Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 21:30
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin KİV-ləri noyabrın 24-də Proqramın Bakıda keçirilən Zirvə görüşünü, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin Sammitdəki çıxışı zamanı səsləndirdiyi fikirləri və tədbir çərçivəsində keçirilən görüşləri geniş işıqlandırıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın "Moskovskiy komsomolets" qəzeti Azərbaycan Liderinin çıxışına istinadla 2026-cı ilədək Qarabağa və Şərqi Zəngəzura 140 minədək keçmiş məcburi köçkünün doğma yurduna qayıdacağını bildirib. Qəzet azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin inşa olduğunu diqqətə çatdırıb.
TASS agentliyi Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda ilkin mərhələdə 100 yaşayış məntəqəsinin bərpa olunacağını bəyan etdiyini bildirib. Agentlik xatırladıb ki, Prezident İlham Əliyev bir müddət əvvəl 2024-cü ildə Qarabağda bərpa işlərinə büdcədən 2,4 milyard dollar ayrılacağını vurğulamışdı.
Bu ölkənin "Arqumentı i faktı", "News.ru", "Lenta.ru", "Profile.ru" nəşrlərində, telekanallarında və radiolarından yayımlanan informasiyalarında da Azərbaycan Prezidentinin Zirvə görüşündə səsləndirdiyi fikirlərə geniş yer verilib.
Bundan başqa, Qazaxıstanın "The Astana Times" nəşrində dərc olunan məqalədə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşünə geniş yer ayırıb. Müəllif Prezident İlham Əliyevin bu fikirlərini oxucuların diqqətinə çatdırıb: "Son illər ölkələrimizin hökumət üzvləri arasında, şirkətlər arasında rəsmi səfərlər çərçivəsində bizim aramızdakı təmasların dinamikası əyani şəkildə görünür. Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu, çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür".
Türkiyənin "Star", "Ensonhaber" nəşrləri isə Prezident İlham Əliyevin Ermənistan barədə fikirlərinə geniş yer veriblər. Bildirilib ki, Azərbaycanın dövlət başçısı bununla bağlı deyib: "Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar".
Qardaş ölkənin "Haberler" portalında yayımlanan məlumatda isə qeyd olunub ki, Azərbaycan Prezidenti SPECA yarananda üzv ölkələrin dövlət müstəqilliyinin ilk addımlarını atdıqlarını, qarşıda bir çox problemlərin, çağırışların durduğunu, son 25 ildə isə əsas çağırışların arxada qaldığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev ötən müddətdə bu ölkələrin suverenliklərini möhkəmləndirdiklərini, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrildiklərini və iqtisadi cəhətdən sürətlə inkişaf etdiklərini vurğulayıb. O, bunu həmin dövlətlərin və xalqların böyük nailiyyəti və uğuru kimi qiymətləndirib.
Qırğızıstanın "Akipress" saytının isə bu ölkənin Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevlə görüşünə dair məlumat yayıb. Məlumatda görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğun ifadə olunduğu, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələrin aparıldığı qeyd edilib.
Zirvə görüşü Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Bu ölkənin "realnews.ge", "sputnik-georgia.ru", "qafqazturk.com", "aktual.ge", "interpressnews.ge", "24news.ge", "1tv.ge", "kavkasia.net", "adjaratv.ge", "newsday.ge" portalları tədbir barədə silsilə materiallar dərc ediblər.
Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan xəbərlərdə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşünün əhəmiyyəti xüsusi qeyd olunur.
İnformasiya portalları və televiziyalar, eyni zamanda, Azərbaycan Prezidentinin Zirvə görüşündəki çıxışı və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü barədə də informasiyalar yayıblar.
"Kavkasia.net" portalında dərc olunan materialda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: "Dünyada eyni vaxtda iki və ya daha çox stulda oturmaq, bir neçə ağaya qulluq etmək istəyən və özlərini daha böyük dövlətlər arasında qarşıdurma meydanına çevirən bir çox uğursuz asılı ölkələr var. Onlardan biri də Ermənistandır.
Belə ölkələri, sözün əsl mənasında, müstəqil adlandırmaq olmaz. Belə ölkələrin siyasəti öz xalqının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir".
"Realnews.ge" saytında yayılan xəbərdə də Prezident İlham Əliyevin çıxışından fikirlər oxuculara çatdırılıb. Materialda bildirilib: "Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir". Eyni zamanda, bildirilib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.
Portalın digər xəbərində isə deyilir ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Dövlətimizin başçısının nitqindən gətirilən digər sitatda qeyd olunur: "İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. "Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq".
"Aktual.ge" portalında yayılan materialda isə vurğulanıb: "Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür".
"Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib", - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
"Qafqazturk.com" dərc olunan xəbərdə dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib: "Azərbaycanda əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib".
"Sputnik-georgia.ru" saytı Azərbaycan Prezidenti ilə Gürcüstan Baş nazirinin görüşü barədə material yayıb. Xəbərdə deyilir ki, görüşdə əsas diqqət iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə yönəldilib və Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu bildirilib.