Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yamanlığa yaxşılıq: Xəyanət etdiyi adam onu mafiyanın cəngindən qurtardı - FOTOlar

Yamanlığa yaxşılıq: Xəyanət etdiyi adam onu mafiyanın cəngindən qurtardı - FOTOlar

Tarix: 2 Noyabr 2023 16:20

"Qalatasaray"ın hücumçusu Mauro İkardi daim qalmaqalların iştirakçısı olub. Argentinalı futbolçunun karyerasından çox şəxsi həyatı gündəmə gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, gənc yaşlarında hər kəs onun istedadından danışırdı. Ancaq hər şey bir anda dəyişdi. Yaşıdları vurduğu qollarla manşetlərin bəzəyinə çevrildiyi vaxtda İkardi sevgi üçbucağının mərkəzində yer aldı. Onun yaxın dostu Maksi Lopezin həyat yoldaşı Vanda Narayla eşq yaşadığı üzə çıxdı.

Bundan sonra qınaq obyektinə çevrildi. Hər kəs onun bu addımını tənqid etməyə başladı. Klub rəhbərliyi və komanda yoldaşları belə onun hərəkətindən xoşhal deyildilər. Hətta həmyerlisi, başı eyş-işrət işlərindən açılmayan Dieqo Maradona belə onu xain adlandırdı.

Bunun səbəbi Maksinin Mauronun nəinki həyatında, hətta karyerasındakı uğurlarda pay sahibi olması idi. O, daim gənc dostuna dəstək olur, hər bir addımında yol göstərirdi. Hətta İkadrdini ailəsinin üzvünə belə çevirmişdi. Ancaq sonda yanan Lopezin özü oldu.

Maksi bu dövrdə ətrafından böyük dəstək gördü. Hər kəs ona yaxın olan iki insanın xəyanətdinən sonra toparlanması üçün nəsə etməyə çalışırdı.

Hətta bu hadisədən bir müddət sonra keçirilən "Sampdoriya" - "İnter" matçından əvvəl Maksinin Mauronun əlini sıxmaması onun xəyanəti bağışlamaq fikrində olmadığını göstərdi. Komanda yoldaşları həmin oyunda İkardiyə qarşı aqressiv idilər.

Öldürməkdən söz düşmüşkən, Siciliya mafiyası da baş verənlərə biganə qalmamışdı. Bir şəxs Maksi Lopezə zəng edərək razılıq verəcəyi təqdirdə İkardini cəzalandıra biləcəklərini bildirib. "İkardinin ayaqlarını sındırıb futbol həyatına son qoymaq istəyirsən?" sözlərini eşidən argentinalı futbolçu üçün intiqam almaq fürsəti yaranmışdı. Ancaq bir müddət düşündükdən sonra onunla əlaqə quran mafiya üzvünə buna ehtyac olmadığını bildirdi. Mafiyanın nümayəndəsi isə israrla onu fikrindən döndərməyə çalışdı. Lopezə dəfələrlə zəng etsə də, onu razı sala bilmədi.

Mafiya vaxtı ilə Siciliyanı təmsil edən "Kataniya"da çıxış edən forvardın qurbana çevrilməsinə razı deyildi. Ancaq Maksi keçmiş dostuna qarşı qəddar davranmaq fikrindən xeyli uzaq idi. Buna görə qərarını dəyişmədi.

İllər ötsə də, İkardi dostuna qarşı etdiyi xəyanətin iziylə yaşadı. Onun həyatı, seçimləri daim müzakirə mövzusu oldu. Hətta bu hərəkətinə görə milli komandadan belə uzaq düşdü və Lionel Messiylə münasibətləri pozuldu.

Uzun illər futbol dünyasında danışılan bu hadisənin sonu Maksi Lopezin Mauro İkardini bağışlamasıyla nöqtələndi: "Həyatım boyunca xoşbəxt olmağa və xoşbəxtliyə bağlı yaşam tərzi seçməyə üstünlük verdim. Vanda ilə evliliyim uğursuz olsa da, onun sayəsində ata oldum. Həyat davam edir və mən belə yaşamağı seçdim, enerji və xoş xatirələrlə. Məncə, bu ən yaxşısıdır. Hər kəsin həyatı boyunca üzləşdiyi problemlər və onların nəticələri olur. Ancaq həyatınız bu problemlərin öhdəsindən necə gəlməyinizdən asılı olaraq dəyişir. İkardini bağışlamışam, onunla heç bir problemim yoxdur. Həyatdakı məqsədim, futbolla yanaşı yaxşı insan olmaq və uşaqlarımla xoşbəxt olmağa çalışmaqdır. Keçmiş geridə qalıb. Uzun müddət əvvəl bağladığım bu səhifə artıq mənə təsir etmir".

Milli.Az


Etiketlər:  Yamanlığa yaxşılıq Xəyanət etdiyi adam mafiyanın cəngindən qurtardı FOTOlar


RƏYLƏR