Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 16:30
"Son günlər ekspertlərin studiyaya pənah gətirən çarəsiz insanları alçaltması, həmin şəxsləri təhqir etməsi ənənə halını alıb. Biri onun geyiminə irad tutur, biri davranışını tənqid edir, bəzən şəxsin heç etmədiyi davranışı belə onun boynuna qoymağa çalışırlar, biri studiyada saatı yerə atır və onu ayağı ilə qırır..."
Sonxeber.net bildirir ki, bu sözləri yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edənlər əvvəlcə özləri cəmiyyətə nümunə olmağı bacarmalıdır:
"Ekspert verilişə niyə gəlir, onun işi savadlı, dünyagörmüş şəxs kimi başqalarına nümunə olmaqdır. Ekspertin kiminsə geyiminə irad tutmağa haqqı çatmır. Studiyaya gələn adam düşdüyü vəziyyətdən çıxış yolu axtarır, deməli, öz ailəsində məsələni həll edə bilməyib, məcbur olub bunu ictimailəşdirib. Heç kəs istəməz ki, problemini efirdə müzakirə etsin, hamının ətrafı, dostu-tanışı var. Görün o şəxs necə çarəsiz qalıb ki, bunu efirə çıxarıb.
Bəzi ekspertlərin özünün başına ağıl qoyan lazımdır. Mən efirə baxıram, ekspertləri dinləyirəm və görürəm ki, artıq ekspertlər ağıllı məsləhətlər vermirlər. Efirə Rəşid Mahmudov kimi insanlar lazımdır. Onlar gələn qonağa da, studiyadakı digər şəxslərə də hörmətlə yanaşır, problemi çözməyə çalışırdılar.
Bu günsə psixoloq efirə çıxıb başqa söhbətlər edir. Şair, hüquqşünas, həkim, psixoloq çıxıb efirdə qışqır-bağır salır, qarşısındakını təhqir edir. Dinləmə mədəniyyəti, efir mədəniyyəti kimi anlayışlar var, bunu unutmaq olmaz".
Psixoloq bəzən aparıcıların reytinq xətrinə studiyadakı qalmaqalın böyüməsinə şərait yaratdığını açıqlayıb:
"Niyə ekspert efirdə təhqir olunmalıdır? Niyə şikayət üçün gələn şəxs ekspertə deməlidir ki, sən kimsən? Özüm bilərəm nə geyinərəm, al, ver, geyinim. Niyə bu sözü özünə dedirdirsən, axı sən ekspertsən.
Bu gün aparıcılar reytinq yığmaq xətrinə nələr edirlər, gələn şikayətçini alçaldırlar, hamını qızışdırıb onun üstünə salır, sonra aranı sakitləşdirib özləri çıxış etməyə başlayırlar ki, o da azərbaycanlıdır, kömək etməliyik. Yaxşı, kömək etmək lazımdırsa, niyə 1 saatdır studiyada qırğın-qiyamətin qopmasına şərait yaradırsan?!
Adları ekspertdir, amma özləri bazar arvadlarından fərqlənmir. Bazardakı insan deyəndə onlara belə haqsızlıq edirəm, çünki bazardakılar öz malını satmaq üçün qışqırırlar, ona görə hay-küy düşür, amma ekspertlər eyni mövzu üzərindən bir ağızdan çığırışırlar. Hamı mikrofonu əlinə alır və qışqırır. Niyə?! Axı siz ekspertsiniz, siz cəmiyyətin sayılan, seçilən üzvlərisiniz, hörmətli qonaq kimi efirə dəvət olunmusunuz. Nəyi nümayiş etdirirsiniz? Sizə baxan gənclər hansı tərbiyəni götürsünlər?!"