Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2023 18:04
Türkiyənin "Baykar" texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın səsdən sürətli versiyası hazırlanır.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə "Baykar"ın texniki direktoru Selçuk Bayraktar deyib.
S.Bayraktar bildirib ki, hazırda "Kızılelma A" variantı üzərində işlər davam edir və qısa zamanda tamamlanması gözlənilir.
"Uçuş təhlükəsizliyini artırmaq üçün qabaqcıl alqoritmlər adlandırılan süni intellekt platformalarında araşdırma aparırıq. Amma bu araşdırmalar xüsusilə silahlı platformalarda insanları tamamilə əvəz edəcək şəkildə deyil. Buna görə də uçuş təhlükəsizliyi və təyyarənin ətrafını görüb başa düşməsini təmin edə biləcək alqoritmlər üzərində daha çox iş aparılır", - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma" 2021-ci ildə istehsal edilib. "Kızılelma"nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.
Xatırladaq ki, 25 aprel tarixində "Kızılelma" və "Akıncı" PUA ilk dəfə qol uçuşu həyata keçirib.
Bundan əlavə, 1 may tarixində dünyada ilk dəfə "Kızılelma" ilə F-16 qol uçuşu həyata keçirib.