Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2023 21:58
Yeni dərs ilinin başlamasına qısa zaman qalıb. İndi məktəbli övladı olan hər bir valideyn forma və ləvazimatın alış-verişinə başlayır.
Nazirlər Kabinetinin qərarına əsasən, 2023-24-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Hər kəs övladına məktəbli forması, ləvazimat almaq üçün müxtəlif mağazalara üz tutur.
Sonxeber.net bildirir ki, oxu.az-ın əməkdaşları məktəb ləvazimatlarının qiymətləri ilə maraqlanıblar.
Şəhərin müxtəlif yerlərində yerləşən mağazalara və metro üstündəki kiçik yarmarkalara baş çəkdik.
Bəzi satıcılar reportaj hazırlamağımıza görə etiraz etməsələr də, qiymətlər barədə mikrofonumuza danışmaq istəmirlər. Amma əksəriyyəti qiymət artımından gileylənir.
Satıcılar deyirlər ki, qiymətlərdə artımlar var:
"Biz də alıb, satırıq. Təbii ki, aldığımız malın qiymətinin üstünə pul qoyuruq. Qələm, karandaş, dəftər, çanta və sair - hamısında qiymət ötən ilə nisbətən artıb".
Mağazalarda çantaların qiyməti 20 manatdan başlayıb 150 manata qədər artır. Əgər uşağınız ibtidai sinfə gedəcəksə, ləvazimatlarla dolu məktəbli çantası ən aşağısı 60-70 manata başa gələcək.
Mağazalara mallar Rusiya, Türkiyə və Çindən gətirilir.
Yerli istehsal olan 48 vərəqli dəftər 80 qəpiyə təklif edilir. Rusiya istehsalı olan dəftərin qiyməti isə 1,4 manatdan başlayır.
Əgər 100 vərəqli dəftər alacasınızsa, yerli istehsal - 1,2, Rusiyadan gələn isə 2,4 manatadır...
12 vərəqli sadə dəftər üçün 20 qəpik, rəngli dəftər istəsəniz, 40 qəpik ödəməli olacaqsınız.
Mağazalarda qələmin qiyməti 40 qəpikdən başlayır. Sadə karandaşın qiyməti isə 30 qəpik - 1,7 manat aralığında dəyişir.
Karandaşyonanın qiyməti 1,5-dən 3,5 manata qədər, pozanın - 50 qəpikdən üç manata qədər, markerin qiyməti üç manatdan başlayır.
Qələm qablarının qiyməti dörd manatdan başlayır, 15-18 manata qədər artır.
Qovluqların qiyməti 60 qəpikdən başlayır, xətkeş - 40 qəpikdən 1,7 manata qədər, kitablıq - 7-10 manata qədərdir.
Baş çəkdiyimiz mağazalarda çox az sayda müştərilərə rast gəlirik. Gələnlər isə iki-üç əşyanın qiymətini soruşur, birini alıb çıxırlar. Kiçik yarmarka ilə mağazalarda satılan məhsulların arasında 20-30 qəpik fərq var.
Mağaza satıcıları isə bunu daimi fəaliyyət göstərməklə əlaqələndirirlər.
Onlar bildirirlər ki, yarmarkalar müvəqqətidir, mağazalar isə daimi:
"Bəzən müştərilər deyirlər ki, yarmarkada sizdən ucuzdur. Deyirəm ki, gedin, alın. Onsuz da, onlar müvəqqətidir və bağlandıqda mağazalara üz tutacaqsınız".
Valideynlər qiymətlərin ilbəil artmasından şikayətlənirlər:
"İki uşağa məktəb ləvazimatları almalıyıq. Ötən illə müqayisədə məhsullar daha bahadır. İki övladım üçün məktəb ləvazimatlarına ümumilikdə 250 manat pul xərcləmişəm".
Satıcı Cavid Kərimov deyir ki, əhali daha çox yerli istehsal olan ləvazimata üstünlük verir:
"Əslində, ötən illə müqayisədə qiymətlər çox artmayıb. Əhali də büdcəsinə uyğun məhsulu alır. Rusiya-Ukrayna müharibəsi də qiymət artımına çox təsir etdi. Biz nə qədər qiymət artırmamağa çalışsaq da, olmur. Xaricdən gələn çantaların, dəftərlərin və digər ləvazimatın qiyməti artıbsa, biz necə ötən ildəki kimi təklif edək?"
Məhsulların ötən və builki qiymətlərini müqayisə etdikdə artımın olduğunu müşahidə etdik.