Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın doğum günüdür

Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın doğum günüdür

Tarix: 17 Iyul 2023 11:39

Bu gün Azərbaycanın ilk ombudsmanı, Beynəlxalq Sülh Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" dövlət ordenlərinin sahibi Elmira Süleymanova doğum gününü qeyd edir.

Elmira Süleymanova bütün həyat və fəaliyyəti dövründə yüksək ləyaqət, peşəkarlıq, Vətəninə sevgi ilə öz missiyasını elmə və xalqına xidmət etməklə həyata keçirib və keçirməkdədir. O bir çox işlərdə birinci olub və birinci olaraq da qalır.

Elmira Süleymanova Azərbaycan Dövlət Universitetini bitirib, 1980-ci ildə kimya elmləri doktoru, 1982-ci ildə isə professor elmi dərəcəsini alıb. Neft kimyası sahəsində 210 elmi məqalənin və 40-a yaxın ixtiranın müəllifidir. O, ictimai fəaliyyətə hələ 1980-ci illərdə başlayıb. 1988-ci ildə Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinə üzv olub, 1994-cü ildə Azərbaycan Qadın və İnkişaf Mərkəzinin əsasını qoyub, mərkəz BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu alıb. 1998-ci ildə ABŞ Elmira Süleymanovanı qadın və qızların hüquqlarının müdafiəsi sahəsində "Dünyanın 100 qəhrəman qadını"ndan biri kimi tanıyıb. O dəfələrlə BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarında iştirak edərək insan hüquqları sahəsində məruzələrlə çıxış edib. Onun səyləri ilə 2000-ci ildə Azərbaycanda yaşlı qadınlar üçün ilk resurs mərkəzi olan "Uşaqdan uşağa" uşaq sülhməramlı şəbəkəsi yaradılıb.

Kimya elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında əldə etdiyi nailiyyətlərə görə istedadlı alim 1979-cu ildə "SSRİ-nin fəxri kimyaçısı", parfümeriya, yeyinti və boya sənayesində tətbiq edilən ixtiralara görə isə "SSRİ-nin ixtiraçısı" fəxri adlarına layiq görülüb. E.Süleymanova 2000-2002-ci illərdə UNICEF nəzdində Şərqi Avropa və MDB ölkələri Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində uşaq hüquqları üzrə milli koordinator seçilib.

Elmira Süleymanovanın prinsipiallığı, fəallığı və təşəbbüskarlığı Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, onu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə tövsiyə etmişdir. 2002-ci il iyulun 2-də təkcə onun həyatında deyil, həm də ölkə tarixində əlamətdar hadisə baş verdi: Elmira Süleymanova Azərbaycanın ilk Ombudsmanı seçildi. Bir il sonra o, Beynəlxalq Ombudsman İnstitutuna və Avropa Ombudsman İnstitutuna, daha sonra isə Asiya Ombudsman Assosiasiyasına, İslam Ombudsman Assosiasiyasına, Uşaq Hüquqları üzrə Avropa Müvəkkilləri Şəbəkəsinə və bir sıra beynəlxalq insan hüquqları təşkilatlarının tərkibinə daxil edildi.

2015-ci ildə Asiya Ombudsmanları Assosiasiyasının vitse-prezidenti seçilib və UNESCO-da Azərbaycan Milli Komissiyasının üzvü olub. O, ABŞ, Türkiyə, Rusiya, Almaniya və Polşanın yüksək mükafat və medallarına layiq görülüb.

Ombudsmanın tövsiyəsi də nəzərə alınmaqla, Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilib.

Dövlət başçısının sərəncamı ilə E.Süleymanova bu sənədlərin həyata keçirilməsi üzrə İşçi qrupuna rəhbərlik edib.

Elmira Süleymanovanın Azərbaycanın inkişafı və tərəqqisi naminə fəaliyyətindən hələ çox yazmaq olar.

Elmira xanımı doğum günü münasibətilə təbrik edir və ona gələcək nailiyyətlər arzu edirik!

Milli.Az


Etiketlər:  Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın doğum günüdür


RƏYLƏR