Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2023 21:16
Sonxeber.net kult.az-a istinadən tanınmış yazıçı-publisist Etibar Muradxanlının müsahibəsini təqdim edir.
- Son illərdə Urmiya gölünün quruması və İran hökumətinin bu təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər görməməsi Güney azərbaycanlılar arasında ciddi narazılıq doğurur. Ümumiyyətlə, Urmiya gölünün quruması hansı səbəblərdən baş verir?
- Urmiya gölünün quruması bir sıra səbəblərdən baş verir. Bu səbəbləri hələ bir neçə il bundan qabaq İran hökuməti özü araşdıraraq ictimaiyyətə bəyan edib. Təbii ki, şovinist fars rejimi Urmiya gölünün qurumasını təbii amillərlə əlaqələndirib. Fars rejiminin əlaqədar təşkilatları gölün qurumasının əsas səbəbi kimi iqlim dəyişikliyini göstərmişdi. Fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası, Urmiya gölünün suyunun həddindən artıq buxarlanması, göl yaxınlığında xeyli artezian quyularının qazılması, fermerlərin yerüstü su ehtiyatlarından istifadə etməsini və s. Urmiya gölünün qurumasının əsas səbəbləri kimi izah etmişdi. Bütün bu sadalanan və sadalanmayan bir sıra təbii amillər gölün qurumasına səbəb ola bilər. Amma zənnimcə, gölün qurumasının fəlakət halına çatmasında əsas səbəb yuxarıda qeyd etdiyim və İran Energetika Nazirliyinin mütəxəssislərinin gəldiyi son nəticə deyil. Çünki Urmiya gölündən cox da uzaqda olmayan Türkiyədəki Van gölünün suyunda bu illərdə azalama müşahidə edilməyib. Demək, əsas problem məsələyə münasibətdədir. Tədbirlərə gəlincə, əslində İran hökuməti Güney azərbaycanlıların təzyiqi altında bir sıra tədbirlər də həyata keçirib, kifayət qədər maliyyə vəsaiti də ayırıb. Hər halda, ictimaiyyətə belə məlumat verilib. Əslində isə həmin vəsait ya təyinatı üzrə istifadə olunmayıb, ya da ümumiyyətlə istifadə olunmayıb, yəni qərarların qəbulu da, maliyyə vəsaitinin ayrılması da gözdən pərdə asmaq məqsədi daşıyıb.
- Sizcə, İranın Urmiya gölünə qarşı soyuq münasibəti nədən irəli gəlir?
- Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. Urmiya gölünün sahil hissələri Cənubi Azərbaycanın Təbriz, Urmiya, Xoy, Marağa və sair kimi bölgələrini əhatə edir. Bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılır. Əslində, Urmiya gölü həm dövlət olaraq İranın özü, həm də Cənubi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan bir coğrafi məkandır. Amma indi İranı bu gölün nə sosial, nə iqtisadi, nə də ekoloji əhəmiyyəti maraqlandırır. Urmiya gölü İran üçün Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza bir təzyiq, bir təsir vasitəsi kim istifadə edilir. Dolayısı ilə İran iqtisadi, sosial, ekoloji potensiala malik olan və Xəzər dənizi nəzərə alınmazsa, Qərbi Asiyanın ən böyük gölü sayılan Urmiyanı öz siyası maraqlarının qurbanına çevirib. Bu münasibəti təkcə Urmiya gölünə aid etmək sadəlövhlük olardı. Şovinist rejimin bu münasibətini, İranın şimal-qərbində zəlzələdən əziyyət çəkən soydaşlarımıza qarşı münasibətdə də gördük. İran zərərçəkənlərə özü yardım etmədiyi halda, digər dövlətlərin də yardımına icazə verməmiş və soydaşlarımızı taleyin ixtiyarına buraxmışdı. Urmiya gölünə gəlincə, bilirsiniz ki, İran əsarətində yaşayan Cənubi azərbaycanlı soydaşlarımız zaman-zaman azadlıq mübarizəsinə qalxmış, amma şovinist fars rejimi həmişə azadlıq hərəkatını boğmaq və cənubi azərbaycanlıları assimilyasiyaya məruz qoymaq istiqamətində əllərindən gələni etmişlər. Buna baxmayaraq, güneyliləri hər zaman düşündürən fars əsarətindən qurtulmaq, azadlıqlarını təmin etmək olub. Cənubi Azərbaycanla Şimalı Azərbaycanın birləşmə xofu fars rejiminin əsas probleminə çevrilib. Cənubi Azərbaycanda yaşayan türklərin milli azadlıq hərəkatının inkişafı, hər il Babək qalasına yürüş, azərbaycanlıların "Traktor" futbol klubunun fəaliyyəti, İkinci Qarabağ müharibəsi zamanı cənublu soydaşlarımızın şovinist rejimin istəklərinin əleyhinə olaraq müxtəlif vasitələrlə Azərbaycana mənəvi dəstək verməsi İranın Güneyə qarşı düşmən mövqeyini daha da dərinləşdirir. Bunun İranın daxili və xarici syasətinin prioriteti olması danılmazdır və son illərdəki bütün fəaliyyətində açıq-aşkar görünür.
