvələrə qarşı sərt mövqeyimizi sosial şəbəkələrdə bildirməli, onların əsassız təbliğatlarını Azərbaycanın reallıqları ilə cavablandırmalıyıq.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycana bu gün hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin bu gün Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Azərbaycan dövlətinin, cənab İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan islahatları beynəlxalq səviyyədə təqdir olunur, nüfuzlu maliyyə qurumlarının hesabatlarında mövqeyinin möhkəmlənməsini şərtləndirir. Ölkəmizin 28 illik müstəqillik tarixində əldə etdiyi davamlı uğurlar harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızda qürur hissi yaradır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, 10 milyonluq ölkəyik.
V.Rəhimzadə Azərbaycanı istəməyən qüvvələrin sosial şəbəkələrdə apardıqları əsassız, qərəzli təbliğata qarşı hər birimizin vətəndaşlıq təəssübkeşliyindən bəhrələnərək sərt mövqeyimizi ortaya qoymağımızın vacibliyini bildirdi. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı təşkilat olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşdirdiyi 750 minə yaxın üzvün hər biri bu işdə öz fəallığını nümayiş etdirməli, Azərbaycan reallıqlarının, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısına çevrilməlidirlər. Azərbaycanın uğurlarına qara eynəkdən baxmağa adətkar olan dağıdıcı ünsürlər 19 oktyabr icazəsiz aksiyaları ilə hansı məqsədə və kimlərə xidmət etdiklərini bir daha nümayiş etdirdilər.
Xətai Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Pənah İmanov Azərbaycanın günbəgün güclənən iqtisadi qüdrətindən, beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən geniş bəhs edərək bildirdi ki, bu gün dünyaya səs salan yeniliklərimiz, imza atdığımız uğurlar Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir.
P.İmanov sosial şəbəkələrdə fəallığın artırılması istiqamətində göstərilən səylərdən geniş bəhs edrək, YAP Xətai rayon təşkilatının özündə birləşdirdiyi hər bir ərazi ilk partiya təşkilatının üzvlərini fəal olmağa çağırdı: “Bu, bizim ümumi işimizdir. Çalışmalıyıq ki, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan xarici və daxili bədxahlarımızın əsassız cəhdlərini reallığa söykənən faktlarımızla cavablandıraq. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd olunduğu kimi, heç bir xarici qüvvə xalqımızın iradəsinə təsir göstərmək imkanında deyil. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında müstəqil siyasət yürütdüyünü təsdiqdəyir.”
Sonda YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək, gəncləri daha fəal olmağa çağırdı. Eyni zamanda, bildirdi ki, bu günün gəncləri müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin Azərbaycanı hansı faciələrlə üz-üzə qoymalarından xəbərsizdir, yaxud da onu tarix dərsliklərindən, böyüklərin dilindən eşidirlər. Onlara müstəqillik yolumuzun heç də hamar olmadığı, ən əsası bu gun hakimiyyətə can atan həmin ünsürlərin bir illik hakimiyyətləri dövründə ölkəni hansı duruma saldıqları barədə dolğun məlumatlar verilməlidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin