Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 11:42
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan, Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
Əldə etdiyimiz məlumata görə, Ə.Məhərrəmli ilk olaraq dələduzluqda ittiham edilib, sonradan onun əməli hədə-qorxu ilə tələb etməyə tövsif edilib.
İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib.
Bir müddət sonra ana və qızı birgə polisə şikayət ediblər.
Ə.Məhərrəmliyə yekun olaraq Cinayət Məcəlləsinin 182.3.2-ci ( ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə S.Əkbərova və anası zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, daha əvvəl S.Əkbərova tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət etmişdi.