- Urmiya gölünün quruması hansı fəsadlarla nəticələnə bilər? Ümumiyyətlə, gölün quruması ilə, İran hökuməti nə qazana bilər, yaxud cənublu soydaşlarımız nə itirə bilər?
- Əslində, Urmiya gölünün quruması İran hökumətinin iqtisadiyatına çox ciddi mənfi təsir göstərə bilər. Bu, ərazidə yaşayan insanların sosial həyatlarının məhv olması deməkdir. Güney Azərbaycan, Azərbaycan və Türkiyə ciddi şəkildə ekoloji problemlərlə qarşılaşacaq. Duz qasırğası gölün 500 kilometr radiusunda yaşayan on milyonlarla sakinə təsir edəcək.
Amma yuxarıda dediyim kimi, bu gün İranı Urmiya gölünün nə sosial, nə iqtisadi, nə də ekoloji əhəmiyyəti maraqlandırır. Bu, güneyli soydaşlarımıza düşmən münasibətin nəticəsidir. Bununla İran cənublu soydaşlarımızı bir tərəfdən azadlıq arzularına, öz ana dillərində təhsil hüququ əldə etmək və sair istəklərinə görə cəzalandırırsa, digər tərəfdən ərazidən köçmək məcburiyyətində saxlamaqla, kompakt yaşamaq imkanlarını məhdudlaşdırmaq, milli azadlıq arzularını boğmaq məqsədi daşıyır.
- Bu gün güneylilər Urmiya gölünün qurumasının qarşısını almaq üçün hansı vasitələrdən istifadə edirlər?
- Bu gün deyil, Urmiya gölü qurumağa başladığı ilk illərdən güneylilər müxtəlif formalarda etirazlarını bildiriblər. Urmiya gölünün quruması, dövlətin bu işlərə cavabdeh qurumlarının biganəliyi cənublu soydaşlarımızın millətçi və ətraf mühitin qorunması üzrə fəalları arasında ciddi etirazla qarşılanıb. Onlar haqlı olaraq Urmu gölünün qurudulmasının planlı şəkildə olmasını düşünərək müxtəlif illərdə etiraz aksiyaları keçiriblər. Təbriz və Urmiya şəhərlərində toplaşan çoxlu sayda mitinq iştirakçıları "Urmu gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu", "Səddləri sındırın, Urmu gölün doldurun", "Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq" kimi şüarlarla etirazlarını bildirmişdilər. İran rejiminin laqeyd, hətta düşməncəsinə münasibəti, sonradan aksiyalara siyasi xarakter verdi və "Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir" kimi şüarlarla daha da dərinləşməyə başladı. Təbrizdən, Urmiyadan, Xoydan, Ərdəbildən, Marağadan və s. yerlərdən minlərlə azərbaycanlı gölün sahilinə gələrək gölə rəmzi su tökdülər. Amma aksiya İran hökumətinin güc strukturları tərəfindən amansızcasına dağıdıldı, aksiya iştirakçılarının fəalları həbs edildi.
- Bəs beynəlxalq səviyyədə bu fəlakətin qarşısının alınması istiqamətində nə kimi tədbirlər görülüb?
- Urmiya gölü 1967-ci ildə UNESKO tərəfindən qoruq elan olunub. Bundan başqa, göl qorunan təbii ərazilər sırasına daxil edilib. Amma bilirsiniz ki, adını islam respublikası qoyan İran rejimi qapalı bir dövlətdir və beynəlxalq qurumların qəbul etdiyi qərarları qəbul etməyə bilir.
Beləliklə də Urmiya gölü dünyanın gözü qarşısında qurumaqda davam edir.
Təkcə Urmiya gölü ilə əlaqədar deyil, İkinci Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı proseslərdə də biz İranın Azərbaycana qarşı məkrli siyasətinin şahidi olduq. 11 sentyabrdan Ermənistanda Ermənistan-ABŞ hərbi təlimləri başlayıb. ABŞ-İran münasibətlərinin nə qədər kəskin olduğunu bilirik. Amma indi ABŞ-ın Cənubi Qafqazda Ermənistanla birgə hərbi təlimlər keçirməsinə susması İranın Azərbaycana və Cənubi Azərbaycanda yaşayan türklərə qarşı öz düşmənləri ilə də dostluq etməyə hazır olduğundan xəbər verir. Hansı ki, İran İsraillə Azərbaycanın dostluq əlaqələrinə həmişə, yumşaq desək, tənqidi münasibət bildirib.