Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 22:18
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) lideri Ərsin Tatar Bakıda jurnalistlərin suallarına cavab verərkən, "Bilirik ki, Avropa Birliyi və bəzi ölkələr bizə görə Azərbaycana təzyiq göstərməyə çalışırlar. "Qəti şəkildə Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanımayın" deyə narahatlıq yaradırlar" dedi. KKTC Cümhurbaşqanının sözlərindən aydın oldu ki, söhbət yalnız Yunanıstan və Kipr Yunan Respublikasından getmir, Avropanın digər dövlətləri də rəsmi Bakını xəbərdar etməyə çalışırlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Azərbaycan AB üzvü deyil, buna görə də Brüssel və ya Paris Bakının KKTC-ni rəsmən tanımaq qərarına qarışa bilməz:
"Digər tərəfdən Azərbaycanın KKTC-ni tanımasına qədər başqa zəruri addımlar atılmalıdır. Ərsin Tatar da jurnalistlərə verdiyi açıqlamada, "tanınma məsələsi bir qədər sonra da ola bilər" deməklə rəsmi Bakını tələsdirmədiyinə işarə verib.
Birincisi, Azərbaycanla KKTC arasında iqtisadi və ticarət əlaqələrinin qurulmasına ehtiyac var. Ərsin Tatar da ilk növbədə bu mövzuya diqqət ayırmağı lazım bilib.
İkincisi, Bakı ilə Lefkoşa arasında birbaşa təyyarə reysinin açılması zəruridir. Azərbaycan vətəndaşları KKTC-yə getmək istəyərkən bunu İstanbul üzərindən reallaşdırmaq məcburiyyətindədir. Birbaşa təyyarə reysləri əlaqələrin inkişafında müstəsna rol oynaya bilər. KKTC öz ali təhsil müəssisələri ilə məşhurdur. Birbaşa təyyarə reysləri KKTC universitetlərində təhsil alan azərbaycanlı gənclərin işini də asanlaşdırar. KKTC həm də turistik məkandır. Birbaşa təyyarə reysləri iki dövlət arasında turizmə də təkan verər.
Üçüncüsü, Azərbaycanın KKTC-də ilkin mərhələdə nümayəndəliyinin açılmasına ehtiyac var. KKTC-nin Azərbaycandakı nümayəndəliyi illərdir fəaliyyət göstərir, eynisinin də paytaxt Lefkoşada fəaliyyəti mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğuladı. "Kuzey Kıbrısın bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq" deyən dövlət başçısı bununla iki dövlət arasında əlaqələrin daha üst səviyyəyə qalxacağına işarə etmiş oldu. Bu açıqlamadan sonra KKTC Cümhurbaşqanının Bakıya gəlişi bu siyasətin tərkib hissəsidir".