Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan daha nə etməlidir ki, Kreml əl çəksin? - Babacanyan

İrəvan daha nə etməlidir ki, Kreml əl çəksin? - Babacanyan

Tarix: 11 Noyabr 2023 21:34

Ermənistan Rusiyanı artıq müttəfiq və dost hesab etmədiyini göstərmək üçün hər şeyi edir, Rusiya isə əksinə, Ermənistanın müttəfiqi və strateji tərəfdaşı olduğunu iddia etməkdə davam edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni siyasi şərhçi Avetis Babacanyan qeyd edib.

O bildirib ki, Nikol Paşinyan daha çox Qərb ölkələrinin liderləri və xarici işlər nazirləri ilə ünsiyyət qurur, Rusiya ilə yox:

"Bu həftə o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla, ondan əvvəl isə İrəvanda Almaniya, Fransa, Kanada və Macarıstanın xarici işlər nazirləri ilə görüşüb. Əvəzində Paşinyan KTMT və MDB dövlət başçılarının görüşlərində iştirak etmək üçün dəvətləri qəbul etməkdən imtina edib. Paşinyanın sonuncu dəfə Rusiya prezidenti ilə nə vaxt görüşdüyünü və ya Rusiya xarici işlər nazirinin İrəvana səfərini xatırlamaq çətindir. Ötən gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclası olub, lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmin iclasda iştirak etməkdən imtina edib. Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova deyir ki, Qriqoryan görüşdə iştirak etməsə də, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononu Ermənistanda qəbul edib, amma vacib olan odur ki, Ermənistan həmin görüşdə Ermənistanın Rusiyadakı səfiri səviyyəsində iştirak edib. Belə görünür ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi üçün rusiyalı həmkarı Nikolay Patruşevlə görüş yox, Lui Bono ilə görüş önəmli idi. İndi Ermənistanın müttəfiqi kimdir - ABŞ, yoxsa Rusiya?"

Babacanyanın sözlərinə görə, Ermənistan hökuməti KTMT tədbirlərində iştirakla bağlı bütün dəvətlərə məhəl qoymursa, Ermənistanı KTMT üzvü saymaq olmaz:

"Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanla Rusiya arasında münasibətlərin pozulmasında Qərbi günahlandırmaq istəyir: "Hazırda Ermənistanı fəal şəkildə ovlayan Qərb ölkələri Rusiya Federasiyasına qarşı onunla dostluq etmək istəyir". Lavrovun məntiqi belədir. Ermənistanla Rusiya arasında münasibətlər Rusiyanın uğursuz və ya uğurlu xarici siyasətinə görə yox, Qərb dövlətlərinin Ermənistana xitab etməsinə görə pisləşir. Əks halda Ermənistan Rusiyanın təsiri altında qalmaqda davam edərdi. Lavrov onu da deyir ki, Ermənistanın öz baxış bucağı, mövqeyi yoxdur, sadəcə olaraq yaltaqlanır, aldadılır və Ermənistan həmin vədlərə inanaraq Rusiyaya qarşı dostluq edir. Rusiya Qərb dövlətləri ilə hər hansı əməkdaşlığı özünə qarşı hərəkət kimi qəbul edir".

O iddia edib ki, Qarabağda baş verənlərdən sonra Rusiya və Ermənistan artıq yaxın müttəfiq və ya strateji tərəfdaş deyillər:

"Ermənistanın Rusiya ilə müttəfiqlik müqavilələrinin pozulduğunu elan etməyə cəsarəti çatmır, çünki qorxur ki, yaxın müttəfiqi və strateji tərəfdaşı olan Rusiya Azərbaycanı özünə cəlb edə və onun Ermənistanın digər ərazilərini də ələ keçirməsinə kömək edə bilər. Ermənistan istəyir ki, Rusiya Ermənistandan özü çıxsın, Paşinyanın dediyi kimi: "Ermənistan KTMT-ni tərk etmir, amma KTMT Ermənistanı tərk edir". Ancaq Sergey Lavrov və onun mətbuat katibi Mariya Zaxarova bəyanatlarında açıq şəkildə bildirirlər ki, Ermənistanın bütün səylərinə baxmayaraq, Rusiya Ermənistanı tərk etmək fikrində deyil, çünki Ermənistanın münasibətindən asılı olmayaraq, Ermənistanı "yaxın müttəfiq və strateji tərəfdaş" hesab edir".

Milli.Az


Etiketlər:  İrəvan daha etməlidir ki Kreml əl çəksin Babacanyan


RƏYLƏR