Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 16:48
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Sahakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb ediliblər.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
"Araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma "Dağlıq Qarabağ Respublikasının prezidentləri" və "prezidenti vəzifəsinin müvəqqəti icraçısı" və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilib
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə qeyd edilib.